Xəbər lenti

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb
Foto 21:18 13.06.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət "Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilib.

Qaynarinfo Azərtaca istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, beş il əvvəl Gürcüstan Milli Muzeyində Azərbaycana aid minlərlə tarixi, mədəni artefaktın olduğu məlum oldu. Bununla əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi və qərara gəlindi ki, bu materiallar əsasında möhtəşəm sərgi təşkil olunsun.

Sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin və Gürcüstan Milli Muzeyinin birgə xeyli iş gördüyünü diqqətə çatdırıb. "Sərgidə nümayiş olunan şəkillərin böyük bir qismi bərpa edilib. Gürcüstanın Milli Muzeyi yaranan gündən bu artefaktları toplayaraq günümüzədək qoruyub saxlayıb. Buna görə gürcüstanlı həmkarlarımıza təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.

Gürcüstan Milli Muzeyinin baş direktoru, akademik David Lordkipanidze bildirib ki, sərgidə nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan sənətçilərinin şah əsəri hesab etmək olar. O, sərginin tamaşaçıların rəğbətini qazanacağına əminliyini ifadə edib.

Diqqətə çatdırılıb ki, oktyabrın 6-dək davam edəcək sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.

Sərgidə Qacarlar epoxasına aid qədim incəsənət nümunələrinin əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim edilir. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alıb.

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir. Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub.

Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.

Qeyd edilib ki, Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və müasir Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunur. Bu eksponatlarla tanışlıq o dövrün həyat və məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verir, sarayın memarlıq üslubunu nümayiş etdirir.

Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunur. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsinə səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. O, İrəvan qalasının nadir tikililəri- Sərdar Sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb.

Tədbir çərçivəsində, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi professor Eldar Nadiradzenin "İrəvan xanlığı: tarixi və mədəni profili” kitabının təqdimatı keçirilib.

Kitabın müəllifi, professor Eldar Nadiradze nəşr haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda aparılan döyüşlər, xanlığın Azərbaycan tarixində oynadığı rol barədə müfəssəl məlumatlar əksini tapıb. Kitabda İrəvan xanlığının tarixindən bəhs edən foto və rəsm əsərləri, Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların şəkilləri yer alıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->