İdman 22:28 08.08.2019

İran qərarını açıqladı: "Qadağa davam edəcək"

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri FİFA-nın qadınların stadiona girişinə icazə verilməsi ilə bağlı çağırışına rədd cavabı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb. Müntəziri FİFA-nın təkidlərinin arxasında İranın düşmənləri olduğunu və ölkənin mədəni həyatına təsir etmək istədiklərini deyib.

"FİFA qadınların stadiona girişinə icazə verilməyəcəyi təqdirdə İranı beynəlxalq yarışlardan məhrum edəcəyiyini açıqladı. Qadınların stadiona girib girməməsi FİFA-nı nə üçün maraqlandırır. Bu təkidləri heçə saymayın. Əlimizdəki dəqiq informasiyalar düşmənlərin müxtəlif sahələrdə və müxtəlif vasitələrlə gənclərimizə, insanlarımıza, qızlarımıza şiddətli şəkildə hücum etdiyini göstərir".

İran hökuməti isə əksinə qadınların stadionlara girişinə icazə verilməsini dəstəkləyir və bunda heç bir qanun pozuntusu görmür.

Qeyd edək ki, FİFA-nın prezidenti Canno İnfantino ən geci iyulun 15-nə kimi qadınların matçlara girə bilməsi üçün lazımi addımlar atılmasını tələb etmişdi.