Xəbər lenti

Gənclər artıq avtomobil sahibi olmaq istəmir - Səbəblər açıqlandı
Dünya 08:15 06.07.2026

Gənclər artıq avtomobil sahibi olmaq istəmir - Səbəblər açıqlandı

Avtomobil sənayesində uzun müddətdir gözlənilən durğunluq mərhələsi başlayıb. 

Qaynarinfo xəbər verir ki, "Bain & Company” tərəfindən hazırlanmış və CNBC tərəfindən yayımlanan təhlilə əsasən, ABŞ avtomobil bazarı tarixinin ən çətin rəqabət dövrlərindən birinə daxil olub. Sektor iştirakçıları artıq yalnız iqtisadi göstəriciləri deyil, həm də cəmiyyətin demoqrafik və davranış dəyişikliklərini nəzərə almağa məcburdurlar.

Sektorun əvvəlki inkişaf strategiyaları hər il təxminən 1 faiz əhali artımı gözləntisinə əsaslanırdı. Hazırda isə əhali artımının tempi xeyli zəifləyib. Doğum səviyyəsinin aşağı düşməsi və miqrasiya axınlarının azalması potensial alıcı bazasını daraldır. Bununla yanaşı, nəqliyyat seçimlərinin dəyişməsi və yeni avtomobillərin bahalaşması bazarın transformasiyasını sürətləndirən əsas amillər kimi göstərilir.

"AutoForecast Solutions”un məlumatına görə, gənclər şəxsi avtomobil sahibi olmaq əvəzinə nəqliyyat ehtiyaclarını "Uber” və "Lyft” kimi paylaşımlı nəqliyyat platformaları vasitəsilə qarşılamağa üstünlük verirlər. "Bain & Company”nin hesabatına əsasən, 1966–1984-cü illərdə 16 yaşlıların təxminən 70 faizi sürücülük vəsiqəsi alırdısa, hazırda bu göstərici 50 faizədək azalıb.

Təhlilə görə, ABŞ-da təxminən bir milyon potensial avtomobil alıcısı müxtəlif iqtisadi səbəblərdən bazardan kənarda qalıb. Hazırda bazarda qiyməti 20 min dollardan aşağı olan yeni avtomobil tapmaq demək olar ki, mümkün deyil. Yeni avtomobillərin orta satış qiyməti isə təxminən 50 min dollardır. Son dörd ildə aylıq avtomobil krediti ödənişləri 30 faiz artıb. Yeni verilən hər beş avtomobil kreditindən biri üzrə aylıq ödəniş 1000 dolları ötür.

Avtomobil sahibliyi modelinin dəyişməsi nəticəsində yollardakı avtomobillərin orta istismar müddəti də uzanır. 2000-ci ildə dövriyyədən çıxarılan və ya utilizasiya edilən avtomobillərin payı 6 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 5 faizə enib. 2040-cı ildə isə həmin göstəricinin 4,4 faizə qədər azalacağı proqnozlaşdırılır.

Yeni avtomobil satışlarında əsas payı 55 yaşdan yuxarı istehlakçılar təşkil edir. Buna qarşılıq, 18–34 yaş qrupu üzrə yeni avtomobil qeydiyyatının payı 10 faizdən aşağı düşüb.

"Bain” şirkətinin ortağı Mark Qotfredson avtomobil istehsalçılarının qarşısındakı vəziyyəti belə izah edir: "Xüsusilə ABŞ-da bazar son dərəcə amansız rəqabət mühitinə çevriləcək. İstehlakçılar uğrunda çox sayda marka mübarizə aparır. Bazarın konsolidasiyası qaçılmazdır".

İstehsalçılar isə daha əlverişli sedan modellərə tələbatın olduğunu görsələr də, daha yüksək mənfəət gətirən iri SUV modellərinə üstünlük verməyə davam edirlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->