Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl Heydər Əliyev tərəfindən ona verilən "QAZ-24” markalı "Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.
Qaynarinfo AzərTac-a istinadən xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.
Hadisə isə belə olub: Mərhum prezident Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə - 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir "Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Heydər Əliyev "Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar "Volqa” avtomobilinin verilməsini tapşırır.
Həsrət Əsədov deyir ki, həmin "QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. "Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə mərhum prezidentlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, - deyə Salyan sakini bildirir.
Şərhlər