Xəbər lenti

Fransanın xarici işlər naziri Hizbullah və İsrail üçün Livana getdi
Dünya 13:45 29.04.2024

Fransanın xarici işlər naziri Hizbullah və İsrail üçün Livana getdi

Fransanın xarici işlər naziri Stefan Sejurne Livan-İsrail sərhədində münaqişənin gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylər çərçivəsində bazar günü Livana gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Diplomat Livanın cənubunda BMT-nin sülhməramlı qüvvələri, həmçinin Livan parlamentinin spikeri, ordunun baş komandanı, xarici işlər naziri və müvəqqəti baş nazirlə görüşüb.

Görüşlərdən sonra Sejurne bildirib ki, Fransa Livanda tammiqyaslı müharibənin "ən pis senarisini qəbul etməkdən imtina edir".

"Livanın cənubunda müharibə deyilməsə belə, artıq başlayıb və bunun bədəlini mülki əhali ödəyir”, deyə fransalı nazir bidlirib. 

Adının açıqlanmasını istəməyən Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi agentliyə bildirib ki, Sejurnenin səfərinin məqsədi "Fransanın Livandakı müharibə ilə bağlı narahatlığını” çatdırmaq və Parisin daha əvvəl sərhəd münaqişəsinin diplomatik yolla həlli üçün Livana təqdim etdiyi təklifə düzəliş təqdim etməkdir. 

Qərb diplomatları İsraillə İranın dəstəklədiyi Hizbullah arasında düşmənçiliyə son qoymaq üçün bir sıra təkliflər irəli sürüblər. Yekun məqsəd 2006-cı ildə İsrail və Hizbullah arasında aylarla davam edən müharibəyə son qoyan BMT qətnaməsinin tam yerinə yetirilməsidir.

Təkliflər sırasına Hizbullahın qüvvələrini sərhəddən bir neçə kilometr geri çəkməsi, Livan ordusunun mövcudluğunu gücləndirməsi və İsrail qoşunlarının sərhəddəki mübahisəli ərazilərdən çıxarılmasına dair danışıqlar daxildir. 

Fransanın bundan əvvəlki təklifi Hizbullah qüvvələrinin sərhəddən 10 kilometr geri çəkilməsini nəzərdə tuturdu. Hizbullah bu təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirsə də, Qəzzada müharibə dayanana qədər Livanda razılaşmanın olmayacağını bildirib.

Bu arada İsrail rəsmiləri Qəzzada atəşkəs olsa belə, Livana hücumları avtomatik dayandırmayacağını bildirib.

Sejurne çərşənbə axşamı İsrailə planlaşdırılan səfərdən əvvəl Fransanın təklifinin son variantı haqqında daha ətraflı məlumat verməkdən imtina edib. O, razılığa gəlmək üçün İsrail hakimiyyəti ilə "məsləhətləşmələr” aparacağını bildirib.

Fransa xarici işlər naziri həmçinin Livanın siyasi fraksiyalarını prezidentliyə namizədlə bağlı razılığa gəlməyə çağırıb.

Onun sözlərinə görə, Livana "danışıqlar masasına dəvət olunacaq" və sərhəd məsələsində əldə edilə biləcək istənilən razılaşmanı həyata keçirə biləcək bir prezident lazımdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->