Siyasət 19:55 22.04.2016

İlqar Məmmədovun məhkəməsində nələr oldu - içəridən reportaj

Aprelin 22-də Şəki Apellyasiya Məhkəməsində REAL sədri İlqar Məmmədovun və azadlıqda olan Müsavat başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılıb. Prosesə maraq əvvəlcədən güclü olduğundan çoxsaylı sayda insan məhkəmə binasının önünə toplaşıb. 

Proses 14:30-da hakim Hümmət Məmmədovun sədrliyi ilə başladı. İlk olaraq, REAL sədrinin vəkili Fuad Ağayev çıxış etdi: "Ötən prosesdə verdiyimiz vəsatətlər var. Hökm hələ qüvvəyə minməyib, amma İlqar Məmmədov hələ də həbsdədir. Avropa Məhkəməsinin hüquqlarını müdafiə etdiyim şəxsin azadlığa buraxılması ilə bağlı 6 qərarı var. Amma heç biri yerinə yetirilməyib. Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi qanuna ziddir. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətimiz var. İttihamda yolverilməz sübutlar var, onlar ittiham aktından çıxarılsın. Bəzi saytların 24 yanvarda İsmayıllı hadisələri ilə bağlı xəbərləri var. Onlara məhkəmədə baxış keçirilsin".

Tofiq Yaqublunun vəkili Nemət Kərimli Avropa Məhkəməsinin çıxardığı qərarların yerinə yetirilməməsinin Azərbaycana başucalığı gətirmədiyini söylədi. 

Ardınca İlqar Məmmədov çıxış etdi: "Həbsim siyasi qərardır. Dövlət maşınını işə salıb, 19 hakim indiyə qədər barəmdə qanunsuz qərar çıxarıb. 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürməyimə mane olurlar. Cəzaçəkmə müəssisəsinin rəhbəri sənədlərimi qəbul etmir. 29 aprelə qədər vaxt var. İndidən icazə verilməlidir ki, imza toplaya bilim. Bütün bunların siyasi yükünü kim çəkəcək? Əgər icazə verilməsə, indidən 90 saylı dairədə keçiriləcək parlament seçkilərini qeyri-legitim hesab edirəm".

Hakimlər müşavirə otağına yollandılar. Ardınca qərar açıqlandı. Həbs-qətimkan qərarı qüvvədə saxlanıldı. Vəsatətlərdən yalnız 24 yanvarla bağlı saytlarda gedən məlumatlara baxış keçirilməsi təmin olundu. 

Həmin tarixdə İlqar Məmmədov və Tofiq Yaqublunun əsasən ittiham olunduqları saat 16:00-dan 17:00-a qədər olan zaman intervalına baxış keçirildi. Məlum oldu ki, həmin vaxtda İsmayıllıda hər hansı bir ixtişaş baş verməyib.

İlqar Məmmədov prosesin bu yerində söz aldı: "Mövqelər odur ki, günahsız olduğumuz sübut olunub. Vəsatətlər verilməsə belə, indiyə qədər olan faktlar yetir. Mövcud sübutlar təhrif olunub".

Prokurorun çıxışı dinlənildi. O, apellyasiya şikayətinin verilməsinə heç bir əsasın olmadığını bildirdi. 

Bununla da, məhkəmə istintaqı yekunlaşdı.

REAL sədri prokurorun çıxışına etiraz etdi: "Yalnış təfəkkürdür. Siz kimsiniz, axı? Təfəkkürünüz bizi səhv çıxara bilməz".

Daha sonra şahidlər Azər Qasımlı və Altay Göyüşov ifadə verdilər. A.Qasımlı hadisə günü Azərbaycanda olmadığını, hadisədən internet vasitəsilə məlumat tutduğunu söylədi. Altay Göyüşov isə hər iki təqsirləndirilən şəxsin günahının olmadığını qeyd etdi. 

Vəkil Fuad Ağayev 24 yanvar 2013-cü il saat 16-17:00 arası İsmayıllının polis rəisi Nizami Ələkbərovun müsahibə verdiyini və şəhərdə sabitliyin olduğunu söylədiyini bildirdi. Bu faktın İ.Məmmədov və T.Yaqublunun günahsız olduğunu bir daha sübut etdiyini söylədi. 

Vəkil Nemət Kərimli hər iki şəxs barədə qərarın absurd olduğunu bildirərək, hər iki şəxs barədə bəraət verilməsinin vacibliyini vurğuladı. 

İ.Məmmədov son sözündə əvvəlki instansiyalarda sözlərini dediyini bildirdi: "Təzə modadır, "Ergenekon"u buraxdılar, moda uyğunlaşın".

REAL sədrinin sözləri zalda alqışlarla qarşılandı. 

Tofiq Yaqublu son sözlərində bunları dedi: "Bizə qarşı quraşdırdığınız olmayıb, ən azından qohum-əqrabanız İsmayıllıda ola bilər. Onlardan soruşun, görün belə hadisə olub. Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi açıqlama yayaraq, İsmayıllıda sabitliyin olduğunu bildiriblər. Necə ola bilər ki, həmin gün cinayətkar olan məni Bakıya xüsusi maşınla göndərsinlər? Hətta avtomobilimizin benzinini belə, vurublar. Cinayətkara qarşı bu hərəkəti edərlər? Şərəfli Eldar Mahmudov kimi rəhbəri olan MTN niyə çəkilişlər aparıb, ortaya qoymadı. Azacıq da olsa, vicdanınız olsun. Müstəqil olmağı bacarın. Mənə dəyən mənəvi ziyana görə 500 min avro tələb edirəm".

Hakimlər son qərar üçün müşavirəyə getdilər. Müşavirədən qayıdan hakim heyəti son qərar üçün gələn həftənin ilk günlərində məlumat veriləcəyini bildiriblər. Bununla da, proses qeyri-müəyyən vaxta təxirə salındı.

Məhkəmədən sonra İlqar Məmmədov media nümayəndələrinə açıqlama verdi: "Mənə qarşı təzyiqlər davam edir. Çalışacaqlar ki, məni sona qədər saxlasınlar. 2013-cü ildə prezident seçkilərində iştirakıma mane oldular. Indi də, əllərində əlac olsa, 2018-ci ilə qədər məni həbsdə saxlayarlar. Seçkilərdə iştirakıma mane olmaq üçün... Bundan sonra hələ ki, Şəki İstintaq Təcridxanasında saxlanılacam. Əvvəllər olduğu kimi, bu dəfə də mənə qarşı təzyiqlər ola bilər. Mətbuat nümayəndələri diqqətdə saxlasınlar".

Qaynarinfo.az