Sürətlə inkişaf edən süni intellekt dövründə tarixçilərin rolu daha da artır. Alimlərin fikrincə, heç bir alqoritm keçmiş hadisələrin emosional və mənəvi dərinliyini dərk edə bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Kornell Universitetinin nasist Almaniyası üzrə mütəxəssisi Yan Burtslaff "Rethinking History" ("RH") jurnalında dərc olunan məqaləsində bildirib.
Tədqiqatın məzmunu
Burtslaff araşdırmasında 1995-ci ildə La-Pas, Krakov və Konnektikutda qeydə alınmış Holokost şahidlərinin ifadələrinin ChatGPT tərəfindən necə yenidən təsvir olunduğunu təhlil edib.
Məlum olub ki, süni intellekt ən mühüm məqamları ötürür. Məsələn, yeddi yaşlı Luizanın ifadəsində onun anasının barmağını kəsərək ölməkdə olan uşağa "heç olmasa bir damla nəmlik" vermək üçün qan damcılarını dodağına toxundurması epizodu tamamilə nəzərə alınmayıb.
Burtslaff qeyd edib: "Əgər süni intellekt müasir tarixdə insan əzablarının zirvəsi olan belə səhnələri belə ötürürsə, daha incə süjetlərdə də təhriflər qaçılmazdır. Tarixçilər vacibdir, çünki onlar dinləməyi və interpretasiya etməyi bacarır. Süni intellekt isə yalnız ümumiləşdirir".
Tarixin "sadələşdirilməsi" təhlükəsi
Alim vurğulayıb ki, ChatGPT kimi sistemlər bəzən gözlənilməz baxış bucağı təqdim edə bilsə də, onlar tarixi "sadələşdirməyə" meyillidir. Bu isə xüsusilə Holokost kimi faciələrin aydın və düzxətli hekayəyə çevrilməsi ilə nəticələnə bilər.
Burtslaff qurbanların ifadələrini süni intellekt üçün "lakmus kağızı" adlandırıb: "Alqoritmlər tarixi hamarlaşdırır və nizamlayır, halbuki tarixçinin vəzifəsi etik yükü qorumaqdır".
Əsas prinsip
Müəllif travma, soyqırımı və tarixi ədalətsizlik mövzuları ilə işləyən alim və müəllimlər üçün beş prinsip irəli sürüb. Əsas şərt odur ki, tarixçilər "maşın kimi" danışmamalı, təkrar olunan nümunələrə deyil, unikal şahidliklərə söykənməlidirlər.
Burtslaff yekun olaraq bildirib: "Söhbət təkcə Holokostun xatirəsindən getmir. Burada həm də cəmiyyətlərin alqoritmlər dövründə öz keçmişlərini necə yadda saxlayacağı və şərh edəcəyi məsələsi dayanır".
Aydın
Şərhlər