Ölkə 14:00 22.06.2021

"Gənc Psixoloqlar" yeni layihə həyata keçirir

"Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsi çərçivəsində yerli əhali qrupları ilə görüşlərin təşkili davam edir.
 
Görüşlər zamanı "Gənc Psixoloqlar" İB-nin psixoloq və mütəxəssisləri müharibənin psixoloji fəsadlarını bu və ya digər dərəcədə öz üzərində hiss etmiş qadınlar və digər həssas əhali qrupları ilə müzakirələr aparır, onların üzləşdiyi psixoloji və emosional sarsıntıların aradan qaldırılması və psixi sağlamlıqlarının dəstəklənməsi istiqamətində faydalı tövsiyələr verir. Həmçinin, ehtiyacı olan zərərçəkmişlər üçün təmənnasız fərdi görüşlər təşkil edilir.
 
Qeyd edək ki, BMT-nin Əhali Fondunun dəstəyi ilə "Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra edilən layihə müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutur və Ağdam, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Göygöl, Gəncə, Ağcabədi şəhər və rayonlarını əhatə edir.