Bakıda məhbusların qaçması faktına görə həbsdə olan müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş məhkəməyə göndəriləcək.
Bu barədə AzVision.az-a müğənninin vəkil Türkəl Süleymanlı deyib.
O bildirib ki, Fədayə Laçının vəziyyəti hazırda normaldır. Yeganə istəyi azadlığa qovuşmaqdır.
"Fədayə xanımın xəstəliyi var, fiziki problemlərlə mübarizə aparır. Ancaq psixoloji durumu yerindədir. Bu baxımdan hər hansısa narahatığı yoxdur”,- deyə vəkil bildirib.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.
Şərhlər