Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı bərpa edilib (FOTO)

Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı bərpa edilib (FOTO)

Bu gün  "Azərsu” ASC-nin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, səfərin məqsədi sözügedən ərazidə su təsərrüfatı ilə bağlı görülən işlərlə yaxından tanışlıq olub.

Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində hərbçilərimizin qaldığı evlərdə su təchizatında bir sıra problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra "Azərsu” ASC-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olunub. Aparılan araşdırmalar nəticəsində yaranan problemlərin səbəbi müəyyən edilib və həll yolları tapılıb. 

Səfər çərçivəsində "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı media nümayəndələrinə görülən işlərin ardıcıllığı barədə məlumat verib. 

O bildirib ki, Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi:

"Bulaqlardan suyun gəlişi dayandığı üçün artezian quyularının bərpasına diqqət edilib. Həmin artezian quyuları isə təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə işə salındı. Bu məsələnin ilkin olaraq həll edilməsinə səbəb müharibədən sonra Hadrutda olan şəxsi heyətin su təchizatının təhlükəsiz şəkildə təmin edilməsi olub”.

A.Cəbrayıllı daha sonra ərazidə Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birgə mənbəyə baxış keçirildiyini və orada təmizləmə işlərinin aparıldığını qeyd edib.

"Su anbarları bir-birilə əlaqələndirilib, sudan laboratoriya yoxlamaları üçün nümunələr götürülüb. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı təmin edilib. Hazırda qəsəbədə olan hərbi hospital və mülki binalar "Azərsu” ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur”.

Daha sonra media nümayəndələri Hadrut qəsəbəsini içməli su ilə təmin edən əsas su anbarı və anbarlara suyun ötürüldüyü subartezian quyuları ilə tanış olublar.

İşğaldan azad olunmuş ərazilərdə "Azərsu” ASC-nin işçi qrupunun rəhbəri Müşviq Adıgözəlov jurnalistlərə açıqlanmasında bildirib ki, Hadrut qəsəbəsində beş su anbarı mövcuddur:

"Su əsas anbardan digər dörd anbara nəql olunur. Qəsəbə işğaldan azad edildikdən sonra bu ərazilər əməkdaşlarımız tərəfindən təftiş olunub. Mövcud su təchizatı sistemi tam istismar edilir. 

Onun sözlərinə görə, suyun keyfiyyətinin yoxlanılması ilə əlaqədar götürülən nümunələr "Azərsu" ASC-nin laboratoriyasında mütəmadi olaraq yoxlanılır. Suyun keyfiyyəti nəzarətdə saxlanılır və su içməyə tam yararlıdır.

"Hadrut qəsəbəsində əsas anbara iki mənbədən su daxil olur. Bunlardan biri dağda bulaqlardan formalaşır. Həmin mənbə uzunluğu 5,5 kilometr, diametri 219 millimetr olan sugötürücü qurğu ilə polad magistral su kəməri vasitəsilə suyu nəql edir. 

Digəri isə iki ədəd subartezian quyusudur. Bu quyular Hadrut qəsəbəsi daxilindədir. Həmin quyulardan da əsas anbarlara su nəql edilir. Anbarlar qəsəbəni tam şəkildə su ilə təmin edir. Su təminatı ilə bağlı hazırda hər hansı çətinlik yoxdur".

Qeyd edək ki, hazırda Hadrut qəsəbəsində 2000-dən çox obyektin şəbəkədən su ilə təmin edilməsi həyata keçirilir.

Xatırladaq ki, Hadrutla yanaşı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda da mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub. Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb.
X
XƏBƏRLƏR
BLOGLAR