İctimai Birlik müstəqilliyimizin ildönümündə şəhid ailələriylə birgə (FOTOLAR)

İctimai Birlik müstəqilliyimizin ildönümündə şəhid ailələriylə birgə (FOTOLAR)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan Müstəqilliyin Bərpası Gününün 30 illik yubiley tarixini 44 günlük Vətən müharibəsi zamanı şəhid olan qəhrəman hərbçilərimizin ailələri, övladları ilə birlikdə qeyd edib. 

Dünən "New Baku Hotel”də baş tutan tədbirdə şəhid ailələri ilə yanaşı, ictimai xadimlər, yaradıcı insanlar da iştirak edib. 

Təbiri Birliyin rəhbəri Sevinc Fədai açıq elan edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Sevinc Fədai bildirib ki, atalarının yazdığı qəhrəmanlıq hekayəsinin davamı olan uşaqlarla birlikdə olmaq şərəf, məsuliyyət və sevincdir:

"Biz müstəqilliyi asan əldə etməmişik, asan qorumamışıq, torpaqlarımızı da asan azad etməmişik. Bütün bunlar qəhrəmanlarımız dişiylə-dırnağıyla, canı, qanıyla əldə edib və bizə bu şərəfi bəxş edib. Və biz torpaqlarımızın düşmən tapdağından azad edilməsi zamanı sadəcə hərbi qulluqçularımızı itirmirik, həm də şəhid qəhrəmanlarımızın ailələrinin böyük mənəvi yükü və borcu ilə üzbəüz qalırıq. Müharibədə həyat yoldaşını itirən qadınlar üçün sonrakı mərhələdə də müharibə, onun təsiri davam edir. Şəhid xanımı olmaq nə qədər uca bir məqam olsa da, həyatın bu ağır və çətin sınağı qarşısında mətanətli dayanmaq onlar üçün bir o qədər də asan olmur. Bu baxımdan siz də qəhrəmansınız, mətanət simvolusunuz. Hər birinizin qarşısında baş əyirəm!

Qadın ana olmaqla bərabər, cəmiyyətin əsas dayaqlarından biridir. Övladlarını milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Bu yolda biz sizin yanınızdayıq”.

Daha sonra Vətən müharibəsinin şəhidi, leytenant Nurlan Həsənovun anası Həqiqət Həsənovaya söz verilib: "Siz qəhrəman övladısınız, gərək atanıza bənzəyəsiniz. Onlar kimi vətəni qoruyasınız. Düşmənin ayağı bir də bu torpağa dəyməsin. Allah analarınıza, nənə-babalarınıza güc versin. Siz isə həmişə atalarınızla fəxr edin...”

Tədbirdə çıxış edən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib: "Şəhid xanımları, mənim dərdim sizsiniz, sizin hansı çətinliklər qarşısında olduğunuzu yaxşı bilirəm. Qəhrəman oğullarımız torpaqlarımızı azad etdilər, ancaq bundan sonra bütün yük sizin çiyninizdədir. Ona görə sizə güc-qüvvət diləyirəm ki, onları atalarına layiq böyüdə biləsiniz. Mən özüm atamı erkən yaşda itirmişəm deyə bilirəm ki, kişi, ata nəvazişi, sığalı olmayan ailədə hər şey necə çətin olur... Ancaq sizdə də o güc var, mən sizə inanıram və həmişə sizin yanınızdayam. O qadın ki həyat yoldaşının tabutuna çiyninin verir, o millət ölməyəcək! Mən sizə həsəd aparıram”.

Ardınca Əməkdar jurnalist, professor Qulu Məhərrəmli uşaqları sual-cavab edib, onlarla maraqlı söhbət aparıb. Ardınca çıxışında qeyd edib:

"Bizim həyatımız bütövlükdə bir filmdir, çox vaxt ekranlarda görünür. Onun girişi olur, hadisələr inkişaf edir, kamillik dövrünə çatır,sonu olur. Bəs biz o filmlərdən nə öyrənirik? Bizim dostumuz Türkiyə böyük dövlətdir, bir neçə il əvvəl orda PKK əleyhinə hərbi əməliyyat aparırdılar. Hərbi əməliyyatın adı "Günəş” idi. Günəş PKK-ya qarşı vuruşanda həlak olan bir zabitin qızının adı idi. Sizin kimi qəhrəman övladı idi. Məlum olur ki, şəhid uşağının adı qoyulan hərbi əməliyyat indiyə qədər keçirilən əməlyiyatların ən uğurlusudur. Əsgərlər heç bir itki vermir. 

Sizin atalarınız vətən uğrunda həlak olub. Soruşursuz ki, vətən uğrunda şəhid olmaq niyə bizim atamızın boynuna düşüb? Şəhid olmaq sözün əsl mənasında, bəxt, tale məsələsidir. Yəni bu vətəni sevirsən və onun uğrunda vuruşursan. Dünyada 3 minə yaxın xalq və millət var. Onlardan cəmi 200-nün dövləti var. O 200 xalqdan biri Azərbaycandır. Bizim müstəqil dövlətimiz var. Oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasının 30 yaxşı olacaq. 103 il əvvəl bizim qurucu babalarımız bir müstəqil dövlət yaradıblar.

Vətəni sevmək imandandır, dində deyilir. Vətən uğrunda şəhid olmaq ən yüksək mərtəbələrdən  biridir. Bax sizin atalarınız vətənizimizə sahib olublar. Sahib olmasan, vətən üçün vuruşa bilməzsən. Bir məşhur türk şeiri var:

Sahibsiz ola məmləkətin batması haqdır, 
Sən sahib olursan, o vətən batmayacaqdır.

Yəni vətəni sevəndə onu qoruyursan, qorxmursan. Qorxu insanı kiçldir. Sizin atalarınız qorxmadıqları üçün düşmənlə vuruşub, şəhid olublar. Çoxx vaxt bu şüarı eşidirsiniz ki, "Şəhidlər ölmür, vətən bölünmür”. Həqiqətən, şəhidlər ölmür, bizi hiss edirlər. Siz dərslərinizi yaxşı oxuyanda da, ananızı sevəndə də, ona kömək edəndə də sizi görür. Şəhidlərin dilindən yazılmış bir şeir var. Deyir: Altnda yatırkən də bizimdir yein üstü. Yəni vətən uğrunda ölür, amma missiya bitmir. Onlar çiyinləri, ruhları ilə bu vətənə kömək edir. Ona görə şəhid övladı, şəhid xanımı olaraq həmişə xeyir, nəcib işlərin yanında olmaq lazımdır”. 

Tədbirin gedişatında  Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin  5-ci sinif şagirdi Hacıyev İsmayıl "Anadır arzulara hər zaman Qarabağ” mahnısını şəhid ailələrinə ərmağan edib. 

Ardınca Vətən müharibəsinin qazisi, Qubadlı uğrunda gedən döyüşlərdə yaralanan Xəqani Məmmədov tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlətimiz, xalqımız şəhid və qazilərimizi unutmur. Bu tədbir də onun təsdiqidir. 44 gün ərzində qəhrəman oğullar sayəsində işğal altında olan torpaqlarımız vətənimizə qaytarıldı. İçi özüm qarışıq canımı şəhidlərimizə borcluyam, şəhidlərimizin ruhu şad olsun”.

Şəhid leytenant Teymur Abbaslının həyat yoldaşı Sonaxanım Abbaslı isə çıxış edərək vətənini sevən hər bir azərbaycanlıya təşəkkür etdiyini bildirib: "Belə bir deyim var: torpaq qanla qarışanda vətən olur. Bəli, o vətənin torpağında bizim ailələrimizə də pay düşür. Mən fəxr edirəm ki, qəhrəman həyat yoldaşıyam, onunla bir həyat paylaşmışam. Həmin oğulları dünyaya gətirən Azərbaycan qadınları sağ olsun, bədəninin yarısını torpaq altında qoyan qazilərimiz sağ olsun. Düşmənin gözünə dik baxan, gənc yaşında canında keçən şəhidlərimizin ruhu şad olsun. Bir ömürboyu gözüyaşlı övlad böyüdən şəhid xanımları var olsun. Var olsun Azərbaycan Ordusu, Azərbaycan xalqı! Allah qoysa biz Bütöv Azərbaycanı da görəcəyik!"

Tədbirdə iştirak edən yazıçı Tural Cəfərov isə çıxışında önəmli məqamlara toxunub: "Məmməd Əmin Rəsulzadə yüz il əvvəl "Bir kərə yüksələn bayrağı" Azərbaycan əsgərinin yenidən ucaldacağını deyirdi. "Qırx dörd günlük" müharibə də bu öngörümün gerçəkləşməsiydi. Çünki bu müharibə nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil, azad və fərəhli məmləkət olub. Və böyük idealı gerçəkləşdirən şəhid və qazilərimiz hər birimizin ürəyində və tariximizdə silinməz izlər qoyub”.

Daha sonra şəhid övladları çıxışlar edib, vətənpərvərlik ruhunda olan şeir və mahnılar söyləyib. Birlik üzvləri şəhid xanımları ilə söhbət edib, uşaqlarla maraqlı vaxt keçirib, onlara maraqlı hədiyyələr verilib. 

Tədbir başa çatdıqdan sonra millət vəkili Məlahət İbrahimqızı gələrək şəhid ailələrinin problemlərini dinləyib, müzakirələr aparıb. 

Qeyd edək ki, tədbir "JBA Group”un (www.jba.az) baş sponsorluğu, "New Baku Hotel”, GM MEDİA MMC, "Mimi” uşaq mağazasının dəstəyilə ilə keçirilib.  

XƏBƏRLƏR
BLOGLAR
X