Bir albomun yayımlandığı gün yol hərəkəti təhlükəsizliyinə təsir göstərə bilərmi? ABŞ-da aparılan araşdırma Teylor Svift kimi populyar sənətçilərin yeni albomlarını təqdim etdiyi günlərlə bağlı diqqətçəkən nəticə ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Harvard Tibb Məktəbinin mütəxəssislərinin apardığı araşdırmada 2017-2022-ci illərdə yayımlanan və bir gün ərzində “Spotify” rəqəmsal musiqi platformasında ən çox dinlənilən 10 albom araşdırılıb.
Tədqiqata Teylor Sviftin 2022-ci ildə yayımlanan “Midnights”, müğənni Drakenin 2018-ci ildə çıxan “Scorpion” və Harri Stilesın 2022-ci ildə yayımlanan “Harry’s House” albomları da daxil edilib.
Mütəxəssislər müəyyən ediblər ki, albomların yayımlandığı günlərdə ABŞ-da ən çox dinlənilən 200 mahnının ümumi dinlənmə həcmi albomların buraxılışından dərhal əvvəlki və sonrakı günlərlə müqayisədə 43 faiz artıb.
Ölüm halları artır
ABŞ-da ölümlə nəticələnən avtomobil qəzalarının qeydə alındığı əhali əsaslı məlumat bazasından istifadə edən tədqiqatçılar albomların yayımlandığı günlərdəki ölüm hallarını buraxılış tarixindən əvvəlki və sonrakı 10 günlə müqayisə ediblər.
Həftənin günü, rəsmi tətillər və mövsümi amillər nəzərə alındıqdan sonra böyük albomların yayımlandığı günlərdə yol qəzalarında ölüm hallarının oxşar günlərlə müqayisədə 15,1 faiz artdığı müəyyən edilib.
Tədqiqatın aparıcı müəllifi, doktor Vişal Patel bildirib ki, insanları telefon istifadəsinə təsadüfi şəkildə yönləndirmək mümkün deyil və sürücülər qəzadan əvvəlki bir neçə saniyə ərzində nə etdiklərini nadir hallarda deyirlər.
Onun sözlərinə görə, albomların yayımlandığı günlər yol şəraiti, hava və ya sürücünün kimliyindən asılı olmayan səbəblərlə ölkə üzrə smartfon istifadəsinin artdığı bir dövr təqdim edir.
“Ekrana baxırlar”
Patel qeyd edib ki, sürücü telefonunun kilidini açmalı, tətbiqi işə salmalı, yeni albomu tapmalı, mahnı siyahısına baxmalı və istədiyi mahnının üzərinə toxunmalıdır.
Onun sözlərinə görə, bütün bu proses zamanı sürücü bir neçə saniyə ərzində diqqətini yoldan yayındıraraq ekrana baxa bilər.
Araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Aydın
Şərhlər