Hicabla bağlı qanuna dəyişiklik - deputat izahat verdi

Hicabla bağlı qanuna dəyişiklik - deputat izahat verdi

"Qanuna əlavə olunan dəyişikliklər dini ekstremizmə qarşı yönəlib, insanların vicdan azadlığına qarşı deyil”

Bir neçə gün öncə Milli Məclis uşaqların dini etiqada məcbur edilməsini qanunla qadağan etdi. Dəyişikliyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Bu haqda dəyişiklik "Dini etiqad azadlığı haqqında” Qanuna edilib. Dəyişikliyə əsasən,  xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Son günlər qanunda edilən bu dəyişiklik müzakirələrə səbəb olub, xüsusilə də bəzi inanclı insanın narazılığına səbəb olub. Bizimlə söhbətdə Ofelya Səlimova bu dəyişikliklə bağlı çox təəssüfləndiyini deyib: "Əxlaqsızlıqla mübarizə aparsınlar, Bayram Nurlu kimilərini efirlərdən yığışdırmırlar, dərdləri tək hicabdır elə bil..." "Qızım məndə görüb, o da hicab taxmaq istəyir, necə ona qadağan edim, uşaqdır. İndi bu o deməkdir ki, mən onu məcbur edirəm?!”, - deyə Fatimə adlı oxucu  bildirib.

Gülcamal Əliyeva isə uşaqların hicab taxmasını, dini ayinlər həyata keçirməsini düzgün saymır: "Onlar hələ uşaqdırlar, indidən niyə uşaqları məcbur edirlər. Heç yaxşı görünmür, mən bunun əleyhinəyəm. Yaxşı ki qanunda bu nəzərə alındı".

Bəs görəsən, qanunda edilən bu dəyişiklik əslində nəyi ehtiva edir? Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.



İlham İsmayıl 

Təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti İlham İsmayıl mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Qanuna əlavə olunan dəyişikliklər dini ekstremizmə qarşı yönəlib, insanların vicdan azadlığına qarşı yönəlməyib. Təəssüf ki, qanunda yaş həddi göstərilməyib, ona görə  də manipulyasiya edə bilərlər. Xüsusilə kiçik yaşlı uşaqlara məcburən dini tərbiyə edilməsi yolverilməzdir. Aydın məsələdir ki, heç bir uşaq yaxını haqqında bir söz deyə bilməyəcək ki, "məni məcbur edirlər”. Ona görə bir yaş həddi əlavə etmək lazım idi. İkincisi, burada çox yaxşı bənd var ki, yalnız dövlət tərəfindən təyin olunan dini mərasimləri həyata keçirən rəsmi din xadimləri kütləvi dini tədbirlər həyata keçirə bilər. Radikal islamçı, hansısa təxribata yol verəcək şəxsin kütləvi dini tədbirləri keçirməsi yolverilməzdir. Biz bunu Aşura günlərində görmüşük. Radikallar  Aşura gününü hansı istiqamətə yönəltmək istəyirlər. Yalnız aşura deyil, digər dini mərasimləri də.  Bayram Nurlu və onun kimi başqaları cəmiyyət üçün ekstremizm deyil, radikallıq yaratmır.  Bu qanun hicaba qarşı deyil, körpələrin hicabla dərsə getməsi,  küçəyə çıxarılmasına qarşıdır. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maaarifləndirmə işləri aparmalıdır, onda heç belə suallar da yaranmaz. Hesab edirəm ki, din xadimləri yeni qanun haqqında təbliğat işləri aparmalıdır.



Aqil Abbas 

Millət vəkili Aqil Abbas da mövzu ilə bağlı fikrini bildirib: "Dünyanın heç bir yerində, heç bir Avropa ölkəsində hicaba qadağa yoxdur. Necə ola bilər ki, biz hicaba qadağa qoyaq. Bu, sadəcə, azyaşlı uşaqların dini istismar edilməməsi üçündür. İnsan gərək anlaya , dini tanıya ki, ona da əməl edə. Dini heç kim qadağan edə bilməyib. Heç Lenin qadağan  edə bilmədi, hamı o dövrdə dini ayinlərini yerinə yetirdi. Tutaq ki, qanunda bəzi qadağalar elədik. Qanunda qadağan edilib, rüşvət almaq olmaz, almırlarmı? Korrupsiya, dələduzluq edilmirmi?! Yəni hər şey qanunla həll olunmur, insanların təfəkkürü, beyni ilə həll olunur. Guya qanunla qadağan etsək, necə olacaq. Bu bir az maarifçiliklə olmalıdır, sizin kimi tanınan qəzetlər, saytlar etməlidir. TV-lər ər-arvadı dalaşdıran verilişlər verməməlidirlər. Biri çıxıb televiziyada deyir ki, arvadım mənə xəyanət elədi. Bu qədər qeyrətsizlik olmaz axı. Onun əvəzinə daha ağıllı verilişlər versək, bilərlər ki, 14 yaşa kimi uşağa hicab olmaz. Böyüyəndən sonra bağlayar, öz işidir. Biz demokratik ölkədə yaşayırıq, kiməsə nəyisə qadağan etmək olmaz".

Deputat "məktəblərdə, təhsil ocaqlarında bundan sonra uşaqlara hicab taxmağa icazə verilməyəcəkmi” sualına da cavab verib: "14 yaşa qədər uşaqlara icazə verilməyəcək. Bir yaxın qohum vardı, nəvəsi fizika, riyaziyyatdan olimpiadada yer qazanırdı. Hicab taxdığına görə indi artıq onu yarışlara buraxmırlar. Həmin o uşaq məhv oldumu? İmkan verin uşaq öz arzusu ilə, istəyi ilə böyüsün. Böyüyüb, 18 yaşına çatar, hicabını taxar, lap çadra da taxar. Heç kim ona bunu qadağan edə bilməz".
X
XƏBƏRLƏR
BLOGLAR