Xəbər lenti

İP savaşı: Oxucu niyə hələ də seçim etməyib?
Zahir Əzəmət
Ölkə 13:58 12.04.2019

İP savaşı: Oxucu niyə hələ də seçim etməyib?

Zahir Əzəmət
"Qaynar-Media" qrupunun rəhbəri

Azərbaycanda internetdə yüzlərlə informasiya resursu var. Hər gün də yeniləri açılır. Getdikcə bunun daha da geniş dalğaya çevriləcəyini düşünürəm. Olsun, burada pis heç nə yoxdur. İnternet mediası açmaq ənənəvi qəzetçilikdən daha az xərc tələb etdiyindən, hətta hazır sistemlərdən yararlananlara az qala pulsuz başa gəldiyindən, bunu təbii proses adlandıra bilərik. 

Amma nə qədər az xərcə başa gəlsə də, çoxsaylı internet mediası arasında rəqabətə davam gətirmək, seçilmək, illərlə ayaqda durmağı bacarmaq ənənəvi mediaya xərcləndiyindən daha böyük pul tələb edir. 

Azərbaycanda iqtisadi mühit rəqabətli olmadığından reklam bazarı da yaranmr, inkişaf etmir. Bu isə müstəqil internet medianın ayaqda durmasını daha da ağırlaşdırır. Bunlar hamının bildiyi məsələlərdir, ona görə də kiçik girişlə kifayətlənib əsas mövzuya keçmək istəyirəm.

Təxminən 1 həftə əvvəl qlobal təşkilatlardan birinin açıqladığı hesabata görə, insanlar gün ərzində ortalama 7.5 saat internetdə vaxt keçirir. Ciddi rəqəmdir. Yəni normal iş saatına bərabər. Bu vaxtın da böyük hissəsi sosial şəbəkələrin payına düşür. Nəticədə bütün dünyada olduğu kimi, Azərbaycanda da internet media sosial şəbəkələrlə sıx əlaqədə çalışır, buranı həm də oxucuya çatmaq üçün bir vasitəyə çevirir. Amma heç bir normal ölkədə 3-4 günün mediası, təsadüfi, mənşəyi-məqsədi bilinməyən saytlar gündəm formalaşdıra bilmədiyi halda, Azərbaycanda bu çox rahat baş verir. Toplum qarşısında heç bir mənəvi məsuliyyət hiss etməyən, heç bir sağlam məqsədi olmayan təsadüfi saytlar hər cür xəbərlər dərc edir: insest, zorlanma, ailə-məişət zorakılığı, intim xəbərlər durmadan çoxalır. ... Və qısa zamanda da bu xəbərlər trendə çevrilir, gündəm olur... Toz-tozanaq yatan kimi isə oxucu sanki yuxudan oyanır və bu dəfə ümumi medianı hədəf alan statuslar yazır, medianın səviyyəsini dartışır, ağıl verir, yol göstərir və s.

Oxucu ilk baxışdan haqlıdır: İctimai-siyasi saytla, ciddi media ilə "sarı media" arasında sərhədlər itib. Amma bu sərhədləri kim müəyyənləşdirir? Mətbuatı cəzalandırma mexanizminə çevrilən, ictimai nüfuzunu son illərdə tamamilə itirən Mətbuat Şurasımı? Məhkəmə orqanlarımı? Yox. Bunu ilk növbədə oxucu özü ayırd etməlidir!

Axı hər bir normal oxucu ən azı öz maraqlarına, dünyagörüşünə, tərzinə bələddir, niyə bu illər ərzində öz ruhuna uyğun olan media seçməyib (əlbəttə, varsa...)? Adam hansı mediaya etibar etdiyini, hansı saytın və ya saytların oxucusu olduğuna niyə hələ də qərar verməyib? Niyə qarşısına çıxan hər linkə, hər başlığa dərhal klikləməyə bunca həvəslidir? Normalda öncə saytın adına diqqət etməli, daha sonra bu linki açıb-açmamağa qərar verməlidir. Daha da irəli getsək, tərzinə, ruhuna uyğun olmayan saytların sosial şəbəkələrdəki səhifə və linklərini bəyənməməli, onları blok etməli, bir çox hallarda isə şikayət etməlidir. 

Son günlərdə sosial şəbəkədə oxucuların bu istiqamətdə bəzi dirənişlərini görüb, sevindim. Deyəsən, artıq oxucu da topdan qınaqdan vaz keçib, daha konkret olmağa başlayır. İctimai qınaq işə düşür. 

Məhz bu məqamdan sonra növbəti mərhələ başlayacaq. Hər bir oxucu seçim edəcək və ya etməlidir: Mən hansı saytı və ya saytları oxuyuram? 

Bundan sonra artıq ciddi hədəfləri olan media da düşünməli olacaq: mən kimə, hansı oxucu seqmentinə xitab edirəm və öz media siyasətində redaktələrə məcbur olacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->