İlin ən çox danışılan filmində rol aldı, amma sonra telefonları susdu: "49 yaşım olduğu üçün artıq iş tapa bilmirəm”
Bu ilin ən çox müzakirə olunan, kassada rekordlar qıran və uzun müddət boş qalan kinoteatr zallarını yenidən tamaşaçı ilə dolduran filmi rejissor Kristofer Nolanın çəkdiyi "Odyssey" olub.
Qaynarinfo xəbər verir ki, ulduz aktyor heyəti ilə diqqət çəkən filmdə əsas rollardan birini canlandıran və performansı böyük rəğbətlə qarşılanan məşhur aktrisanın adı artıq "Oskar" mükafatı namizədləri arasında hallanır.
Lakin nəhəng kino sənayesində hər şey kənardan göründüyü kimi deyil.
"Odyssey" filmində sehrbaz Kirke obrazını canlandıran 49 yaşlı britaniyalı aktrisa Samanta Morton bildirib ki, Hollivudda yaşa görə ayrı-seçkilik hələ də geniş yayılıb. Aktrisanın sözlərinə görə, filmdəki uğurlu roluna və aldığı müsbət rəylərə baxmayaraq, son bir ildə yeni iş tapa bilməyib.
Samanta Morton bu günlərdə qatıldığı verilişlərin birində deyib: "Odyssey" filminin çəkilişlərini başa vurduqdan sonra artıq bir ildir iş tapa bilmirəm. Halbuki çox yaxşı menecerlərim və agentliyim var. Amma nəticədə mənim 49 yaşım var".
O bildirib ki, özünü yaxşı aktrisa hesab etsə də, sənayedə çoxlu istedadlı aktyor və aktrisalar var və son illərdə kino sektorunun yanaşması ciddi şəkildə dəyişib.
"Yaxşı aktrisa olduğuma inanıram. Amma bu sahədə başqa çox yaxşı aktyorlar da var. Nə demək istədiyimi anlayırsınız? Sənayenin siyasəti xeyli dəyişib. Və bu, yaşla bağlı məsələdir", deyə o vurğulayıb.
Morton qeyd edib ki, çəkilişləri 2025-ci ilin avqustunda başa çatan "Odyssey" filmində rol almaq onun üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu layihə ona həm işləməyə davam etmək imkanı verib, həm də Kristofer Nolanla əməkdaşlıq etmək arzusunu gerçəkləşdirib.
"Bu mənim üçün çox böyük məna daşıyır. Əminəm ki, enişli-yoxuşlu da olsa, 80 yaşıma qədər və ya bacardığım müddətdə işləməyə davam edəcəyəm. Amma mənim üçün bundan da vacibi həyatımda Kristofer Nolanla işləmək fürsəti qazanmağım idi", deyə aktrisa bildirib.
Karyerası ərzində Stiven Spilberq və Vudi Allen kimi tanınmış rejissorlarla da çalışan Samanta Morton etiraf edib ki, komandası ona "Kristofer Nolan sizinlə görüşmək istəyir” dedikdə sevincindən göz yaşlarını saxlaya bilməyib. Onun sözlərinə görə, bu film ona gələcəyə ümid verib.
"Əgər yolunuza davam etsəniz, yaxşı işlər görməyi sürdürsəniz və doğru insanlar bunu görsələr, deməli, irəliləmək mümkündür”, deyə o bildirib.
1990-cı illərdən bəri aktyorluq fəaliyyəti ilə məşğul olan Samanta Morton uğurlu karyera qurub. O, 2007-ci ildə "Longford" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatını ikinci planda ən yaxşı qadın rolu nominasiyasında qazanıb. 2024-cü ildə isə kino və televiziya sahəsindəki görkəmli fəaliyyətinə görə "BAFTA"nın fəxri mükafatına layiq görülüb.
Aktrisa iki dəfə "Oskar" mükafatına namizəd göstərilib. O, 1999-cu ildə "Sweet and Lowdown" filmində ikinci planda qadın rolu, 2002-ci ildə isə "In America" filmində baş qadın rolu ilə bu nüfuzlu mükafata namizəd olub.
Aydın
Şərhlər