Bir neçə gündür karqolarla bağlı problemlər yaranıb. İddialara görə, ölkəyə idxal olunan məhsulların gömrük rüsumunun 50 faizə yaxın bahalaşması gözlənilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, bir neçə sahibkarın malı Bakı Baş Gömrük İdarəsində saxlanılır. Bu isə iş adamlarının təşvişinə səbəb olub.
Qeyd edək ki, bu vaxta qədər karqolar ölkəyə daxil olan təsərrüfat və başqa sahələrə aid malların kubunu gömrük haqqı ilə birgə 250-280 dollar civarında rəsmiləşdirirdi. Bahalaşmadan sonra isə bu məbləğin 400 dollar və daha çox olması gözlənilir.
Sahibkarların bildirdiyinə görə, əgər bu dərəcədə bahalaşma olsa, bu, mövcud iqtisadi durumu daha da ağırlaşdıracaq və müxtəlif sahələrdə durğunluq yaranacaq.
Qeyd edək ki, daha öncə də gömrük rüsumları artırılmış və bu, idxala tələbin artması ilə əlaqələndirilmişdi. Lakin hazırda ölkəmizdə bəzi təsərrüfat, tikinti və məişət mallarının istehsalı olmadığından, bu sahəyə tətbiq edilən rüsumun artırılması birbaşa bahalaşmaya səbəb olacaq, bu da tikinti sektoruna və iqtisadiyatın bir sıra qollarına ciddi təsir göstərəcək.
Məsələ bağlı Qaynarinfo-ya açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, qanunvericilik səviyyəsində rüsumlarda heç bir dəyişiklik yoxdur:
"Son zamanlar nə Nazirlər kabinetinin xüsusi qərarnaməsi ilə, nə də prezidentin fərmanı ilə rüsumlarda heç bir dəyişiklik edilməyib. Əgər rüsumlarda hər hansısa dəyişikliklər baş verirsə, bu, nə qədər də qəribə səslənsə də, deməli, "qara əməliyyatlar"dan "ağ əməliyyatlar"a keçidlə, yəni rəsmiləşdirilmənin artması ilə əlaqədardır.
Əvvəllər görünür rəsmiləşdirməni tam olaraq həyata keçirmirdilər və bu da həm gömrük orqanının işçilərinə əlavə gəlir gətirirdi, həm də iş adamlarına sərf edirdi. Belə ki, sahibkarlar tam rəsmiləşdirmə olmadıqda, daha az gömrük haqqı ödəyirdilər. İndi gətirilən malların tam şəkildə rəsmiləşdirilməsinə qərar verilib. Belə bir informasiya var ki, tamamilə "ağ mühasibatlığ"a keçid edilir və bu da gətirilən malların qiymətinin artmasına səbəb olur.
Əgər doğurdanda gömrükdə qanun çərçivəsində gətirilən məhsulların tamamilə rəsmiləşdirilməsinə keçid baş verəcəkdisə, bunu öncədən heç olmasa həm iş adamları ilə, həm bu işlə məşğul olanlarla müzakirə edilmiş formada həyata keçirilməli idi.
Azərbaycanda çox qəribə tendensiya var ki, ölkədə istehsal edilməyən və istehsalı nəzərdə tutulmayan məhsullara belə çox böyük gömrük rüsumları tətbiq edilir. Bu, məntiqli deyil. Əslində gömrük daxili bazarın qorunması elementləri əsasında yaradılıb. Gömrük orqanları tam şəffaf şəkildə işləməyə qərar veriblərsə, bu yaxşı haldır. Amma bununla paralel olaraq gömrük rüsumlarına da əl gəzdirilməli idi. Ölkə daxilində istehsal olunmayan məhsullara müəyyən güzəştlər tətbiq edilməli idi ki, həm iş adamlarına sərf eləsin, həm də daxili bazarda qiymət artımının qarşısı alınsın".
Dövlət Gömrük Komitəsindən həm bəzi sahibkarların mallarının idarədə saxlanılmasına, həm də rüsumların artırılacağı ilə bağlı yayılan şayiələrə münasibət bildirilib:
Dövlət Gömrük Komitəsinə ünvanlanan sorğunuza cavab olaraq bildiririk ki, xarici iqtisadi fəaliyyət iştirakçıları tətəfindən ölkə ərazisinə idxal edilən mal və ya nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər qanunvericiliyə uyğun olaraq tərtib olunduğu təqdirdə həmin mal və ya nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun şəkildə ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək idxalına icazə verilir. Əks halda, yəni idxal edilən mal və ya nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların düzgünlüyü qanunvericiliyin tələblərinə cavab vermədikdə araşdırma aparılır ki, bu da gömrük rəsmiləşdirilməsi prosesinin uzanmasına səbəb ola bilər.
Gömrük rüsumlarının artırılması ilə bağlı suala gəlincə isə, gömrük rüsumlarının dərəcələrinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə daxildir. Hazırda hər hansı mal və ya nəqliyyat vasitəsinin gömrük rüsumlarının dəyişdirilməsi ilə bağlı qərar və ya təklif yoxdur.
Qafqaz Rafiqoğlu
Çingiz Səfərli
Şərhlər