Dünya 14:24 25.08.2023

"Güclü" Priqojin, “gül-çiçəklə qarşılanan" Putin, başını itirən elita - Onu niyə bağışlamadılar? (MÜSAHİBƏ)

İki gün öncə Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və qrupun komandiri Dmitri Utkin olub. "Vaqner”in rəhbərinin çoxdan gözlənilən ölümü çoxsaylı suallar doğurdu. Bu hadisə ətrafında müxtəlif fikirlər dolaşdı. Bəzi ekspertlər bunu Vladimir Putinin əvvəldən planlaşdırdığını, bəziləri isə təsadüf olduğunu düşündü. Hətta onun ölmədiyi ilə bağlı iddialar da dolaşmağa başladı. 

Bəs, əslində hadisə necə baş verib? Priqojin ölüb, yoxsa öldürülüb? Bu hadisə kimlərin xeyrinə, kimlərin ziyanına olacaq? 

Qaynarinfo bu suallara cavab axtarmaq üçün politoloq Rauf Mirqədirova müraciət edib. Politoloqla müsahibəni təqdim edirik:



"Priqojin öz ölüm fərmanını imzalamışdı”

- Priqojinin öldürülməsini heç kəs təəccüblə qarşılamadı, sanki hamı onun ölümünü gözləyirdi. Bəzi analitiklər bunu sui-qəsd adlandırsa da, təyyarədə baş verən texniki problem kimi qiymətləndirənlər də oldu. Siz nə düşünürsünüz? Təyyarənin partlaması həqiqətən texniki problemlə bağlı idi, yoxsa Prqojin onu çoxdan gözləyən sonunu yaşadı?

- Birincisi, onu demək istəyirəm ki, Priqojin davranışı ilə özünü kifayət qədər ağılsız adam kimi apardı. Çox ağılsız addımlar atdı. Yəni, söhbət nədən gedir? O, müəyyən tapşırıqları, özü də çox çirkin tapşırıqları həyata keçirmək üçün Putinin yanında "becərilən” adam idi. Putinin yaxın dostu kimi təqdim edilirdi. Siyasi hakimiyyət onun vasitəsilə çoxlu çirkin tapşırıqlar həyata keçirirdi. Onun yerinə yetirdiyi tapşırıqlar arasında qətllər, xaricdə qanunsuz hərbi əməliyyatlar, Afrika ölkələrində qaranlıq işlər var idi. Eyni zamanda, kəşfiyyat xarakterli əməliyyatlar mövcud idi. Məsələn, ABŞ-da prezident seçkilərinə müdaxilə edilməsi ilə bağlı hadisələrdə onun "trollar fabriki” vasitəsilə iştirakı hamıya məlumdur. Yəni, bu çirkin əməlləri həyata keçirmək üçün ona geniş imkanlar verilmişdi. Eyni zamanda, böyük pullar qazanırdı. Lakin Priqojin uzun müddət arxa planda idi, özünü qabartmırdı. Nə qədər ki, özünü qabartmırdı, Putini kifayət qədər təmin edirdi. Sonralar çox "şişdi” və bununla da faciəsi başladı.  

- Bəs necə oldu ki, Priqojin hakimiyyət sevdasına düşdü? Onun bu addımı nəyə hesablanmışdı?

- Priqojinin onu ölümə aparacaq yola çıxaran ilk səhvi hərbi qiyam deyildi. Ukrayna hadisələri başlayandan sonra Priqojin siyasi xadim kimi özünü cəmiyyətə sırımağa başladı. Özünü ifrat millətçi qanadın nümayəndəsi kimi göstərməyə çalışdı. Sözsüz ki, bunu özbaşına etmirdi. Priqojin kimdir ki, özbaşına belə addımlar atsın? O, hakim elitanın bir hissəsinin maraqlarını təmsil etməyə başlamışdı. Xüsusilə, Şoyqu-Gerasimov qruplaşmasına qarşı elə bil "səlib müharibəsi” elan etmişdi. Bu, çox ciddi səhv addım idi. 

O həyata keçirdiyi əməliyyatları artıq publik edirdi, məsələn, həbsxanalardan dustaqları azad edir və ətrafına muzdlu hərbçiləri yığıb, özünə ordu yaradırdı. Özünün hərbi əməliyyatlardakı rolunu qabartmağa başlamışdı. Belə gedişlər elitadaxili mübarizənin xəbərçisi idi. Onu da vurğulayım ki, Şoyqu və Gerasimovun hərbi əməliyyatlara rəhbərliyi xalq tərəfindən ciddi tənqid edilirdi. Hərbi əməliyyatlar milyardlarla pul deməkdir, söhbət pul axınlarına nəzarətdən gedirdi və bütün bunlar sözsüz ki, Putinin nəzərindən qaçmırdı. Buna baxmayaraq, Putin uzun müddət bu qarşıdurmaya öz münasibətini bildirmədi. Elə bil Putinə dəxli yox idi. Çox əcaib situasiya yaranmışdı. Hərbi əməliyyatlarda iştirak edən, onlara rəhbərlik edən şəxslər arasında bir-birinə qarşı açıq müharibə elan olunmuşdu. Putin isə özünü görməməzliyə vururdu. Priqojinin ikinci böyük səhvi hərbi qiyam oldu. Daha doğrusu, qiyamın nəticələri. Qiyamı başlamısansa, gərək nəticəsini əldə edəsən. Ya gərək gedib Moskvanı tutub, özün taxta çıxasan, ya da səni öldürməkdən başqa yol qalmayacaq. Onsuz da onun ölmək vaxtı gəlib çatmışdı. O qədər cinayətlər işlətmişdi ki, kim öldürsəydi, təqdir ediləcəkdi. Yəni, yaşamamalı insan idi. Burada bir məntiq var. Taxtı ələ keçirə bilməməyin nəticəsi qiyamçı üçün həmişə ağır olur. Ən azı hakimiyyətin bölgüsünə nail olmalısan, əsk təqdirdə edam kötüyünə çıxacaqsan. 



- Rauf bəy, bu qiyamı Priqojinin səhvi adlandırdınız. O, qiyamın gedişatını və nəticəsini əvvəldən hesablaya bilməmişdi? Necə düşünürsünüz, bu, oyun ola bilərdimi? Çünki bəziləri bunu danışılmış oyun hesab edirdi. Oyun idisə, Priqojin niyə ona gedirdi? Nə vəd edilmişdi ki, bu yola çıxmışdı?

- Mən əvvəlcədən demişdim ki, Priqojin özbaşına adam deyil, onun arxasında böyük qüvvələr durur. Məsələn, Priqojinin ordudakı tərəfdarlarından biri olan general Surovikin taleyi indiyəcən məlum deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Priqojin xüsusi xidmət orqanlarına, müəyyən biznes strukturlara bağlı insan idi, özbaşına hərəkət edə bilməzdi. Priqojin elitanın irəli atdığı bir fiqur idi. Düşünürəm ki, istədiyi dəstəyi bəlkə də qiyam vaxtı ordudakı tərəfdarlarından ala bilmədi. Ola bilər ki, sona qədər cəsarəti çatmadı. Söhbət açıq toqquşmadan gedir. Bəziləri deyirlər ki, az qala Moskvaya çatmışdı. Doğrudan da Moskvaya çatmışdı. Amma bu o demək deyildi ki, heç bir döyüş olmadan Putin taxtı ona təhvil verəcək. Bu, belə deyil. Hər şey bu cür çox sadə baş vermir.

"Qiyam ilə Putini alçatdılar, onu tapdaladılar”

- Priqojinin qiyamı, siz dediyiniz kimi, davam etdirməyə cəsarəti çatmadı, yoxsa ona əmr verən bağlı olduğu şəxslər ona qiyamı dayandırmaq əmri verdi?

- Burada çoxlu variantlar var. Pərdəarxası nə baş verdiyini dəqiq deyə bilmərik. Təkcə bir faktor deyil. Amma səhv ondan ibarət idi ki, ya qiyama başlamamalısan, ya başlayırsansa, nəticəsini əldə etməlisən, nəticəsini əldə etməsən, bağışlanmayacaqsan. Çünki sən avtoritar bir liderin, daha doğrusu, avtoritar sistemdən totalitar sistemə keçən bir rəhbərin hakimiyyətini şübhə altına alırsan. Artıq Rusiyada totalitar sistem yaranır. Yəni ki, Rusiya şovinizminə, Rusiya millətçilik ideologiyasına əsaslanan bir hakimiyyət sistemi yaranması illüziyasını bizə aşılamağa çalışırlar. Onlar deyir ki, siz ənənəvi dəyərləri müdafiə edən bir liderin hakimiyyətini şübhə altına alırsınız. Bu, bağışlanmaz addımdır. Nəticə əldə eləməsən, cavab verəcəksən. Qiyam qaldırmaqla sən lideri təhqir edirsən, alçaldırsan. Məsələn, bir çoxları düşünürdü ki, Priqojin o dəqiqə səhnəni tərk edəcək, ancaq xəbərlər yayıldı ki, Putin onun özü, komandirləri ilə Kremldə böyük bir görüş keçirib, danışıqlar aparmağa çalışıb və Putinə "yox” cavabı verilib. Qiyam ilə Putini alçatmışdılar, tapdalamışdılar. Odur ki, qiyamçı lider ölməli idi. Bu tip münasibətlərdə heç bir razılaşma işləmir. 

Sənin əlində qüvvə var, hətta orduda tərəfdarların da var, amma bu, nəzarət sistemi deyil. Hətta xüsusi xidmət orqanlarının rəhbərlərinin bir hissəsi səni müdafiə edir, amma sən onlara birbaşa nəzarət etmirsən. Sənin əlində nəzarət instrumentləri yoxdur. Hakimiyyətin əsas gücü nəzarət instrumentlərinin olmasında, əmr vermək, fərman vermək imkanlarındadır. Səndə bu yoxdur və ona görə də həmişə qiyam qaldıran tərəf nə qədər böyük görünsə də, lokal gücə malikdir. Bütün dövlət strukturlarının heç olmasa bir idarəsinə tam nəzarətə, onları idarə etmək imkanına malik deyil, onlara birbaşa təsir göstərmək imkanı yoxdur. Odur ki, onun taleyi həll olunmuşdu. Priqojin kimi insanlar ya hakimiyyətə gəlməlidirlər, ya da öldürülməlidirlər. Onlar üçün başqa variantı olmur. Bütün hallarda onların taleyi bu cür olmalıdır. Çünki sistemdən kənar insanlardırlar, sistemdən kənar qaldıqca, bu insan bir gün onsuz da təhlükəyə çevriləcək. Təhlükəyə çevrildiyi üçün, öz sistemin tərkib hissəsinə çevrilib, sistemin başında durmalıdır. 



"Priqojinin tərəfdarları diversiya edə bilərlər”

- Priqojinin ölümü ilə "Vaqner”in də sıradan çıxacağını, tarixə qovuşacağını düşünmək olarmı?

- Nələrin olacağını heç kəs dəqiq bilmir. Rusiya hərbçiləri və siyasi elitasında "köhnə qvardiya” var. Bu qruplaşma daha çox Priqojinə şəxsi sədaqət üzərində qurulub. Onların cinayətkar aləmlə birbaşa əlaqələri var. Bildiyiniz kimi, Priqojun özü cinayətkar aləmin bir nümayəndəsi idi. Priqojin sovet dövründə 10 ilə yaxın həbsxanada olub. Kriminal idi və onun davranış tərzi də kriminal dünyanın davranış tərzinə oxşayırdı. Onun şəxsi sədaqət prinsipi formalaşan "köhnə qvardiya"sı isə hələ durur. Düşünürəm ki, onlar təhlükə mənbəyinə çevrilə bilər. İddia etmirəm ki, nəsə ciddi nailiyyətlər əldə edəcəklər, amma müəyyən diversiyalar təşkil edə bilərlər. Bu gün səhər məlumat oxudum ki, Priqojinin Belarusdakı tərəfdarları Rusiyaya keçməyə hazırlaşırlar. Onlar Rusiya ərazisində bəzi diversiyalar təşkil edə bilərlər. Başqa bir variant da ola bilər. Sankt Peterburqda Priqojinin "Konkord” adlı bir şirkəti var idi. Şirkətin binası qarşısında memorialı yaranıb. Rusiya tarixində belə hadisələr çox olub, kimisə öldürüblər, sonra yerinə yalançı kimsə gəlib. Düşünürəm ki, biz də "yalançı Yevgeni”nin zühur etməsinin şahidi olacağıq. İstisna etmirəm ki, müəyyən bir insan meydana çıxa bilər və bir simvola çevrilər. 

"Kəşfiyyat Putini aldadırdı”

- Onun ölümü FTX rəhbəri Patruşevin əlini gücləndirdi. Ola bilərmi ki, Patruşev Putinin varisi kimi ən güclü rəqibini aradan götürüb. Priqojinin güc nazirliklərində nüfuzu böyük idi. Priqojindən sonra Patruşev Hərbi kəşfiyyatın - QRU-nun rəhbərliyini də sıradan çıxara bilərmi? 

- Mən heç vaxt Priqojini Putinin varisi kimi qəbul etməmişəm. Priqojin özünü Putinin varisi kimi hiss eləməyə başlaya bilərdi. Amma düşünmürəm ki, Rusiya elitasındakı ciddi qüvvələr, ya da Putinin özü Priqojini varis kimi görüb. Patruşevin ola bilər ki, hakimiyyətdəki qruplaşmalarla özünün problemləri var. Bir nüansı nəzərə almaq lazımdır ki, Patruşev ordunun deyil, xüsusi xidmət orqanlarının yetirməsidir, xüsusi xidmət orqanlarından çıxmış adamdır. Onun Priqojinlə münasibətlərinin necə olması haqqında məndə heç bir dəqiq məlumat yoxdur. Ona görə də Priqojinin ölməsinin onun əlini nə qədər gücləndirdiyini deyə bilmirəm. 

"Putin ətrafını qurban verəcək, onun başqa yolu yoxdur”

- Bəs ümumilikdə, Şoyqu və Gerasimovun mövqelərinin zəiflədiyini nəzərə alsaq, Patruşevin Putinin varisliyinə iddialı olduğunu deyə bilərikmi?

- O zaman mənim sizə sualım var. Siz nə üçün hesab edirsiniz ki, Şoyqu və Gerasimovun ordudakı mövqeləri zəifləyib?

- Məsələ ondadır ki, zaman-zaman dünya mediasında belə yazılar dərc edilir. Putin Ukraynadakı gedən müharibənin uzanmağını, uğursuzluğunun səbəbini Şoyqunun, Gerasimovun, generalların üzərinə atmaq istəyir. Putin özünü qorumaq üçün hərbi cinayətlərdə və uğursuzluqlarda generalları ittiham edə bilər...

- Haqlısınız. Amma əgər söhbət müharibənin uğursuzluğundan gedirsə, ordu ilə yanaşı, buna tam məsuliyyətli xüsusi xidmət orqanları da daşıyır. Ordu icra aparatıdır. İcraçı mərhələdə müəyyən planlar hazırlanır, orduya da o plan əsasında hərəkətə keçmək tapşırılır. Bu planın hazırlanmasında əsas rolu hansı qüvvələr oynamalıdır? Hazırlıq mərhələsində əsas rolu xüsusi xidmət orqanları oynayır. Xidmət orqanları hücum ediləcək ölkədəki iqtisadi, siyasi, hərbi vəziyyəti, resursları, əhalinin mənəvi durumunu, işğala ola biləcək münasibəti və s. öyrənməlidirlər. Təxmini resursların lazım olacağını müəyyənləşdirməli, bu haqda dövlət başçısı olan Ali Baş Komandana məlumat verməlidirlər. Ali Baş Komandan hərbi strateqlərini yığıb, əməliyyat planının hazırlanması haqqında göstəriş verməlidir. Ukrayna müharibəsində gördük ki, ilkin mərhələdə ümumiyyətlə, situasiya düzgün qiymətləndirilməmişdi. Bunu düzgün qiymətləndirməyən isə xüsusi xidmət orqanları idi. Hamıda elə bir təəssürat yaranmışdı ki, Rusiya qoşunları daxil olanda ən azı Ukraynanın şərqində onları gül-çiçəklə qarşılayacaqlar, heç bir müqavimət olmayacaq, xalq keçəcək onların tərəfinə. Lakin bu baş vermədi. Hətta şərti olaraq rusiyapərəst adlandırdığım şərq vilayətlərində Kreml qoşunlarına qarşı çox ciddi müqavimət oldu. Yəni, burada əli güclənəcək heç kim yoxdur. Ayrı-ayrı fərdləri nəzərdə tutmuram, kiminsə mövqeyi situativ olaraq güclənə, kiminkisə zəifləyə bilər, amma bütövlükdə hamı günahkardır. Ordu da günahkardır. Tanklardan 60 km-lik kolon yaranmışdı, müharibə gözləmirdilər və parad gözləyirdilər ki, yürüş olacaq, gələn kimi əraziləri asanlıqla tutacaqlar. Belə məlumatlar hamısı xüsusi xidmət orqanlarının faktları idi ki, heç bir müqavimət olmayacaq. Lakin nəticə Kreml üçün rəzalətə çevrildi. Ona görə də mən o mənada sizinlə tam razıyam ki, Putin sözsüz ki, məğlubiyyətin əsas günahkarı kimi özünü yox, ətrafındakıları göstərmək istəyir. Vaxtaşırı bunun üçün ətrafındakı qüvvələr nisbətindən çox gözəl istifadə edir. Məsələn, Priqojin xüsusi xidmət orqanlarına bağlı insan idi, Şoyqu ilə Gerasimova zərbə vurmaq üçün çox gözəl istifadə olundu. Gerasimovla Şoyqunun orduya pis rəhbərlik etməsi ilə bağlı iddiaların əsas müəllifi məhz Priqojin idi, o ittiham edirdi. Eyni zamanda, yeni müharibənin ilk mərhələsində kəşfiyyatın çox zəif işlədiyinin şahidi olduq. Putinə ötürülən məlumatlar dəqiq deyildi. Bunu da görünür ki, məhz Şoyqu ilə Gerasimov yayırdı, çünki onlar məsuliyyəti öz üzərlərindən atmaq istəyirdilər. 

Əslində, bütün məsuliyyət Putindədir. Müstəqil fəaliyyətinə imkan verilən ölkələrdə kəşfiyyat çalışır ki, dövlət başçına obyektiv məlumat çatdırsın. Rusiya kimi ölkələrdə isə vəziyyət fərqlidir. Xüsusi xidmət orqanları yuxarıya yalnız o məlumatları ötürürlər ki, həmin məlumatları yuxarıda eşitmək istəyirlər. Yəni, kəşfiyyat görürdü ki, Putin Ukraynaya daxil olan rus ordusunun gül-çiçəklə qarşılanacağı barədə eşitmək istəyir. Bu səbəbdən o məlumatları ötürürdü. Yəni, burada prinsip etibarilə əsas məsuliyyət Putinin üzərinə düşüb. Problem Putinin şəxsi hakimiyyət sisteminin qüsurlarıdır. Amma sizinlə tamamilə razıyam ki, o öz ətrafında günahkarlar axtaracaq və onların boynuna nəsə qoymağa, ən azı ictimai fikirdə onları qaralamağa çalışacaq. 



"Avtoritar liderlər varis seçmir”
 
- Rauf bəy, çoxdan bəridir Putinin səhhəti ilə bağlı fikirlər dolaşır ki, xəstədir, vəziyyəti ağırdır, ona hər an nəsə ola bilər. Putin seçkiyə qədər vəfat edərsə, onun ətrafından varisliyə iddialı namizəd kim ola bilər?

- Avtoritar rejimlər prinsip etibarı ilə varis qəbul etmir. Çünki varislik məsələsi çox mürəkkəb olur. Həm o dəqiqə həmin varisi qaralama, sıradan çıxartmaq cəhdləri olur. Digər tərəfdən, avtoritar lider özü üçün artıq varisin elan olunmasını təhlükə kimi görür. Hətta qohumluq əlaqələri də burada kömək etmir. Tarixdə də belə faktlar olub ki, şahlar varis kimi qəbul etməyə qorxduğu oğlanlarını, qardaşlarını öldürüblər. Ona görə də avtoritarizm varisin mövcudluğunu xoşlamır. Gah Medmedev dedilər, gah Patruşev. Fikrimcə, o gün çatsa ki, cəmiyyətin böyük bir hissəsi kimisə Putinin varisi kimi qəbul edəcək, o adamın taleyi həmin gün həll olunacaq. Mən siyasətin kiminsə xəstə olub-olmaması, cavan-qoca olması ilə bağlı şayiələr və yaxud ehtimallar üzərində qurulmasının tam əleyhinəyəm. Hə, eşitmişəm. Amma tibbin bu gün gəldiyi yeri, Putinin imkanlarını nəzərə alanda bu fikirlərin üzərindən nəsə ehtimallar qurmaq istəməzdim.

"Kadırov Qafqazı nəzarətə götürüb, özünü padşah elan etmək istəyir”

- Rusiyada Ukrayna müharibəsində canfəşanlığı ilə seçilən Çeçenistan Respublikasının Prezidenti Kadırov amili var. Ümumiyyətlə, Priqojinin ölümü onun üçün hansısa bir perspektiv vəd edirmi, yoxsa Kadırov və Priqojin Putin üçün eyni mahiyyətli insanlardır?

- Kadırov Priqojin deyil. Bir qədər fərqli fiqurdur. O, Çeçenistanın ağasıdır, istədiyini edir. Onun Kreml üçün yeganə dəyəri ondan ibarətdir ki, çeçenlərin mərkəzi hakimiyyətə loyallığını qanla, zorla, din vasitəsilə, yəni qanuni olmayan bütün instrumentlərdən istifadə edərək təmin edir. Bu, onun dəyəridir. Amma Kadırovun çox maraqlı gələcəyi ola bilər. Bu gələcək o qədər də xoş olmaya bilər. O, ümumiyyətlə, Çeçenistandan kənara çıxmır. Əgər, Putin Rusiya ərazisindən kənara çıxa bilmirsə, Kadırov da Çeçenistan ərazisindən çıxmağa qorxur. Əmin edirəm ki, əgər Çeçenistanı nəzarəti altında saxlamaq, çeçenlərin mütiliyini təmin etmək zərurəti olmasa, onu çoxdan aradan götürərdilər. Ümumiyyətlə, belə bir təhlükənin mövcudluğunu Kadırov başa düşür. Ona görə də çalışır ki, özünün xanlığından kənara çıxmasın. Oturub öz xanlığında, çoxlu pullar qazanır, bu pul hesabına mərkəzi hakimiyyətin loyallığını təmin edir. Gələcək baxımından Kadırov nə təhlükə ola bilər ki? Əgər, Rusiya parçalanarsa, mən ümumiyyətlə, Rusiyanın parçalanacağını düşünmürəm, Kadırov öz oyununu oyanya bilər. Amma Putin müharibəni uduzarsa və Rusiya çox ağır təzminat ödəməyə məcbur olarsa, iqtisadi vəziyyəti pisləşərsə, parçalanma təhlükəsi yaranarsa, Cənubi Qafqazda prinsip etibarilə müstəqil və təcavüzkar Çeçenistan dövlətinin yaranması ehtimalı çox güclüdür. Düşünürəm ki, Kadırov bu halda təkcə Çeçenistanı deyil, digər milli respublikaları öz nəzarəti altına almağa çalışacaq. Ona bunun gücü, təcrübəsi və imkanları var və deyərdim ki, Şimali Qafqazda sabitliyi poza biləcək çox ciddi bir gücə çevrilə bilər. Amma indiki halda Çeçenistanda öz qohumlarının arasında oturacaq, nəticəni gözləyəcək.



"Müqəddəs Yevgeni”nin zühuruna az qalıb”

- Priqojinin ölümündən sonra Rusiyadakı vəziyyət necə dəyişə bilər? Onun ölüm xəbəri müharibədəki vəziyyətə hansı təsiri göstərəcək?

- İctimai fikirdə Putin özünün millətçi bir imicini yaratmağa çalışdı. İndi "millətini sevən”, "milləti üçün vuruşan”, "milləti üçün qan tökən” bir insanın qətlə yetirilməsindən söhbət gedir. Yəni, Putinin əleyhdarları bu faktordan sözsüz ki, ölkə daxilində istifadə edəcək. Nəzərə almaq lazımdır ki, təkcə Priqojinın qətlindən söhbət getmir. Priqojinlə birlikdə "Vaqner” dəstələrinin rəhbəri olan, ona sadiqliyi ilə seçilən Utkinin ölümündən də söhbət gedir. Ordunun ən azı bir hissəsinə neqativ təsirindən söhbət gedir. İstisna etmirəm ki, yaxın vaxtlarda "Yevgeninin zühuru”nun şahidi olacağıq. 

Günay İlqarqızı