Veteran futbolçu Ramal Hüseynov futbola qayıdar-qayıtmaz cəzalandırılıb. Karyerasını bitirdikdən sonra ilk dəfə "Səbail”in aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamağı planlaşdıran Hüseynov cəzaya məruz qalıb. O, U-16 Liqasında baş tutan ROFM – "Səbail” matçının 30-cu dəqiqəsində hakimi təhqir etdiyinə və hədə-qorxu gəldiyinə görə AFFA-ın İntizam Komitəsi tərəfindən 15 oyun stadiona girişinə qadağa qoyulub.
Veteran
futbolçu Qaynarinfo-ya açıqlamasında həmin vaxt baş verənlərdən danışıb:
"15 oyun
cəza veriblər, problem yoxdur. Əsas odur ki, cəzanı mənə Allah verməsin, bunlar
kimdirlər ki? Mənim üçün maraqlı deyil. İkincisi, əvvəlcə maraqlansınlar
görsünlər ki, mən "Səbail”də rəsmi işçiyəm, müqaviləm var, yoxsa yox, sonra cəza
versinlər. Mənim klubla müqaviləm yoxdur. Maraqlıdır ki, cəzanı verən futbol
adamıdır, bu işi bilir ya yox? Mən "Səbail”də rəsmi şəxs kimi çalışmıram, sadəcə,
elə-belə gedib-gəlirəm. Yazıblar, yazsınlar. Oyuna baxmağa getmişdim. Gördüm
haqsızlıq var. Mən haqsızlığı qəbul etmirəm. "Səbail”in qapısına olmayan penalti
verdilər, mən də sadəcə, narazılığımı bildirdim. Hakim qərarını dəyişmədi. Ona
dedim ki, "səhv qərar vermisən”. Bunlar da yazıblar ki, guya təhqir edib, hədə-qorxu
gəlmişəm. Belə şey olmayıb. Getsinlər oyunlarını başqa yerdə oynasınlar. Ramal
Hüseynov futbola qayıdır deyə bəziləri qorxuya düşüb. Onlara demək istəyirəm
ki, gedin başqa yerə, mənim meydançamda oynamayın. Bunu mənə qarşı pis fikirdə
olan insanlara ünvanlayıram. "Səbail”dəki işimə gəlincə, bir aydır buradayam, seleksiyaçı-məşqçi
kimi çalışıram, amma rəsmi şəkildə müqavilə bağlamamışam. Bunlar mənə necə cəza
veriblər? Şikayət etmək, biz kişilərə yaraşmaz. Stadionlara girməyəcəyəm,
problem yoxdur. Başqa şəkildə gücləri çatmır. Məni futboldan uzaqlaşdırmaq üçün
oyun oynayırlar”.
Səbuhi Həsənov
Şərhlər