Xəbər lenti

Hikmət Babaoğlu: “ÜST-ün Azərbaycanla bağlı heç bir neqativ qeydi olmayıb”
Sağlamlıq 09:00 06.03.2020

Hikmət Babaoğlu: “ÜST-ün Azərbaycanla bağlı heç bir neqativ qeydi olmayıb”

"Ümumdünya Səhiyyə Təşkliatının gündəlik məlumatında Azərbaycanla bağlı heç bir neqativ hadisə qeyd olunmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda koronavirus təhlükəsinə qarşı görülən tədbirlərdən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirus təhlükəsinə qarşı hər cür tədbirlər planı hazırlanıb:

"Ötən ilin dekabr ayında Cinin Vuhan şəhərindən yayılmağa başlayan bu virus qısa vaxt ərzində bizim sərhədimizə, qonşu dövlətlərə qədər gəlib çıxdı. Ancaq Azərbaycan əvvəlcədən tədbirli davranaraq, mümkün təhlükələrə qarşı və müxtəlif səviyyələrdə tədbirlər həyata keçirməyə başladı. Və ən nəhayət sonda qəti qərarlar qəbul edərək hətta sərhəd-keçid məntəqələrində ciddi nəzarət tətbiq etməklə tədbirləri yeni səviyyəyə qaldırdı. 

Koronavirusun yayılması sürətlə baş verir. Azərbaycan dünyanın bir parçasıdır. Və nəzərə alaq ki, koronavirus hava və damcı yolu ilə yayılan virusdur. O zaman hər yerdə yayılması mümkündür. Virusun qonşu ölkələrdə yayıldığı zamanda Azərbaycan ciddi tədbirlər görməyə başladı. Azərbaycan Prezidentinin nəzarəti altında və onun tapşırığı ilə hətta Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Eyni zamanda bu təhlükəyə qarşı kompleks tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat maddi vəsait ayrıldı. Düşünürəm ki, bu da mümkün təhlükələrin aradan qaldırılması və onlara qarşı mübarizə aparılması üçün az vəsait deyil”.
 
 

Hikmət Babaoğlu qeyd edib ki, bütövlükdə Azərbaycanda ictimai-gigiyena səviyyəsi yüksəkdir:

"Hamıya aydındır ki, virusun yayılmasına səbəb olan vasitələrdən biri də gigiyenik qaydalara düzgün riayət edilməməsidir. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə vaxtında çox effektiv maarifləndirmə tədbirləri həyata keçirməyə başladı. Azərbaycan vətəndaşlarını virus və virus daşıyıcılarını təhlükədən qorumaq üçün hansı qaydalara əməl etmələri ilə bağlı vaxtaşırı mətbuatda geniş açıqlamalar verilirdi. Eyni zamanda bura daxil etmək lazımdır ictimai nəqliyyat vasitələrində, metro-vaqonların vaxtaşırı dezinfeksiya edilməsi və xarici ölkələrdən gələn təhdidlərə qarşı yenə tədbirlərin görülməsi və s. Bu, nədən ibarətdir? 

Bu günlərdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev regionlara səfəri çərçivəsində Goranboy rayonunda xəstəxananın açılışında iştirak etdi. Və xeyli bizim bilmədiyiyimiz əlavə tədbirlər haqqında məlumat verdi. Onlar çox vacib məlumatlar idi”.

Millət vəkili Azərbaycanın tranzit ölkəsi olduğunu vurğulayıb: 

"Yükdaşıma vasitələriylə təmin olunan iqtisadiyyatın böyük bir qismi Azərbaycanın bu günə kimi formalaşdırdığı nəqliyyat qovşağı komunikasiyasından keçərək realizə olunur. Bu mənada həm virus təhlükəsinin yarada biləcəyi iqtisadi zərərlərdən qaçmaq, həm də təhlükəsizliyi  təmin etmək üçün Azərbaycan maraqlı tədbir həyata keçirir. Yükdaşıyan nəqliyyat vasitələri gömrük-keçid məntəqələrində yığılır və kalon düzəldikdən sonra polisin xüsusi müşayiəti altında ölkəmizdən digər məntəqəyə kimi ötürlür. Bu prosesdə təhlükəyə qarşı sürücülərin qidalanması, onların ərzaqla təmin olunması məsələsi də Azərbaycan höküməti tərəfindən həyata keçirilir. Bu qədər detallı tədbirlərdən sonra şübhəsiz ki, Azərbaycan vətəndaşı da özünü rahat hiss edir. Azərbaycan vətəndaşı öz dövlətinə və Prezidentinə inanır. Onun koronavirus təhlükəsinə qarşı həyata keçirdiyi tədbirlər planı ilə özünü güvəndə hiss edir. İctimaiyyət görülən tədbirlərdən məmnundur”.

Hikmət Babaoğlunun fikrincə, bütün bunlar Azərbaycan Prezidentinin öz vətəndaşlarının  səhhəti ilə bağlı bütün tədbirlər planını həyata keçirmək siyasətinin nəticəsidir:

"Azərbaycanın hər yerində səhiyyə xidmətləri əlçatandır. Bu da bizim bir üstünlüyümüzdür. Çünki cənab Prezident Goranboy xəstəxanasının açılışında iştirak edərkən dedi ki, son 16 ildə ölkəmizə 700-dən çox xəstəxana tikilib, təmir edilib, səhiyyə ocaqları yaradılıb. Bütün bu səhiyyə xidmətləri Azərbaycan vətəndaşları üçün edilib. Yəni, hər bir vətəndaş üçün səhiyyə xidmətləri əlçatandır. Virusun yayılmaması üçün görülən önləyici tədbirlərdən biri, bəlkə də ən vacibi budur. Amma nəzərə almaq lazımdır ki, bu, bir günün işi deyil. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün ən ucqar rayonlarda belə səhiyyə xidməti yüksək səviyyədədir. Və dövlət öz vətəndaşlarının sağlamlığını təmin etmək üçün koronavirus tədbirlərini həyata keçirir. Bu, əlbəttə ki, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”. 

Deputat virusa qarşı mübarizədə tədbirlər planı sırasında Azərbaycanda təhsil müəssisələrində dərslərin müvəqqəti dayandırlması ilə bağlı əmri də düzgün hesab edir:

"Bu da mühümdür. Kütləvi yerlərdə koronavirusun yayalıma ehtimalı böyükdür. Eyni zamanda Azərbaycanda keçirilən çoxlu sayda kütləvi tədbirlər təxirə salındı. O cümlədən mənim də dəvət aldığım beynəlxalq tədbirlərin bəziləri təxirə salınıb. Bu da lazımı addımlardan idi. Bu elə bir təhlükədir ki, virusun epidemiyaya çevrilməsinə gətirib çıxarda bilər. Ona örə də Azərbaycan höküməti ən xırda detalları nəzərə almaqla çox effektli tədbirlər həyata keçirdi. Bunun nəticəsi də göz qarşısındadır. Çünki Ümumdünya Səhiyyə Təşkilatının gündəlik məlumatında Azərbaycanla bağlı heç bir neqativ hadisə qeyd olunmayıb. Tam əksinə, Azərbaycanda həyata keçirilən tədbirlər bu təşkilat tərəfindən yüksək qiymətləndirilir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->