Şahin Cəfərli

Blogger
Yazılar
33
İki qoçun başı bir qazanda qaynamır

İki qoçun başı bir qazanda qaynamır

Şahin Cəfərli

Bu qədər dövlətçilik təcrübəsi olan, tarixdə dəfələrlə Rusiya ilə qarşı-qarşıya gəlmiş türk dövlət ağlının Rusiyanı hələ də yaxşı tanıya bilməməsini son illər heyrətlər içərisində izlədik...

... Rusiya imperiyası Bizansın süqutundan bir müddət sonra özünü onun varisi - "Üçüncü Roma" kimi mövqeləndirib, siyasi-dini mirasını sahibləndi. Pravoslavlığın xilaskarı, "Mehdisi" qismində Konstantinopolu geri almaq və onu yenidən pravoslav xristianlığın mərkəzinə çevirmək əsas hədəf kimi qoyuldu.
II Yekaterina nəvəsinə Konstantin adını verdi ki, gələcəkdə şəhər alındıqdan sonra onu Bizans taxt-tacına çıxarsınlar.

Krım savaşında (1853-56) I Nikolayın məqsədi o idi ki, "Avropanın xəstə adamı" adlandırdığı Osmanlını məhv edərək Konstantinopolu ələ keçirsin. Britaniya və Fransa rus imperiyasının isti dənizlərə enməsini və talassokratik gücə çevrilməsini istəmədikləri üçün Osmanlıya dəstək verib, birlikdə Rusiyanı sarsıdıcı məğlubiyyətə uğratdılar. Təkcə Sevastopolda 100 minlik rus qarnizonu məhv edildi. Nikolay qəhrindən öldü.

II Aleksandr dövründə Konstantinopolun və boğazların ələ keçirilməsi üçün hərbi əməliyyat planı hazırlandı. 1877-78-ci il savaşında (türklərin "93 Harbi" dediyi) rus ordusu Osmanlını bütün cəbhələrdə məğlub edərək Yeşilköyə - hazırda fəaliyyəti dayandırılmış Atatürk hava limanının yerləşdiyi əraziyə qədər gəldi, lakin Britaniyanın ultimatumundan sonra geri çəkildi və şəhər türklərdə qaldı.

II Nikolay taxta çıxdıqdan sonra ilk qərarlarından biri Konstantinopol uğrunda Osmanlı ilə müharibəyə başlamaq oldu. Lakin maliyyə naziri, alman Vitte bu avantüranın dövlətin iqtisadi əsaslarını sarsıdacağı fikrini irəli sürüb, çarın əmisi, Qvardiyanın və Peterburq hərbi dairəsinin komandanı, knyaz Vladimir ilə birlikdə bu qərarı təxirə saldıra bildi...

İkinci dünya savaşından sonra Stalin Türkiyəyə ultimatum ünvanladı ki, boğazlarda hərbi baza yaratmağımıza icazə verməlisiniz. Eyni zamanda, Stalin Türkiyədən bəzi şərq vilayətlərini də SSRİ-yə (Ermənistana və Gürcüstana) verməyi tələb etdi. Dünya müharibəsindən qalib çıxmış 10 milyonluq sovet ordusu qısa müddətdə Türkiyəni diz çökdürə bilərdi. Ankara təcili ABŞ-la yaxınlaşdı, NATO yarananda isə üzvlük üçün 3 dəfə müraciət etdikdən və Koreya savaşında ABŞ-ın tərəfində döyüşə girib, 700-dən çox şəhid verdikdən sonra ittifaqa daxil olaraq təhlükəni sovuşdurdu...

Çox uzatmadan müasir tarixə gəlirəm.

Vəziyyətin bu yerə çatması təkcə Ərdoğanın məsuliyyəti deyil. Atatürkün adı ilə hərəkət edən, onu özünə sipər etmiş ulusalcı-avrasiyaçı klikin mövcud durumun yaranmasında böyük rolu var. Dərinə varmadan qeyd edim ki, "Ne ABD, ne AB, tam bağımsız Türkiye" mottosu ilə hərəkət edən bu qruplaşmanın məqsədi Türkiyənin yönünü Qərbdən Avrasiyaya çevirib, Rusiya və Çinə yaxınlaşdırmaqdır. ABŞ ordusunun İraqa hücumda Türkiyə ərazisindən istifadəsinə icazə verən 2003-cü ilin 1 mart tezkeresinin TBMM-də rədd edilməsi bu istiqamətdə atılmış çox önəmli addım oldu. Ərdoğan bu klikdən qurtulub, dövlət gücünü öz əlində cəmləşdirmək üçün dövlət aparatında yuvalanmış başqa bir bürokratik güc - Gülən icması ilə ittifaqa girərək repressiv tədbirlərə (Ergenekon, Balyoz və s.) başladı. Siyasi motivli olduğundan, ittihamlar saxta idi, qurunun oduna xeyli yaş da yandı və türk ordusu bu əməliyyat-istintaq tədbirlərindən böyük zərər gördü. ABŞ və Avropa avrasiyaçı kamalist elitanın zərərsizləşdirilməsində maraqlı olduğu üçün kobud insan haqları pozuntularına, NATO generallarının kütləvi həbsinə səs çıxarmadı.

Ərdoğan və Gülən arasında qənimətə şəriksiz sahiblik uğrunda mübarizə başladıqdan, xüsusən 15 temmuz olayından sonra isə dövlət içərisində ulusalcı qüvvələr yenidən dirçəldi və Ərdoğanın da onlara ehtiyacı yarandı. Nəticədə Türkiyənin xarici siyasətində avrasiyaçı xətt önə çıxmağa başladı...

Ərdoğan dönəmində Türkiyə-Rusiya münasibətlərində baş verənləri bilirsiniz:

- Avropaya böyük həcmdə əlavə Rusiya təbii qazını çıxaracaq "Cənub axını" layihəsi baş tutmadı, "Şimal axını-2" layihəsi isə ABŞ-ın sanksiya təhdidi altında idi. (Artıq sanksiya tətbiq olunub.) Bu vaxt Ərdoğan köməyə yetişərək Moskvanın "Türk axını" (marketinq hiyləsi) adını verdiyi layihəni gerçəkləşdirməsinə şərait yaratdı;

- Ərdoğan Putinlə birlikdə AES layihəsi həyata keçirməyə qərar verdi və Aralıq dənizi sahilindəki Mersində Rusiyaya böyük ərazi ayırdı;

- "Ruslar texnoloji sirlərini bizə verəcək, birgə istehsal da olacaq" kimi boş iddialarla Rusiyadan S-400 ZRK alındı, hətta bunun üçün Türkiyə ən müasir, beşinci nəsil F-35 təyyarələrindən məhrum olmağı da gözə aldı. (Bu dəqiqə hava-su kimi lazımdır.) Halbuki Türkiyə istehsalçı qismində bu strateji layihənin içində yer alan azsaylı NATO ölkələrindən biridir. İndi ən lazımlı anda S-400 işləmir, işləsə belə bu qurğunu Rusiya və onun müttəfiqlərinə qarşı istifadə etmək mümkün deyil;

- Suriya da daxil olmaqla, bütün regional məsələlər üzrə maraqları toqquşduğu, rəqib olduqları, xüsusən Krımın ilhaqından sonra Türkiyənin təhlükəsizliyinə Rusiya təhdidi artdığı halda, Ərdoğan Moskva və Tehranla ortaqlıq qurub, Qərbə və İsrailə meydan oxumağa çalışdı;

- Ərdoğan Türkiyəsi NATO-nun Rusiyaya qarşı strategiyasının həyata keçirilməsindən mümkün olduğu qədər yayındı və çox passiv rol aldı...

... İndi isə başına gələnlərdən şikayət edib, NATO-dan dəstək istəyir. (Suriyada Türkiyə ordusuna hücum 5-ci maddənin əhatə dairəsinə aid deyil.) Belə xarici siyasət olmur.

Türkiyə ənənəvi xarici siyasətinə qayıtmalıdır. Amma ölkənin radikal siyasi dəyişikliyə ehtiyacı var, bunsuz heç nə mümkün olmayacaq. İndi qorxuram ki, Ərdoğan ölkəni savaşa daxil edib, azadlıqları daha da məhdudlaşdırsın və mövcud durumdan öz zəifləmiş iqtidarını möhkəmlətmək üçün yararlansın.

OXŞAR XƏBƏRLƏR