Siyasət 18:22 01.06.2018

Gürcüstan Qarabağda vasitəçi ola bilərmi? Ekspert "yox" deyir

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra çoxlarını düşündürən əsas suallardan biri "Bunun Dağlıq Qarabağ probleminə nə kimi təsirləri olacaq"dır. Mənfi və ya müsbət, bunu zaman göstərcək.

Hazırda isə Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçilik edə biləcək ən yaxşı ölkənin Gürcüstan olacağını düşünənlər az deyil. Bəs bu nə qədər realdır?

Qaynarinfo xəbər verir ki, bu günlərdə Azərbaycanla bağlı yüksək fikirlər səsləndirən Gürcüstan rəsmisinin bir neçə gün əvvəl Ermənistandakı çıxışına diqqət çəkən politoloq Elxan Şahinoğlunun məsələ ilə bağlı şərhini təqdim edir: 
 
 

"Əsl balans siyasətini Tiflis həyata keçirir. Hələ iki gün əvvəl Gürcüstanın baş naziri Azərbaycanın Tiflisdəki səfirliyinə gələrək Cümhuriyyət bayramımıza qatılmış və nitqində iki ölkə arasındakı münasibətlər barədə ən yüksək sözləri demişdi. İki gün sonra isə Gürcüstanın baş naziri eyni sözləri Paşinyanla Tiflisdəki görüşündə Ermənistanın ünvanına söyləyib.

Gürcüstan kreditlər və enerji təminatı məsələlərində Azərbaycandan asılı olsa da, Azərbaycana və Ermənistana eyni gözlə baxmağa çalışır. Başqa dövlətlər də oxşar siyasət yürüdür və bu xoşumuza gəlməsə də normal qarşılayırıq. Ancaq Gürcüstan bu dövlətlərin heç birinə bənzəmir. Birincisi, Ermənistan rəsmiləri heç zaman "Abxaziya və Cənubi Osetiya Gürcüstan ərazisidir” və "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” açıqlamasını dilə gətirməzlər. İkincisi, Rusiyanın Ermənistandakı hərbi varlığı Azərbaycanla yanaşı Gürcüstana da real təhdiddir. Üçüncüsü, Gürcüstan Azərbaycan və Ermənistanla yaxşı münasibətləri qorumasına rəğmən, heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində quru sözlə də olsa, "tərəflərin istəyi əsasında vasitəçi olmağa hazıram və bunun üçün Tiflisdə görüşlər təşkil edə bilərik” təşəbbüsüylə də çıxış etmədi. Halbuki, əgər Paşinyan Gürcüstanla əməkdaşlığı xarici siyasətinin əhəng daşı hesab edirsə, Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər. Bunun üçün Paşinyana bəzi vacib məsələləri anlatmaq lazımdır".

Nərmin Həsənli