İqtisadiyyat naziri Şahin Mustafayev bəzi dərman vasitələrinin apteklərdə fərqli qiymətlərə satılması məsələsi ilə bağlı istehlakçılara müraciət edib.
Oxu.Az xəbər verir ki, nazir istehlakçılardan dövlət tərəfindən tənzimlənən qiymətləri pozan apteklər haqqında məlumatları İqtisadiyyat Nazirliyinə göndərməyi xahiş edib.
O, Azərbaycanda Tarif Şurasının ləğv olunması ilə bağlı gəzən söhbətlərə də münasibət bildirib:
"Tarif Şurası ləğv edilməyib, prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək. Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək. Tarif Şurası fəaliyyət göstərir və dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri yenə də tənzimlənəcək.
Bu, davamlıdır. Dövlət tərəfindən dərman vasitələrinin qiymətləri də tənzimlənir. Bu gün apteklərdə qiymətlər Tarif Şurasının müəyyən etdiyindən yüksəkdirsə, bu barədə bizə məlumat verin”.
Qeyd edək ki, dərman vasitələrinin qiymətləri İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının rəsmi internet səhifəsində göstərilib.
Şərhlər