"Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub. Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından yeni imkanlar yaradacaq. Nəzərə alaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir".
Vüqar Bayramov qeyd edib ki, Füzuli rayonuda formalaşdırılacaq infrastruktur Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək:
"Bu dəhliz isə "Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli rayonundakı hava limanın əhəmiyyətini daha da artıracaq. Hava limanının inşası eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımdan da vacib hesab olunur və nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsini müşahidə edəcəyik. Qarabağımız və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun".
Bahar Rüstəmli
Şərhlər