İqtisadçı ekspertdən Əli Məsimlinin “uşaq pulu” təklifinə münasibət (ŞƏRH)

İqtisadçı ekspertdən Əli Məsimlinin “uşaq pulu” təklifinə münasibət (ŞƏRH)

"Azərbaycanda 3-dən çox uşağı olan ailələr çoxuşaqlı hesab olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Milli Məclisin deputatı Əli Məsimlinin parlamentə göndərdiyi "Uşaq pulu” təklifini şərh edərkən deyib. İqtisadçı bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olunmalıdır: 

"Amma cari vəziyyəti qiymətləndirdikdə görürük ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Əhalinin gəlirləri dayanıb, insanların hərəkəti məhdudlaşdırılıb. Hətta hərəkət olsa belə, əvvəlki dövrlərdə olduğu kimi əməyə təlabat yoxdur və mənfəət norması çox aşağı düşüb. Bu isə əlavə tədbirlərin görülməsini tələb edir. Mən təklif edirəm ki, çoxuşaqlı ailə məsələsinə aydınlıq gətirilsin. Azərbaycan qanunvericiliyində çoxuşaqlı ailə deyiləndə 5-dən artıq uşağı olan ailələr nəzərdə tutulur. İndiki şərtlər daxilində kifayət qədər məhdudlaşdırıcı məqamdır. Çünki dövr dəyişib. Artıq Azərbaycanda son 20 ildə ailələr iki uşaqlı istiqamətdə tənəzülləşib. Daha çox ailələrin sayı iki uşaqlıdır və artıq bir uşaqlı ailələrin sayının artmasını müşahidə edirik. Ölkədə 12 minə yaxın çoxuşaqlı ailə var. Yəni, qanunvericiliyə uyğun 5-dən artıq uşağı olan ailədən söhbət gedir. İlk oraraq bu məqama aydınlıq gətirilməlidir. Ümumiyyətlə, buna qanunvericilikdə dəyişiklik olunmalıdır. Azərbaycanda 3-dən çox uşağı olan ailələr çoxuşaqlı hesab olunmalıdır". 


Rəşad Həsənov 

Rəşad Həsənov bildirib ki, çoxuşaqlı ailələrlə bağlı uşaqpulu proqramı var, hər uşağa görə 50 manat ödənilir: 

"Əgər bu problem həllini taparsa, artıq növbəti dövrlərdə daha çox ailənin bu yardımı almaq hüququ olacaq. Məsələnin digər tərəfi, nəzərə almaq lazımıdır ki, 8 nəfərlik ailədir, yaşayış münimumu 190 manatdan götürmüş olsaq, 1520 manat aylıq vəsait daxil olmalıdır ki, bu insanlar müəyyən orta standartlar səviyyəsində dolansın. Yaxud da ehtiyac meyarı ilə götürmüş olsaq, 1280 manat bu ailəyə vəsait daxil olmalıdır. İndiki halda isə bizim bunlara verdiyimiz 300 manatdır. Demək ki, arada 980 manat kəsiri var. Valideyn işləmirsə bu kəsirin aradan qaldırılması çətin olur. Bu o deməkdir ki, həmin çoxuşaqlı ailələrin vəziyyəti ağırdır. Hətta buna yoxsulluq həddi deməzdim, aclıq həddi səviyyəsində belə həyatlarını təmin edə bilmirlər. Buna görə mən Əli Məsimlinin təklifini dəstəkləyirəm və bu təklifin daha genişləndirilmiş formada həyata keçirilməsini təklif edirəm".

İqtisadçı Əmək və Əhalinin  Sosial Müdafiəsi nazirinin  müavini Anar Əliyevin "190 manat ödənişdən əlavə çoxuşaqlı ailələrə yardım da edilə bilər və bundan əlavə dövlət proqramı hazırlanır" təklifini də şərh edib: 

"Anar müəllimin dediyi proqramla bağlı məlumatsızam. Belə proqramın olduğunu bilmirəm. Umumiyyətlə, İqtisadiyyat Nazirliyində pandemiya ilə əlaqədar bu günə kimi 4 işçi qrupu yaradılıb. Bunlardan yalnız biri - İqtisadiyyat Nazirliyi tədbirlərini açıqlayıb. Nazirliyin təqdim etdiyi proqramda biz eyni zamanda sosial proqramlar da görürük. Belə bir qənaət formalaşır ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlamalı olduğu proqramın parametrləri İqtisadiyyat Nazirliyinin tədbirlər planının strukturuna daxil edilib. Sosial tədbirlər istiqamətində proqramların hazırlanması üçün nazirliyə verilən müddət martın 19-da başa çatacaq.  Böyük ehtimalla mövcud narazılıqları və çətinlikləri  nəzərə alaraq nazirlik müəyyən bir proqramla çıxış edəcək. Daha yaxşı olardı ki, çoxuşaqlı ailələr də pandemiyanın təsirlərindən mükün qədər nüdafiə olunsun".  
Qeyd edək ki, Milli Məclisin deputatı Əli Məsimli parlamentə hökumətin "uşaq pulu” proqramı işə düşənə qədər valideynləri işləməyən ailələrdəki uşaqlara üç aylıq müavinət verməsi ilə bağlı təklif göndərib.

Əmək və Əhalinin  Sosial Müdafiəsi nazirinin  müavini  Anar Əliyev  isə çıxışında "190 manat ödənişdən əlavə  çoxuşaqlı ailələrə  əlavə yardım da edilə  bilər. Dövlətin bununla bağlı başqa proqramları da var", - deyə bildirib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR