İllüziyalar dağıldı: Avropa İttifaqı da dost Çinlə mübarizəyə hazırlaşır (ŞƏRH)

İllüziyalar dağıldı: Avropa İttifaqı da dost Çinlə mübarizəyə hazırlaşır (ŞƏRH)

"ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya ilə yanaşı Avropa İttifaqı da Çinlə uzunmüddətli mübarizəyə hazırlaşır”.

Bunu Qaynarinfo-ya açıqlamasında  politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Qərbin və ona müttəfiq olan ölkələrin Çinlə qarşıdurması yeni mərhələyə qədəm qoyur:

"ABŞ dövləti katibi, Böyük Britaniya, Kanada və Avstraliya xarici işlər nazirlərinin yaydıqları son birgə bəyanat diqqəti çəkir. Dövlət katibi və xarici işlər nazirləri Honkonqdakı son vəziyyətdən narahat olduqlarını bildiriblər. Qərb dövlətləri və müttəfiqləri hesab edirlər ki, Çin Honkonqu ram etmək üçün bütün gücünü səfərbər edib və "bir dövlət, iki sistem” prinsipi artıq işləmir. Halbuki Honkonqun 1997-ci ildə Çinə iadə edilməsi bu prinsip əsasında həyata keçilmişdi. Çin təhlükəsizlik tədbirlərini Honkonq ərazisində reallaşdırmağa hazırlaşır. Pekinin bu planı Qərbdə və ona müttəfiq dövlətlərdə narazılıq yaradır.
 
Bu arada, Avropa İttifaqından da narahatverici səslər gəlməyə başlayıb. Halbuki son ana qədər Avropa İttifaqının rəhbərliyi Çinə qarşı ABŞ və ya Böyük Britaniya qədər sərt bəyanatlar səsləndirmir, bir qədər ehtiyatlı mövqe sərgilməyə üstünlük verirdi. Ancaq Honkonq ətrafındakı son hadisələr Avropa İttifaqının siyasətini dəyişdirməsinə səbəb olub. Brüssel Pekindən birmənalı şəkildə Çinlə Honkonq arasında razılaşmanın yerinə yetirilməsini tələb edir”. 
Elxan Şahinoğlunun fikrincə, Avropa İttifaqının Çinlə uzun onilliklərdir geniş iqtisadi və ticarət münasibtləri var: 

"Brüssel bu münasibətlərin zədələnməsini istəmir. Buna baxmayaraq, Avropa İttifaqı Honkonqla bağlı baş verənlərə də səssiz qalmaq istəmir. Brüssel hesab edir ki, Honkonqun statusuyla bağlı dəyişiyiklik ümumi razılıq əsasında qüvvəyə minə bilər. Mövzu ilə bağlı Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin videokonfransı da keçirilib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borrel açıqlama verərək, Çinin "bir dövlət, iki sistem” prinsipinə zidd siyasətini bu şəkildə izah edib: 

"Çinin planlarından narahatıq. Çin üzərinə götürdüyü beynəlxalq öhhədikləri şübhə altına alır. Biz Pekinlə dialoqda bu məsələni daima diqqətdə saxlayacağıq. Çinə qarşı daha sərt siyasətin tətbiqinə başlamalıyıq”.

Avropa Parlamentinin Çinlə əlaqələrə cavabdeh departamentinin rəhbəri Reyxard Butikofer Pekinin siyasətinə qarşı daha sərt açıqlama verib: "Çinin milli təhlükəsizlik barədə qanununun Honkonqa tətbiq olunması aqressiv siyasətin tərkib hissəsi sayılmalıdır. Dünyada koronaviorus epidemiyasının yayıldığı və bununla mübarizə aparıldığı dövrdə Çinin "liderliyə” can atması özünəvurğunluqdur və bu siyasət aşkar aqressiyaya çevrilir””.

Politoloq qeyd edib ki, Avropa İttifaqından Çinin ünvanına səslənən sərt açıqlamaların səslənməsinə baxmayaraq, Brüssel Pekinə qarşı iqtisadi sanksiya tətbiq etməyi planlaşdırmır: 

"Ancaq o da bəllidir ki, son hadisələr fonunda Pekinlə Brüssel arasındakı münasibətlər dərin yara aldı. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişelin bu sözlərindən də müəyyənləşdirmək olar: "Çinin beynəlxalq aləmdəki davranışı ilə bağlı heç bir illüziyamız qalmayıb...”  

Beləliklə, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya ilə yanaşı Avropa İttifaqı da Çinlə uzunmüddətli mübarizəyə hazırlaşır. Çin hələ ki özünə arxayındır və geri addım barədə düşünmür. Ancaq Çinin bu dövlətlərin tamamı, o cümlədən qonşu Yaponiya, Hindistan və Vyetnamla mübarizəyə gücü və potensialı çatacaqmı?” 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR