Çində yoxa çıxan uyğur modeldən mesaj: “Dindirmə otaqlarından qışqırıq səsləri gəlirdi”

Çində yoxa çıxan uyğur modeldən mesaj: “Dindirmə otaqlarından qışqırıq səsləri gəlirdi”

Merdan Ghappar kamera qarşısında durub şəkil çəkdirməyə alışıb.

31 yaşlı Merdan geniş şəbəkəsi olan, Çinin onlayn pərakəndə satış şirkəti Taobao-nun modeli kimi geyim markalarını reklam edərək yaxşı maaş alıb.

Ancaq cənab Ghappar-ın bir videosu fərqlidir.

Dəbdəbəli studiya və ya şəhər küçəsi əvəzinə arxa planda kirli divarları olan və pəncərəsinə dəmir tor çəkilmiş bir otaq görünür. Cənab Ghappar isə üzündə narahat bir ifadə ilə səssizcə oturmuş vəziyyətdədir.

Kameranı sağ əli ilə tutaraq o, əynindəki çirkli paltarlarını, şişmiş topuqlarını və sol biləyini otaqdakı yeganə mebel olan çarpayının metal çərçivəsinə qıfıllayan əl qandalını göstərir.

Cənab Ghappar-ın BBC-yə ötürülmüş videosu bir sıra mətn mesajları ilə birlikdə Çinin yüksək dərəcədə mühafizə olunan və gizli həbsxana sistemi barədə dəhşətli və olduqca nadir bir hesabatdır və həmin hesabat birbaşa həbsxananın daxilindən göndərilib.

Bu material Çinin Sincan bölgəsindəki "üç bəla" adlandırdığı separatçılıq, terrorçuluq və ekstremizmə qarşı aparılan mübarizənin təsirini göstərən sənədlər toplusuna daha bir dəlil əlavə etmiş olur.

Son bir neçə il ərzində hesablamalara görə, bir milyondan çox uyğur və digər azlıqların nümayəndəsi Çində ciddi mühafizə olunan düşərgələr şəbəkəsinə göndərilib. Çin rəsmi səviyyədə həmin düşərgələrin könüllülük prinsipi əsasında fəaliyyət göstərdiyini, ekstremizmə qarşı hazırlıq kursları keçirilən məktəblər olduğunda təkid edir.

Minlərlə uşaq valideynlərindən ayrı salınıb və son araşdırmalar göstərir ki, qadınlar zorla doğuşa nəzarət üsullarına əməl etməyə məcbur olunurlar.

İşgəncə və təhqir edilmə ittihamlarına əlavə olaraq cənab Ghapparın hesabatı, göründüyü kimi, sübut edir ki, Çinin təkrar təhsil düşərgələrinin bağlandığını iddia etməsinə baxmayaraq, uyğurlar hələ də əhəmiyyətli sayda həbs olunurlar və ittiham irəli sürülmədən həbsxanada saxlanırlar.

Sənəddə, eləcə də uyğur icmalarına göstərilən böyük psixoloji təzyiqə dair yeni təfərrüatlar, o cümlədən 13 yaşındakı uşaqları "tövbə edib təslim olmağa" çağıran sənədin fotoşəkli də var.


Uşaqları "tövbə etmək və təslim olmağa" çağran Merdan Ghappar-ın göndərdiyi sənədin bir hissəsi

Sincanda hal-hazırda koronavirus infeksiyasına tutulma hallarının sayında kəskin artım müşahidə edildiyi halda, Ghappar-ın təsvir etdiyi natəmizlik şəraiti və sıxlıq infeksiyaya yoluxma riskini ciddi sürətdə artırmış olur.

BBC şərh almaq üçün Çin Xarici İşlər Nazirliyinə və Sincan rəsmilərinə sorğu göndərib, lakin müraciətlərdən heç birinə cavab verilməyib.

Cənab Ghappar-ın ailəsi beş ay əvvəl SMS mesajları kəsiləndən sonra ondan xəbərsizdir. Ghappar-ın ailəsi anlayır ki, onun kamerada çəkdiyi 4 dəqiqə və 38 saniyəlik ikinci videosunun yayımlanması ona qarşı təzyiq və cəzanı sərtləşdirə bilər.

Lakin ailəsi deyir ki, bu, həm onun işinə, həm də ümumiyyətlə uyğurların vəziyyətinə diqqəti cəlb etmək üçün son ümiddir.

Hazırda onun Hollandiyada yaşayan əmisi Abdulhakim Ghappar inanır ki, Ghappar-ın göndərdiyi video ABŞ-da irqi ayrıseçkiliyin güclü bir simvoluna çevrilmiş polisin George Floyd ilə rəftarını göstərən video kimi ictimai rəyi çalxalaya bilər.

"Onların hər ikisi irqi zəmində vəhşiliklə üzləşib," - o deyir.

"Ancaq Amerikada insanlar səslərini qaldırdığı halda, bizdə sükutdur".

2009-cu ildə Merdan Ghappar bir çox uyğurlar kimi bəxtini sınamaq üçün Sincandan Çinin şərqində yerləşən varlı şəhərlərə yollanıb.

Sincan İncəsənət Universitetində rəqs öyrəndiyi dövrdə o, əvvəlcə rəqqas kimi, bir neçə il sonra isə Çinin cənubundakı Foshan şəhərində bir model kimi iş tapdı. Dostları deyirlər ki, cənab Ghappar gündəlik olaraq 1300 dollaradək pul qazana bilirdi.

Onun hekayəsi ölkənin dinamik, sürətlə inkişaf edən iqtisadiyyatı və prezident Xi Jinping-in "Çin Arzusu" şüarı üçün bir reklam kimi görünür. Ancaq türk dili, İslam inancı və Orta Asiya xalqları və mədəniyyətləri ilə etnik bağlılıqları olan uyğurlara Çin rəsmiləri şübhə ilə yanaşır və cəmiyyətdə uyğurlar diskriminasiya halları ilə üzləşirlər.

Cənab Ghappar-ın qohumlarının sözlərinə görə, Ghappar-a deyilmişdi ki, modelyerlik karyerası üçün daha yaxşı olardı, o, milli mənsubiyyətini qabartmasın və üz cizgiləri imkan verdiyindən özünü "yarı avropalı" kimi təqdim etsin.


Merden Chappar 2009-cu ildə Sincandan modelyerlik karyerasını davam etdirmək üçün köçüb

Onlar deyirlər ki, böyük bir mənzil almaq üçün kifayət qədər pul qazansa da, mənzili öz adına qeydiyyatdan keçirə bilmədiyinə görə, bir çinli dostunun adından istifadə etmək məcburiyyətində qalıb.

Ancaq bu haqsızlıqlar sonradan baş verəcəklərlə müqayisədə indi yüngül görünür.

2013-cü ildə Pekində və 2014-cü ildə Kunming şəhərində piyadalara və sərnişinlərə qarşı iki amansız hücumdan bəri - həmin hücumlarda Çin uyğur separatçılarını günahlandırırdı - dövlət uyğur mədəniyyətinə yalnız şübhəli deyil, həm də üsyançı kimi baxmağa başlayıb.

2018-ci ildə dövlət öz cavab tədbirlərini tətbiq edəndə - Sincan boyunca sürətli və geniş miqyasda qurulan düşərgələr və həbsxanalar nəzərdə tutulur - həyatı tezliklə kəskin pisləşəcəyi cənab Ghappar hələ Foshan-da yaşayırdı.

Həmin ilin avqust ayında o, marixuana satmaqda ittiham olunaraq həbs edildi və 16 aylıq həbs cəzası aldı. Dostlarının iddiasına görə, həmin ittiham uydurmadı.

Həqiqətən günahkar olub-olmamasından asılı olmayaraq, onun bəraət alacağı ehtimalı cüzi idi, statistika Çin cinayət məhkəmələrinin qarşısına çıxarılan müttəhimlərin 99 faizindən çoxunun mühakimə olunduğunu göstərir.


Güman olunduğuna görə, Sincan bölgəsindəki həbs düşərgələrində bir milyonadək müsəlmanın saxlanılır

Ancaq 2019-cu ilin noyabr ayında, azadlığa buraxıldıqdan təxminən bir ay sonra polis onun qapısını döyərək, deyildiyi kimi, adi bir qeydiyyat prosedurunu başa çatdırmaq üçün Sincana qayıtmaq göstərişini verir.

BBC onun başqa bir cinayətdə şübhəli olmadığını göstərən sübutları görüb. Hakimiyyət orqanlarının bildirdiyinə görə, o, sadəcə, "yerli icmada bir neçə gün tədris keçməli ola bilər" - bu isə düşərgələr üçün işlədilən bir evfemizmdir.

Bu il yanvarın 15-də dostlarına və ailəsinə icazə verilib ki, ona Foshanda, təyyarəyə oturmazdan əvvəl, hava limanında isti paltar və telefon çatdırsınlar.

O, Foshandan Sincan əyalətindəki Kuça şəhərinə iki məmurun müşayiətiylə yola düşüb.

Digər uyğurların da Çinin başqa yerlərindən və ya xaricdən vətənə qayıtmağa məcbur edildiklərinə dair dəlillər var və cənab Ghappar-ın ailəsi onun təkrar tədris düşərgələrində yoxa çıxdığına əmin idi.

Ancaq təxminən bir aydan sonra onlara qəribə bir xəbər gəlib çatıb.

Necə olubsa, o, telefonunu əldə edərək xarici dünya ilə əlaqə qura bilib.

Videonun çəkildiyi otaqdan göndərilmiş SMS mesajında Merdan Ghappar Sincana gəldikdən sonra daha dəhşətli mənzərə ilə üzləşdiyini təsvir edir.

Çinin WeChat sosial media tətbiqi vasitəsilə yazılmış mesajında o, Kuşaya gəldikdə ilk olaraq polis təcridxanasında saxlandığını qeyd edir.

"Sahəsi 50 kvadrat metrdən böyük olmayan bir otaqda 50-60 nəfərin saxlandığını gördüm, kişilər - sağda, qadınlar - solda," - o yazır.

"Hər kəsin əynində "dörd hissədən ibarət kostyum" var idi - başa taxılmış qara torba, əl qandalları, ayaq qandalları və qandalları bir-birinə bağlayan dəmir zəncir".

Çində əl və ayaq qandallarından birgə istifadə olunması əvvəllər insan hüquqları qrupları tərəfindən tənqid edilib.

Cənab Ghappar bunları taxmağa və kameranın üçdə ikisini əhatə edən qəfəsli bir ərazidə olan adamların yanına keçməyə məcbur edilib. Oraya keçdikdən sonra o anlayıb ki, həmin yerdə uzanıb yatmağa yer yoxdur.

"Torbanı başımdan qaldıraraq polis əməkdaşına dedim ki, əl qandalları biləklərimi əzir," -mesajlarından birində o yazır.

"O mənə sərt şəkildə qışqıraraq "torbanı başından bir daha çıxarsan, səni ölənəcən döyəcəyəm " dedi. Bundan sonra danışmağa cəsarət etmədim", - o əlavə edir.

"Burada ölmək istəmirdim".

O, həbsxananın başqa yerlərindən gələn davamlı qışqırıq səsi haqqında yazır. "Görünür, dindirmə otaqlarıdır," - o güman edir.

Ghappar acınacaqlı və antisanitar şəraiti də təsvir edir - kamerada saxlananların hamısı üçün cəmi bir neçə plastik qab və qaşıq nəzərdə tutulmuşdu, onlardan şərikli istifadə etmək lazım gəlirdi, məhbuslar bitdən də əziyyət çəkirdilər.

"Yeməkdən əvvəl polis yoluxucu xəstəlikləri olan insanlara əllərini qaldırmaq göstərişini verirdi və həmin adamlara yemək sonuncu növbədə verilirdi," - o yazır.

"Ancaq kim axıra qalmaq istəmirdisə, susa da bilərdi. Bu, insan vicdanına aid bir məsələ idi, anlayırsan?"

Yanvarın 22-də Çində koronavirus böhranının zirvəyə çatdığı dövrdə məhbuslara epidemiyaya nəzarət etmək üçün kütləvi, ümummilli tədbirlərin görüləcəyi xəbəri çatdı.

Cənab Ghappar-ın qeydlərinə əsasən, Sincan bölgəsində karantin qaydalarının yerinə yetirilməsinə nəzarət digər yerlərə nisbətən daha sərt olub. Bir dəfə kameraya 16-20 yaş arasında olan dörd gənc gətirildi.

"Epidemiya dövründə onlar bayırda beysbola bənzər bir oyun oynayıblar," - o yazır.

"Onlar polis bölməsinə gətirildilər və qışqıranadək döyüldülər. Onların yanlarının dərisi yarılmışdı və otura bilmirdilər".

Məhbusların başında torba olmağına və kameradakı sıxlığa baxmayaraq, polislər bütün məhbusları maska taxmağa məcbur edirdilər.

"Torba və maskada isə nəfəs almaq daha çətin idi," -o yazır.

Zabitlər daha sonra termometrlərlə gəldikdə, cənab Ghappar da daxil olmaqla, bir neçə məhbusun temperaturu 37C-də olub.

Hələ də "dörd hissəli kostyumda" olan Ghappar-ı bir mərtəbə yuxarıdakı otağa aparıblar. Orada gözətçilər gecə pəncərələri açıq saxlayırdılar, hava o qədər soyuqmuş ki, o, yata bilmirmiş.

Orada o, işgəncə səslərini daha aydın eşitdiyini deyib.

"Bir dəfə səhərdən axşama qədər bir kişinin qışqırdığını eşitdim," - o deyir.

Bir neçə gündən sonra məhbuslar mikroavtobuslara doldurularaq naməlum yerə göndərilib. Soyuqdəyməsi və burun axması olan cənab Ghappar digərlərindən ayrılaraq göndərdiyi videoda əks olunmuş otağa - "epidemiya nəzarəti mərkəzi" kimi təsvir etdiyi bir yerə aparılıb. Ora gətiriləndən sonra qol qandalı yatağa kilidlənib.

"Bütün bədənim bit içindədir. Hər gün onları tuturam - çox qaşındırıcıdır," - o yazır.

"Əlbəttə, burada şərait polis bölməsində olduğundan daha yaxşıdır. Burada tək yaşayıram, amma iki nəzarətçi var".

Bir qədər daha yumşaq olan saxlanma rejimi ona sözünü xarici aləmə çatdırmaq imkanı verib. Görünür, onun telefonu rəsmilərin diqqətindən kənarda qalıb.

Polis həbsxanasında 18 gün qaldıqdan sonra o, gözlənilmədən və gizli yolla xarici dünya ilə əlaqə qura bilib.

Bir neçə gün ərzində o, başına gələnlərdən yazıb. Lakin sonra qəflətən mesajlar kəsilib.

Cənab Ghappar-dan o zamandan bəri heç bir xəbər yoxdur. Rəsmilər onun harada olduğu barədə heç bir rəsmi bildiriş və ya həbsinin davam etməsi üçün heç bir səbəb göstərməyiblər.

Mətn mesajlarının həqiqiliyini müstəqil olaraq yoxlamaq mümkün deyil. Lakin ekspertlər hesab edirlər ki, videogörüntülər, xüsusilə də arxa planda eşidilən təbliğat xarakterli məlumatlar videoun gerçək olduğuna dəlalət edir.

"Sincan heç vaxt "Şərqi Türküstan" olmayıb," - uyğur və Çin dillərində videoda pəncərənin arxasındakı səsgücləndiricidən eşidilən elanda bildirilir.

"Ölkə daxilində və xaricdə separatçı qüvvələr bu coğrafi termini siyasiləşdiriblər və türk dillərində danışanları və İslama inananları birləşməyə çağırıblar", - həmin səs deyir.

Georgetown Universitetinin tarix üzrə professoru və Çinin Sincan siyasəti üzrə eksperti James Millward cənab Ghappar-ın mesajlarını BBC üçün tərcümə və təhlil edib.

Onun sözlərinə görə, onlar Sincanda baş verən və sənədləşdirilmiş buna bənzər hallara uyğun gəlir.

"Polis kamerasının təsviri çox canlı, inandırıcı verilib," - professor Millward deyir.

"O, Çin dilində çox yaxşı yazır və sözün düzü, bu insanlarla necə davranılması barədə bir çox dəhşətli detallar verir. Odur ki, bu olduqca nadir bir mənbədir".

Kommunizm Qurbanlarının Xatirə Fondunda Çinin öyrənilməsi üzrə baş elmi işçi və Sincan üzrə daha bir aparıcı alim olan Dr Adrian Zenz hesab edir ki, videonun əsl qiyməti Çin hökumətinin düşərgələr sistemini ləğv etdiyi barədə bəyanatını yoxlamağa imkan verməyindədir.

"Bu, çox vacibdir, - doktor Zenz deyir. - Bu ifadələr göstərir ki, insanların saxlanması, müxtəlif qruplara bölünməsi və sonra məhkəmə keçirmədən həbsxanalara salınması... bu, çox güman ki, davam edir".

Cənab Ghappar-ın göndərdiyi digər bir sənəddə Aksu bölgəsinin Kommunist Partiyasının katibinin çıxışına istinad edilir.

Həmin sənəddə 13 yaşında olan uşaqlara "səhvlərinə görə tövbə edib könüllü təslim olmaq" təlqin edilir.

Bu sənəd Çinin uyğurların və digər azlıqların düşüncə və davranışlarına nəzarət etmə dərəcəsindən xəbər verən yeni dəlildir.

"Düşünürəm ki, bu, yetkinlik yaşına çatmayanların dini fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunmaları ilə bağlı ilk dəfə rastlaşdığım rəsmi xəbərdarlıqdır," - uyğurlar haqqında geniş araşdırma və yazı yazan Kolorado Universitetinin antropoloqu Dr Darren Byler deyir.

Merdan Ghappar-ın video və mətn mesajlarının yayımlanmasının onu daha uzun və daha sərt cəzalandırma riski altına qoymasına baxmayaraq, onun yaxınları artıq başqa seçimlərinin olmadığını söyləyirlər.

"Səssiz qalmaq da ona kömək etməyəcək," - Amsterdamda yaşayan əmisi Əbdulhəkim Ghappar deyir.


Parisdə nümayişçilər uyğurların soyqırımını dayandırmağı tələb edən şüarlar tuturlar

Əbdulhəkim deyir ki, həbs olunmazdan əvvəl qardaşı oğlu ilə müntəzəm əlaqə saxlayıb və hesab edir ki, bu xarici bağlantılar cənab Ghappar-ın tutulmasının səbəblərindən biridir.

"Bəli, mən buna 100 faiz əminəm," - o deyib. -"O, sadəcə xaricdə olduğum və Çində insan hüquqlarının pozulmasına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyim üçün tutulub".

Əbdulhəkim bir uyğur fəalı kimi 2009-cu ildən Sincanın Urumçi şəhərində geniş miqyaslı etiraz aksiyası öncəsi vərəqələr paylamaqla fəaliyyətə başlayıb.

Bu fəallığı onun Hollandiyaya qaçmasına səbəb olub.

Urumçidəki etiraz aksiyası sonradan bir sıra şiddətli iğtişaşlarla nəticələnib.

Çin rəsmilərinə görə, həmin hadisələr nəticəsində 200-ə yaxın insan həyatını itirib və bu, bölgəyə nəzarəti gücləndirmək üçün daha bir səbəb olub.

Əbdulhəkim bildirir ki, onun həm Çində, həm də xaricdə göstərdiyi bütün siyasi fəaliyyəti dinc xarakter daşıyıb.

BBC-nin Çin rəsmilərinə göndərdiyi suallarda Merdan Ghappar-ın və ya onun əmisinin Çində hər hansı bir cinayətdə şübhəli olub-olmadıqlarını təsdiqləmələri xahiş olunub.

Eləcə də cənab Ghappar-ın çarpayıya bağlandığının səbəbi və rəsmilərdən onunla pis rəftar edilməsi və işgəncə verilməsi barədə iddialarına cavab istənilib.

Sualların heç birinə cavab verilməyib.

Merdan Ghappar indi harada olursa olsun, bir şey aydındır.

Əvvəllər narkotik cinayətinə görə məhkum edilməsinin ədalətli olub-olmamasına baxmayaraq, onun indiki həbsi hətta yaxşı təhsilli və nisbətən uğurlu uyğurların da həbs düşərgələrinə düşməkdən sığortalanmadığının sübutudur.

Çin hökuməti uyğur əhalisini təqib etdiyini inkar edir. Bu yaxınlarda bu mövzuda ABŞ-ın sərt tənqidlərdən sonra Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Chunying George Floyd-un qətlini xatırladaraq, Sincanda uyğurların ABŞ-dakı afroamerikalılarla müqayisədə azad olduqlarını söyləyib.

Lakin Merdan Ghappar-ın ailəsi üçün onun naməlum bir yerdə çarpayıya zəncirlənmiş halda görüntüsü hər iki hadisəni eyniləşdirir.

"George Floyd-un videosu qardaşım oğlunun videosunu xatırladır, - Merdanın əmisi Əbdulhəkim deyir. - Bütün uyğur xalqı indi George Floyd kimidir. Nəfəs ala bilmirik".


Merdan Ghappar-ın göndərdiyi videoda onun kamerada qandallanmış vəziyyətdə olduğu görünür
 
Mənbə: BBC
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR