Qaynarinfo Publika.az-a istinadən UNEC Biznes Məktəbinin direktoru, Harvard Universitetində müəllim kimi çalışmış araşdırmaçı alim Nazim Hacıyevin müsahibəsini təqdim edir:
- Rica edirəm, Harvard Universiteti ilə əməkdaşlığınızdan bəhs edin.
- 2017-2018 tədris ilində Fulbrayt proqramının qalibi oldum. Lakin Proqram maliyyələşdirilmədiyindən Harvard Universitetinin elan etdiyi "Dəvətli alim” müsabiqəsində iştirak etdim. Müsabiqədə 1024 tədqiqatçı iştirak edirdi. Yalnız dörd tədqiqatçı seçildi. Yaponiyadan bir nəfər, Çin Xalq Respublikasından bir nəfər, Kanadadan bir nəfər, Azərbaycandan isə mən.
15 oktyabr 2017-cı il tarixindən 30 avqust 2018-ci tarixinə kimi "Qlobal bazarda karbonhidrogen resursları (neft və qaz) və onların perspektivləri” mövzusunda tədqiqat layihəsini yerinə yetirmək üçün təhsil və tədqiqat üzrə dünya lideri olan Harvard Universitetinin nüfuzlu Davis Rusiya və Avrasiya Araşdırmalar Mərkəzinə dəvət almışdım.
Harvard Universitetinin beyin mərkəzlərinə dəvət olunmuş "Dəvətli alimlər” arasında birinci yer tutdum. Harvard Universitetinin dəstəyilə "Springer Press”də "Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma” monoqrafiyası 2018-ci ilin dekabrında çapa qəbul edildi. Hazırda Amazon.com və "Springer”də satışa çıxarılıb.
- Bu gün, demək olar ki, bir çox şəxs ölkəmizdəki ali təhsilin keyfiyyətindən şikayətlənir. Bu fakta necə aydınlıq gətirək?
- Azərbaycan cəmiyyətinin xüsusi bir cəmiyyət modeli kimi formalaşması ali təhsil ölçülərinin dəyişməsini şərtləndirir. Bunun hüquqi, təşkilati və maliyyə cəhətləri ilə yanaşı, təfəkkür tərzi ilə bağlı çoxlu tərəfləri var. Keyfiyyətli ali təhsilsiz müstəqilliyimiz mümkün deyil. İntellektual müstəqilliyimiz isə bunun ən zəruri şərtlərindən biridir. Cəmiyyətimizin açıq modelinin qurulması ali təhsilimizin də dünya təhsil mexanizminə inteqrasiyasını şərtləndirir. Bu baxımdan, ali təhsil ocaqları təhsil işçilərinin və tələbələrin fəaliyyətinin beynəlxalq ali təhsil standartlarına müvafiq formalaşmasını tələb edir.
Şübhəsiz ki, yaxın illərdə qabaqcıl ölkələrin təhsil səviyyəsinə qalxmaq mümkün olmayacaq. Lakin dünyanın qabaqcıl təhsil sistemlərini hədəf almaq lazımdır. Elə Boston şəhərində 30-a yaxın universitet var. Onların hamısında modul sistemi tətbiq olunur. Məsələn, tələbə iki fənni qəbul edir, iki ay müddətində təhsilini davam etdirir. Bir həftə ərzində imtahan verir. Sonra isə növbəti modula keçirlər. Danılmaz faktdır ki, tələbə ilə müəllim nə qədər çox ünsiyyətdə olarlarsa, tələbənin məhsuldarlığı da bir o qədər yüksələr.
Sadəcə, bizdə vəziyyət bir az mürəkkəbdir. Çünki MBA proqramının əsası yeni qoyulur. Bizdə tələbələr müxtəlif ixtisaslardan gəldiklərinə görə baza təhsilinin, biznesin, mühasibatın nə olduğundan xəbərsizdirlər və çevik qərar qəbul edə bilmirlər. Məsələn, Harvard Universitetinin Biznes Məktəbində müxtəlif ixtisas sahiblərinə - hərbçilərə, restoran sahiblərinə dərs deyirdim. Onlar bilmədikləri fənləri gedib bakalavr təhsili alanlarla birgə dinləyirdilər. Bizdə bu sistem yoxdur. Amerikada sahibkarlığın, vergi, mühasibatlığın bir çox komponentləri orta məktəblərdə fənn kimi tədris olunur. Biz hələ bu mərhələyə çatmamışıq.
- Qeyd etdiniz ki, tələbələriniz arasında restoran sahibləri də vardı…
- Bəli. İnkişaf etmiş ölkələrdə insanlar daha uzaqgörən olurlar. Bu gün mənim mülküm var, maddi durumum yaxşıdır deyib sakitləşmirlər. Hadisələrin gedişatına məntiqlə yanaşırlar. Yəni sərmayəmi artırmaq üçün daha nə işlər görə bilərəm deyə düşünürlər. Həm də təhsil almaq heç bir yaşda gec deyil.
- Müəllim dərs zamanını hansı bölgülər əsasında qurmalıdır?
- Bilirsiniz, hazırda tələbələrin həm internetdən, həm də digər mənbələrdən əldə edə biləcəyi çox şey var. Müəllimin tələbədən yalnız bir üstünlüyü ola bilər. Ona əli çata bilməyən bilikləri vermək. Məsələn, bizdə müəllim hər gün 90 dəqiqə ərzində dərs verə bilər. Harvardda isə həftə ərzində iki dəfə olmaqla, 3 saat ərzində mükəmməl dərs keçir. Bu müddətin maksimum bir saatını mühazirə oxumağa həsr edir. Qalan iki saat ərzində isə real iqtisadiyyatda baş verən yenilikləri tələbələrə praktiki cəhətdən cavabları ilə birgə izah edilir. Müəllim tələbəyə hansı vəsaitlərdən istifadə etmək lazım olduğunu səhifəsinə qədər göstərir.
Amerika təhsili real təcrübəyə əsaslanıb. Bizdə daha çox nəzəriyyəyə önəm verilir. Halbuki dünya tendensiyasında artıq təcrübə nəzəriyyəni üstələyir. Amerikada tələbələr ali məktəbə məqsədli şəkildə qəbul edilirlər. Bəzən hətta illik təhsil haqları 50 min dollardan da çox olur. Lakin buna baxmayaraq arzuolunmaz nəticə göstərsələr, universitetdən xaric olunurlar. Bizdə bu hal, demək olar ki, yaşanmır.
- Bəs UNEC Biznes Məktəbi bu sistemdən faydalanır?
- Artıq iki ildən çoxdur ki, UNEC Biznes Mərkəzində bu sistemi tətbiq etməyə başlamışıq. Amma təəssüf ki, tələbələrimizin çoxu gün ərzində işləyirlər. İllik təhsil haqlarını da özləri ödəyir. Bu səbəbdən də axşam dərsə yorğun gəlirlər. Əslində, tədris sistemi tələbənin sosial durumuna əsasən yox, keyfiyyəti nəzərə alaraq qurulmalıdır. Bazar iqtisadiyyatı şəraitində rəqabət elə sərtdir ki, düşünən beyinlərə ehtiyac var.
Harvardda olduğum dövrdə Azərbaycanın UNEC Biznes Məktəbinin MBA proqramı haqda təqdimat etdim. Ətraflı məlumat verdim. Onlar məni dinləyəndən sonra güldülər ki, axşam saat 19:00-dan sonra keçilən dərsi tələbə necə qavraya bilər? Axı insan gün ərzində bank və ya digər dövlət orqanlarında çalışırsa, kompüter qarşısında bütün zehni güclərini sərf edir.
Yorğun iş günündən sonra gəlib hansı dərsi qavraya biləcəklər? Və tövsiyə etdilər ki, tədrisi tələbələrin sosial durumuna deyil, keyfiyyət meyarlarına əsasən təşkil edək. Əks halda universitetimizin nüfuzu zəifləyəcək.
Həmçinin, qrupda xarici tələbələrin sayı nə qədər çox olarsa, rəqabət də bir o qədər yüksələr, müəllim də öz üzərinə düşən məsuliyyəti tam dərk edər. Bizdə xarici tələbələrin sayı az olduğu üçün rəqabət zəifdir.
Tutaq ki, alman tələbə mübadilə proqramı ilə Azərbaycanda təhsil almağa gəlib. Təbii ki, öyrənməli olduğu proqramı müəllimdən daha iddialı tələb edəcək. Amerikada alim tədqiqat aparmırsa, ona dərs tədris etməyə icazə verilmir. Bu gün dünya təhsili sertifikatlaşdırılmaya doğru gedir. Bizdə isə hələlik diplom sistemidir. Müəllim qarşısında sərt tələb qoyulur ki, impact elmi jurnallarda (Web of Science və SCOPUS-da) məqalələri dərc edilsin. Universitet rəhbərliyi hər il dünya çapında illik reytinqini artıran və bilikli tələbələr yetişdirən müəllim axtarışında olur.
- Sizcə, Amerika təhsilini dünya lideri edən əsas cəhət hansıdır?
- Amerikanın bir sıra universitetlərində müşahidələr apardım. Tələbələrə əsas üç şey öyrədilir - mütaliə etmək, strateji düşünmək və məntiqli sual vermək bacarığı. Çünki baza təhsili tələbəyə savad verə bilər, amma yaradıcılığı yoxdursa, işində irəliləyə bilməyəcək. Yaradıcı düşünə bilmirsinizsə, hətta ən dəqiq sahələrdə uğur qazanmayacaqsınız.
Müəllim 15-20 min dollar maaşı havayı almır. Öz tədqiqatına çevik və yaradıcı tələbələrdən ibarət komanda yığır ki, məhsuldarlığı artsın. Həmçinin tələbələr də bu əməkdaşlıqdan pul qazanırlar. Harvardın alternativ enerji stansiyalarında çalışıb aylıq məvacib alırlar.
- Müəllim-tələbə, ustad-şagird münasibətləri Harvardda hansı məcrada irəliləyir?
- Sizinlə diqqətimi çəkən bir məqamı bölüşəcəyəm. Mən Harvardda professora sovet dövründə olan dərin hörməti müşahidə etdim. Harada ağ saçlı, yaşlı müəllim görürlərsə, təzim edərək, salam professor deyirlər. Tanımasalar belə üzlərinə gülümsəyirlər. Aralarında valideyn-övlad münasibəti var. Amma qanun çərçivəsində…
Müəllimlə münasibətim yaxşıdırsa, o, mənə güzəşt etmək məcburiyyətində deyil. Harvard Universitetində tələbənin ixtiyarı nədir ki, apellyasiya müraciət etsin. Çünki professordan sonra onun assistentləri də imtahan nəticələrini 100 faiz dəqiqliklə yoxlayırlar. Dəfələrlə tələbələrə mühazirə deməyə gələn dünyanın ən məşhur Nobel mükafatçıları ilə tanış olmuşam. Dərs zamanı tələbələrlə qibtə ediləcək qədər sadə və səmimi davranırdılar. Amma tələbələr də bu münasibətdən sui-istifadə etmirlər. Yerində və məntiqli suallar verirlər.
- Dünyanın inkişaf etmiş ölkələrində istənilən şəxs nüfuzlu professorun mühazirəsində problemsiz iştirak edə bilir. Bizdə vəziyyət nə yerdədir?
- Öncə ondan başlayaq ki, dərs keyfiyyətini artırmaq üçün ən reytinqli universitetlərdə müəllim 15 tələbədən artıq tələbəyə dərs keçmir ki, hər birinə kifayət qədər zaman ayıra bilsin. Bizdə bu sistem hələlik axsayır. Lakin buna baxmayaraq hər kəs onlayn qeydiyyatdan keçib həmin professorların mühazirəsində iştirak etmək imkanı qazanır. Sual vermədən, dərsin gedişatına mane olmadan mühazirəni dinləyirlər. Bizdə isə bu imkan yalnız ali məktəbin əməkdaşlarına və tələbələrin valideynlərinə yaradılır.
- Alimin xarici dil bilgisi mütləqdir?
- İstər iqtisadçı, riyaziyyatçı olsun, istərsə də digər ixtisas sahibi olsun, xarici dil, xüsusən də ingiliscə bilmirsə, ona alimlik dərəcəsi vermək doğru deyil. Əgər dünya elminə inteqrasiya edə bilmirsə, hansı vəsaitlərdən istifadə edərək alim olur? Alim öz ideyasını yazılı və şifahi formada geniş kütləyə çatdıra bilmirsə, demək, dünya elminə çıxmağa yolu yoxdur.
- Sonda nə demək istəyirsiniz?
- Bu halı qəbul etmək lazımdır ki, bütün Avropa ali məktəblərinin professor-müəllim heyəti Harvardı üstün tuturlar, orada təcrübə keçirlər, öyrənirlər. Özümü çox şanslı sayıram ki, 11 ay Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) tədqiqat aparmaq, Harvard Biznes Məktəbi və Kennedi Məktəbində dərs demək mənə də nəsib oldu.
Ölkəmizin yaradıcı və istedadlı insanları çoxdur. Sadəcə onlara təkan vermək lazımdır. Alman universitetlərinin birində çalışandan sonra başqa bir ali məktəbdə dərs demək üçün sənədlərimi hazırlamalı idim. Rəhbərlikdən xasiyyətnamə istədim.
Onlarsa, sadəcə, bir cümlə yazdılar. "Nazim Hacıyev qanun çərçivəsində hərəkət edən mütəxəssisdir”. Və bildirdilər ki, bununla lazımlı bütün məlumatı vermiş oldular. Həqiqətən, artıq konkretlik və dərin məntiq dövrünə keçid edirik. Zəmanəyə uymaq lazımdır.
Şərhlər