Xəbər lenti

Ölkə 14:20 25.03.2018

Güclü küləyin Masallı rayonuna vurduğu ziyanın həcmi açıqlandı

Masallı rayonu ərazisində əsən və iki saat davam edən güclü qərb küləyi nəticəsində rayonun elektrik, rabitə, şəhər və kənd təsərrüfatına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, rayon ərazisində 70-ə yaxın işıq dayağı aşması zamanı 10 kv-luq xətlərdə qəza baş verib.

Şəhər ərazisi istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan başqa, 130 ədəd rabitə dirəyi aşıb, 10 km-ə yaxın rabitə kabeli sıradan çıxıb. Rayon ərazisində 45-ə yaxın irigövdəli çoxillik ağaclar kökündən çıxaraq aşıb. Ağacların aşması nəticəsində Lürən kənd sakini Şahüseyn Mahmudova məxsus "Pajero" markalı, Lənkəran sakini Rövşən Tağıyevə məxsus "Mersedes" markalı və rayon İcra Hakimiyyətinə məxsus "44-AA-001" nömrə nişanlı "BMW" markalı maşına ziyan dəyib. Masallı şəhəri ərazisində 4 mərtəbəli 32 mənzilli yaşayış binasının 300 kv metr dam örtüyünü külək atıb.

Qəriblər kəndində yerləşən ümumi yaşayış binasının dam örtüyünə, Həsənli kənd tam orta məktəbinin, yeni Zuvand, Təklə, Qodman, Ərkivan 1 saylı, Ərkivan 5 saylı və Qəriblər kənd məktəblərinin, Həsənli kənd, şəhər 1 saylı, Qızılağac və Hişkədərə kəndində yerləşən uşaq bağçalarının dam örtüyünə də ziyan dəyib.
 
Ərkivan qəsəbəsi ərazisində İlqar İbrahim oğlu Məmmədova, İsrail Sabir oğlu Tağıyevə məxsus istixana, Əyyar Baba oğlu Kazımova məxsus heyvandarlıq ferması da ciddi zərər görüb. Sərcuvar kənd sakini, sahibkar Rafİq Paşa oğlu Abdullayevə məxsus kənd təsərrüfatı təyinatlı obyektinin dam örtüyünün uçması nəticəsində 2000-ə yaxın cücə tələf olub. Miyəkü, Türkoba, Təklə, Qızılavar, Sığdaş, Ərkivan, Qəriblər, Yenikənd, Güllütəpə və Masallı şəhər ərazisində vətəndaşlara məxsus fərdi yaşayış evlərinin və digər köməkçi tikililər də güclü külək nəticəsində ziyan görüb.

Baş vermiş təbii fəlakətlə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?