Azərbaycanda vətəndaşlıqdan çıxma və vətəndaşlığı qəbul etmə ilə bağlı yeniliklər tətbiq olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilir.
Qanunun 5-ci maddəsinə əlavə edilən yeni dördüncü hissəyə görə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
Qanunun 6-cı maddənin birinci hissəsi ləğv edilir. Bu, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamənin çıxarılmasıdır.
Qanunun 10-cu maddəsinə yeni əlavə olunacaq ikinci hissədə isə deyilir: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Yeni sənəddə qanunun 12-ci maddəsinin adı və məzmunu dəyişdirilərək belə təqdim olunur: “Maddə 12 - Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlı olmayan olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.
Bu maddənin hazırkı variantı isə belədir: “Maddə 12 - Vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır”.
Eyni zamanda qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir:
““Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi”.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir:
“Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir”.
Qaynar.info
Şərhlər