Dünya 18:00 26.01.2019

Həbsxanaya 1,5 kilometr tunel qazdırıb qaçan El Çapo kimdir?

Əsil adı Xoakin Arçivaldo Quzman Loera olan "El Çapo" Meksika bölgəsinin ən böyük narkobaronlarından biri olub.

Qaynarinfo xəbər verir ki, o, 25 dekabr 1954-cü ildə Meksikanın Sinaloa şəhərində doğulub. El Çapo ABŞ xüsusi təyinatlıları tərəfindən 2014-cü ildə saxlanılaraq həbs edilib, lakin həmin ilin iyulun 14-də qaldığı həbsxananın altına 1,5 kilometr uzunluğunda tunel qazdıraraq oradan qaçmağı bacarıb.

Bundan sonra ABŞ hökuməti onun yenidən saxlanılması üçün lazımi məlumatları verənə 5 milyon dollar mükafat veriləcəyini vəd etmişdi. Qaçaq olduğu müddətdə cinsi orqanını böyütmə əməliyyatı keçirmiş və 2015-ci ildə narkotik ticarətinə mane olduğunu əsas gətirərək, İŞİD lideri Əbu Bəkr əl-Bağdadini hədələmişdi.

Məşhur cani 8 yanvar 2016-cı ildə yenidən ələ keçib.

Ətrafında çoxlu düşmənləri olan El Çapo 1993-cü ildə Tixuana kartelinin hədəfi olub. Onun enəcəyi hava limanına hücum etmək üçün gedən sui-qəsdçilər El Çapo ilə eyni marka və rəngdə avtomobil idarə edən baş yepiskopa hücum etmiş, bu əsnada da Quzman aradan çıxmağı bacarmışdı.

Onun şanslı olduğu digər bir məsələ isə yaxınındakı adamları rahat bir şəkildə öz kartelinə daxil etməsi olub. Belə ki, Quzmanla eyni bölgədə narkotik ticarəti ilə məşğul olan Xuarez kartelinin başçısı bir inşaat yerində barelin içərisində ölü olaraq tapılıb. Bundan qorxuya düşən Xuarez kartelinin adamları isə El Çaponun tərəfinə keçiblər. Lakin hadisənin gerçək üzü çox sonralar aşkara çıxıb. Belə ki, kartelin başçısının sui-qəsd nəticəsində yox, yanlış əməliyyat səbəbindən öldüyü müəyyən edilib. Bu səbəbdən xəstəxana rəhbərliyi hadisənin ört-basdır edilməsi üçün onu bir barelin içərisinə qoyaraq basdırıblar.