Hacı Əliyev DÇ-dəki qalmaqaldan danışdı:

Hacı Əliyev DÇ-dəki qalmaqaldan danışdı: "Arxamca 5-6 nəfər fırlanır..."

"Görüşlərə psixoloji hazır deyildim. Dünən yaşananları başımdan ata bilmirdim. Nə qədər çalışsam da, ata bilmədim. Burada arxamca 5-6 nəfər fırlanır, amma xeyri yoxdur”.

Qaynarinfo xəbər verir ki, bunu "Report”a Nur-Sultandakı dünya çempionatında uğuruz çıxış edən Hacı Əliyev deyib.

65 kq çəkidə çıxış edən üçqat dünya və üçqat Avropa çempionu əvvəlcə bu gün misirli Amr Reda Ramadan Husseni və yaponiyalı Takuto Otoquroya qarşı keçirdiyi təsəlliverici görüşlərdən danışıb: "İlk təsəllivericidə misirli rəqibimə zəif idmançı idi, elə də çox təcrübəsi yox idi. Amma yaponiyalı güclü idi... Amma burada özümdən güclüsü yox idi. Bunu hamı görürdü. Elə bir adam yoxdur ki, onunla güləşə bilməyim, alınmasın. Fiziki, hər cəhətdən güclü idim. Son saniyələrdə nə qədər çalışsam da, alınmadı. Vaxt az qalmışdı”.

Əliyev ötən gün rusiyalı Hacımuad Rəşidova uduzduğu görüş barədə bunları deyib: "Futbolçu, boksçu, karateçi, müğənni də mənə yazıb ki, qardaş, belə şey yoxdur. Uduzdurmağın yeri var, adı var. Döşəkdən çıxmaq, fənd atıb, altda qalmaq var. Arxadan itələyib, kənara çıxarmaq yoxdur. Hücumu edən mən, kürəyi üstə düşən bu, amma 4 xal əvəzinə rəqibə 1 xal verirlər. Başda oturan hakimi Allaha tapşırıram. Güləşdir də, 1-2 illik karyeram qalıb. İdman həyatımdan həm özüm, həm Azərbaycan üçün etdiyimi etmişəm”.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacağını söyləyib: "Həvəsdən düşmürəm, olimpiadaya qədər gücümü saxlayacam. Ruhdan düşməyəcəyəm. Gələn il lisenziya turnirlərindən birinə qatılıb lisenziyanı qazanmağa çalışacağam. Ya birinici, ya ikinci lisenziya turnirinə gedəcəyəm. Rəqiblərə baxacağam”.
XƏBƏRLƏR
BLOGLAR