Xəbər lenti

Hokinq 2025-ci ili necə proqnozlaşdırmışdı? - Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır
Dünya 14:38 23.05.2025

Hokinq 2025-ci ili necə proqnozlaşdırmışdı? - Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

Məşhur fizik Stiven Hokinq 1995-ci ildə belə 2025-ci ildə dünyanın necə olacağını təsvir etmişdi. Və o zaman onun bu öncəgörməsi elmi reallıqdan çox fantastik roman süjetinə oxşayırdı. Lakin bu gün, 30 il sonra onun ən cəsarətli proqnozları həyata keçməyə başlayır və bəzən dəhşətli dəqiqliklə doğru çıxır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb.

Qeyd edilir ki, Hokinq öz öncəgörməsini digər alimlərlə birlikdə BBC-nin "Sabahın Dünyası" proqramı çərçivəsində təqdim etmişdi və bu proqram futuristik ideyalara yönəlmişdi.

O, texnologiyaların inkişafı, gündəlik həyatdakı dəyişikliklər və kosmosun öyrənilməsi perspektivləri haqqında düşünürdü. O zaman bu fikirlər demək olar ki, inanılmaz görünürdü, amma onilliklər sonra onlar öz dövrlərindən qabaq olan peyğəmbərliklər kimi səslənir.

Stiven Hokinq nəyi proqnozlaşdırmışdı?

Kosmosa baxan gələcək: Hokinqin çıxışının əsas mövzularından biri insanlığın kosmik gələcəyi idi. O, yaxın gələcəkdə kosmosun tədqiqinin dövlətlərin eksklüziv vəzifəsindən çıxaraq şirkətlərin əlinə keçəcəyini güman edirdi. Bu gün artıq "SpaceX" və "Blue Origin" kimi şirkətlərin kosmik turizmi inkişaf etdirdiyini, uçuş texnologiyaları yaratdığını və hətta asteroidlərdə resurs çıxarılmasını müzakirə etdiyini görürük - alimin proqnozları ilə tam uyğun.

Rəqəmsal inqilab və süni intellektin (Al) yüksəlişi: Hokinq həmçinin dünyanın rəqəmsal texnologiyalar vasitəsilə dəyişəcəyindən danışırdı. O, qlobal şəbəkənin insanlığı əvvəllər görünməmiş şəkildə birləşdirəcəyini proqnozlaşdırmışdı. Bu gün biz internetin, smartfonların və bulud texnologiyalarının həyatın ayrılmaz hissəsi olduğu, sosial şəbəkələrin isə ünsiyyətin əsas kanallarına çevrildiyi bir reallıqda yaşayırıq. 

O, xüsusi diqqəti süni intellektə ayırmışdı və onu gələcəyin əsas istiqaməti hesab edirdi. Lakin Hokinq həmçinin nəzarətsiz inkişaf edərsə, Al-ın risklər yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

Robotların gündəlik həyatın bir hissəsi olması: Hokinq robotların insanların həyatında ayrılmaz yer tutacağına inanırdı. Bu proqnoz tam şəkildə reallaşıb: cərrah robotlardan tutmuş Alexa kimi ev köməkçilərinə, tozsoran robotlara və ağıllı kolonkalara qədər. O, gündəlik həyatda "ağıllı köməkçilər"dən bəhs etmişdi və indi ağıllı ev ekosistemləri bu ideyaları gündəlik reallığa çevirib.

Mətndə qeyd olunur ki, Hokinqin bütün fərziyyələri reallaşmayıb. Məsələn, o, alış-veriş etmək və ya hesabları idarə etmək üçün istifadə edilə biləcək dərialtı mikroçiplər haqqında danışmışdı. Bu texnologiya hələ də geniş yayılmayıb. O, həmçinin hələ də nəzəri işlər mövzusu olan super sürətli kosmik uçuşlar haqqında düşünürdü.

Lakin bəzi səhvlərə baxmayaraq, Hokinqin proqnozlarının dəqiqliyi heyranedicidir. Onun elmi ciddiliklə cəsarətli təxəyyülü birləşdirmək qabiliyyəti, irsini xüsusilə dəyərli edir – xüsusən də cəmiyyətin texnoloji tərəqqi və məsuliyyət arasında tarazlıq axtardığı bu dövrdə.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->