Dağlar arasında yerləşən və Avropanın ən iri termal kurortlarından birinə sahib olan bu paytaxt əslində çox kiçikdir - Londonla müqayisədə 121 dəfə balacadır. Bu Avropa paytaxtında nə göydələnlər, nə qatarlar, nə də hava limanı var, lakin bu, onun cazibəsini azaltmır.
Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, gözəl bir vadidə, İspaniya sərhədinə yaxın yüksəklikdə yerləşən və hələ də çox dəyərləndirilməmiş Andorra-la-Vella - Andorra knyazlığının paytaxtıdır. Şəhər böyük vergisiz ticarət mərkəzi və məşhur spa kompleksi ilə tanınır.
Bu balaca şəhər cəmi 12,5 kv. km ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, London təqribən 1572 kv. km sahəyə malikdir, yəni Andorra-la-Vella ondan 121 dəfə kiçikdir. Bununla belə, şəhər dəniz səviyyəsindən 1023 metr yüksəklikdə yerləşir və Fransa ilə İspaniya arasındakı Pireney dağlarının möhtəşəm mənzərəsini təqdim edir.
"Andorra-la-Vella olduqca qonaqpərvər şəhərdir. Burada sizi vadilərin panoramaları və XVI əsrə aid ‘Casa de la Vall’ sarayının yerləşdiyi, daş döşəməli, balaca ‘Barri Antic’ adlı tarixi məhəllə heyran edəcək", səyyahlar üçün bələdçi olan "Lonely Planet"in mütəxəssisləri bildirir.
Bununla belə, onların sözlərinə görə, şəhər əsasən səyahətçilər üçün Pireney dağlarının qarlı xizək yollarına və yüksək dağlıq marşrutlara gedən yolda dayanacaq nöqtəsidir.
Cəmi 20 430 nəfərlik əhaliyə malik olan şəhəri ziyarət edənlərin əksəriyyəti turistlərdir. Onlar "Grandvalira" xizək bölgəsini və yaxınlıqdakı "Vallnord" kurortlarını kəşf etmək istəyirlər. Qeyd olunur ki, Andorrada xizək sürmək Alp dağları ilə müqayisədə çox daha ucuz başa gəlir, bu da onu məhdud büdcəli turistlər üçün ideal edir.
Əgər siz xizək sürməkdə özünüzü əmin hiss etmirsinizsə, yaxınlıqdakı Les-Eskaldes bölgəsində yerləşən "Caldea" spa kompleksini ziyarət edə bilərsiniz - bu, Avropada ən böyük termal spa mərkəzidir. Burada 34°C-yə qədər qızdırılmış termal hovuzlar, Skandinaviya saunaları, türk buxar hamamları, cakuzi və müxtəlif spa prosedurları mövcuddur. Giriş biletlərinin qiyməti 30,50 avro ilə 46,50 avro arasında dəyişir.
Şəhərdə hava limanı olmadığı üçün Andorra-la-Vellaya çatmaq bir qədər çətin ola bilər, lakin bu çətinliyə dəyər. Səyahətçilər adətən əvvəlcə Barselonaya uçurlar. Oradan isə təxminən üç saatlıq avtobus yolu və ya kirayə avtomobillə Andorraya getmək mümkündür.
Andorra-la-Vellada müxtəlif kateqoriyalı mehmanxanalar mövcuddur ki, bu da həm lüks, həm də büdcəyə uyğun tətil axtaranlar üçün əlverişli seçimlər yaradır.
Məsələn, 1-8 iyul tarixləri arasında "Magic Andorra" otelində iki nəfərlik otaqda bir həftəlik qalmaq 480 avroya başa gəlir.
Lüks tətil axtaranlar isə beşulduzlu "Andorra Park Hotel" otelinə üstünlük verə bilərlər. Burada ənənəvi lyuks otaq eyni tarixlərdə 1487 avroya təklif olunur.
Aydın
Şərhlər