Dünya 23:35 03.10.2022

İranda baş verənlər artıq inqilabdır, ölüm xofu artıq dağılıb - İranlı hüquqşünas

İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi ilə bağlı müəmma davam edir. 

Qaynarinfo xatırladır ki, sentyabrın 12-də Xameneyinin səhhətində ciddi problem yarandığı barədə məlumat yayılıb. İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Təsnim” agentliyi məlumatı təkzib etsə də, Xameneyinin iki həftədən artıqdır, görünməz olması onunla bağlı yayılan xəbərlərin səhihliyinə şübhələri artırıb. 
Dünən isə məlumat yayılıb ki, Xameneyi əməliyyat zamanı komaya düşüb. Hətta onun öldüyü barədə də iddialar var. Hələ ki, bu xəbərlərə rəsmi səviyyədə münasibət bildirilməyib. (İddiaya görə, Ayətullah Seyid Əli Xamenei bazar ertəsi səhər İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxış edib və ölkədəki son iğtişaşların ABŞ və sionist rejim tərəfindən planlaşdırıldığını deyib. Bu haqda görüntülər yoxdur. – red.) 

Xameneyinin Məhsa Əminin ölümünə etiraz olaraq iki həftədir davam edən aksiyalara münasibət bildirməməsi də onun ən yaxşı halda fəaliyyət qabiliyyətini itirdiyini düşünməyə əsas verir. Bəzi iddialara görə, hakimiyyət İranda vəziyyətin gərgin olduğu bir vaxtda Xameneyi ilə bağlı səhih məlumatların yayılmasında həvəsli görünmür. Çünki Xameneyinin səhhətində ciddi probelmin olması, komaya düşməsi, yaxud dünyasını dəyişdiyi barədə məlumatlar rəsmi səviyyədə təsdiqlənərsə, bu, İranda başlanan aksiyaların daha da alovlanmasını şərtləndirə bilər. Ehtimal olunur ki, hakimiyyət aksiyaların qarşısını alaraq, sabitliyi bərpa edəndən sonra bu barədə açıqlama yaya bilər. 

İranda isə aksiyalar hələ də davam edir. Dünən təhlükəsizlik qüvvələri Tehranda fəaliyyət göstərən Şərif Texnologiya Universitetində həbslər həyata keçirib. Məhsa Əminin ölümünə etiraz olaraq başlanan aksiyalara İranda fəaliyyət göstərən bir çox ali təhsil ocaqları, o cümlədən Şərif Texnologiya Universitetinin də tələbələri dəstək verir. Şərif Texnologiya Universiteti İranın ən nüfuzulu ali təhsil ocaqlarından biridir. Universitetdə 10 mindən artıq tələbə təhsil alır. Bu baxımdan, Şərif Texnologiya Universitetinin tələbələrinin ayağa qalxması hakimiyyəti narahat etməyə bilməz. Məlumatlara görə, hazırda Şərif Texnologiya Universiteti təhlükəsizlik qüvvələrinin nəzarətindədir. Universitetə giriş-çıxışın qapadıldığı bildirilir. 

Neda Naci

Bu arada yayılan məlumatlara görə, hakimiyyət İrandakı ictimai fəallarının "ovunu” davam etdirir. Bildirilir ki, dünən ictimai fəal Neda Naci həbs edilib. Məlumata görə, təhlükəsizlik qüvvələri Neda Nacinin evinə basqın edərək onu saxlayıblar. Hazırda Neda Nacinin harada olduğu bəlli deyil. Neda Naci İranın tanınmış aktivistlərindən biridir. O, 2019-cu ildə də həbs olunmuşdu. Hakimiyyət qüvvələrinin zorakı davranışlarına və repressiyalara baxmayaraq, etirazlar səngimək bilmir. İranın müxtəlif şəhərlərində istər gecə, istər səhər saatlarında lokal aksiyalar keçirirlir. Aksiyalarla bağlı yayılan videolarda təhlükəsizlik orqanlarının etirazçılara atəş açdığı görünür. Bununla belə, insanlar sona qədər mübarizə aparacaqlarını bəyan edirlər. Ekspertlər bildirir ki, İrandakı aksiyalar artıq mahiyyətini dəyişib. Yəni, əgər ilk günlərdə Məhsa Əminin ölümündə günahkarların cəzalandırılması və hicab məcburiyyətinin aradan qaldırılılması tələb edilirdisə, indi artıq mövcud rejiminin istefası gündəmə gəlib. 

Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya deyib ki, İranda baş verənləri artıq inqilabi proses adlandırmaq mümkündür:

"Baş verənlər bundan əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Əvvəla, aksiyalarda qadınlar xüsusi fəallıq göstərir. Əvvəlki aksiyalarda bu hal qabarıq dərəcədə müşahidə olunmayıb. İkincisi, Məhsa Əminin öldürülməsi ilə rejim tam mahiyyətini açmış oldu və xalqın səbr kasası daşdı. Bu səbəbdəndir ki, repressiyalar, hətta aksiya iştirakçılarının güllələnməsi insanları qorxutmur. Ölüm xofu artıq dağılıb. Üstəgəl, dünyanın hər yerində İrana yönəlik aksiyalar keçirilir. Dünyanın mütxəlif ölkələrində yaşayan iranlılar bir araya gələrək İran həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırır. Üçüncüsü, Xameneyi ilə bağlı müəmma yaranıb. Onun həyatda olmadığı, ən yaxşı halda koma vəziyyətində olması barədə iddialar var. Xameneyi ilə bağlı müəmma həm hakimiyyət daxilində parçalanmanı şərtləndirir, həm də artıq rejiminin sonunun yaxınlaşdığına ümidləri artırır. Bu da insanlara mübarizə aparmaq üçün ruh verir. Qısası, İranda 43 illik rejimi tarixin arxivinə göndərmək üçün bu dəfə yaxşı fürsət yaranıb. Ümid edirəm ki, İran xalqı bu fürsəti dəyərləndirərək qələbə qazanacaq”.

Seyid