Gülər Əhmədovanın oğlu silahı hardan alıb?

Gülər Əhmədovanın oğlu silahı hardan alıb?

Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu,1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun idarə etdiyi "BMW" markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. T.Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.

Yada salaq ki, Gülər Əhmədova Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi elan olunandan sonra 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almamışdı.

Ondan götürülən "Glock-19" markalı tapança Avstriya istehsalıdır və ABŞ-da satış rekordları qırır. Tapançanın texniki göstəriciləri və qiyməti onu cəlbedici edib. Silahın ABŞ-da qiyməti 800-1000 dollardır. Silahın Azərbaycandakı satış qiymətləri haqda isə məlumat yoxdur. Gülər Əhmədovanın oğlunun silahı haradan əldə etməsini aydınlaşdırmaq isə istintaqın işidir.
 
 

Sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat"a deyib ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən yanaşmaq lazımdır: "Bu gün əllərdə silah olmasına baxmayaraq, Azərbaycanda odlu silahın "qara bazarı" yoxdur. Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir. Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər. SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR