Siyasət 15:49 17.05.2022

İranı kim və niyə qaynadır? - Fikrət Fərəməzoğlu ilə müsahibə

İranda ərzaq məhsullarının bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimək bilmir. Əksinə, proses daha dramatik şəkil alıb. Bəzi əyalətlərdə əhali müqavimət hərəkatı yaradaraq mərkəzi hakimiyyəti devirənədək mübarizə aparacaqlarını bəyan ediblər. İrandakı olaylarla bağlı müxtəlif mülahizələr irəli sürülür. Hadisələr daha çox Qərb-İran kontekstində və Rusiya-Ukrayna müharibəsi fonunda şərh edilir. Bəs əslində İranda nə baş verir? Qaynarinfo mövzu ilə bağlı İrana yaxından bələd olan, oradakı prosesləri dərindən izləyən araşdırmaçı-jurnalist Fikrət Fərəməzoğlu ilə söhbətləşib. 

- İranda ərzaq məhsullarının bahalaşmasından sonra əhali etiraz aksiyalarına başlayıb. Artıq ölkənin bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Sizcə, bu aksiyaların nəticəsi olacaqmı? 

- İranda baş verən proseslərə təkcə sosial narazılıq prizmasından baxmaq doğru olmazdı. Ona görə ki, İranda faktiki rejimlə əhali arasında münasibətlər çoxdan pozulub. Yəni, xalq faktiki hakimiyyəti üzdə qəbul etsə də, arxa planda ümumiyyətlə dəstəkləmir. Bu gün keçirilən aksiyalar hər nə qədər sosial problemlərdən dolayı baş versə də, onun kökündə siyasi səbəblər dayanır. Bu siyasi səbəbin də başlıca göstəricisi, əhalinin hazırkı rejimdən bezməsindən, onunla eyni ideoloji görüşü bölüşməməsindən irəli gəlir. Paralel olaraq, İranda son zamanlar məmur özbaşınalığı, korrupsiya, rüşvət və digər bu kimi məsələlərin də artıq qabarıq şəkildə özünü göstərməsi, əhalidə narazılığın başlıca səbəbidir. Bu gün İran əhalisi təkcə, sosial və iqtisadi məsələdən dolayı etiraza qalxmayıb. Onlar həm də ölkədə siyasi rejimin dəyişməsini istəyir. Bir çoxları deyirlər ki, İran vətəndaşlarının müəyyən hissəsi şah rejiminin bərpasını arzulayırlar. Əslində isə belə deyil. İranda əhalinin böyük hissəsi şah dövründəki bəzi azadlıqları istəyir. Bu isə şah rejimini istəmək anlamına gəlmir. Məsələn, onlar deyirlər ki, ölkələrində şah dövründə olduğu kimi, Avropada olduğu kimi, gecə klubları, əyləncə yerləri, içki və bu qəbildən olan məsələlər sərbəst olsun. Bununla yanaşı siyasi azadlıqlar da istəyirlər. Onların ümumi baxışları İranın dünyəvi respublika olmasına daha çox yaxındır. Hədəfləri də məhz dünyəvi respublika qurmaqdır. Bu fikirdə olanların sayının çoxluğu da mövcud rejimi narahat etməyə bilməz. Bir sözlə, bu gün cərəyan edən proseslər mahiyyət etibarı ilə ölkədə istər sosial, istər iqtisadi, istərsə də siyasi narazılıqların toplusudur. Keçirilən aksiyaların konkret hansı nəticələr verəcəyini dəqiq demək hələlik mümkün deyil. Ona görə ki, indiyə qədər İranda belə, hətta bundan daha mütəşəkkil hadisələr və aksiyalar çox olub. Bir müddət prosesləri müşahidə etmək lazımdır. Sadəcə, əvvəlki dövrlərdən fərqli olaraq, bu aksiyalarda iştirak edənlər daha istəkli görünürlər. Bir də proses getdikcə bütün əyalətlərə yayılır. Burada bir məsələni də diqqətdən qaçırmaq olmaz. Həmin məsələ də ondan ibarətdir ki, İrandakı faktiki rejim bu aksiyaların miqyası və istəklilik dərəcəsini nəzərə almağa məcbur olacaq. Yəni, əgər aksiyalar kütləvi və bütün ölkə boyu yayılacaqsa, habelə uzunmüddətli olacaqsa, onu yatırmaq üçün ilk növbədə silah gücündən istifadə olunacaq. İndiyə qədər belə hallar çox olub. Həm 2009-cu il, həm də 2019-cu il aksiyaları zamanı İran rejimi etirazçılara atəş açmışdı. Yox, silah tətbiqi bir işə yaramasa, o zaman hakimiyyət güzəştlərə getmək məcburiyyətində qalacaq və bu güzəşt isə onların rejimlərinin zəifləməsi, hətta hakimiyyətlərinin əldən çıxmasına qədər gətirib çıxara bilər. 
 
"İndi təsəvvür edin, bir tərəfdə sosial, iqtisadi və siyasi problemlərdən dolayı faktiki rejimə nifrət edən, etiraz edən xalq kütləsi dayanıb və tələblərində israrlıdırlar. Digər tərəfdən isə rejimə bağlı, uzun illərdin ondan maliyyə və bir çox imtiyazlar alan 4 milyonluq bir silahlı dəstə dayanıb..."
 

- Məlumat yayılıb ki, İranın Cənub əyalətlərində əhali "Müqavimət hərəkatı” yaradaraq mərkəzi hakimiyyəti devirməyə çalışır. Digər əyalətlərdə də oxşar addımların atılacağı deyilir. Bu halda proses vətəndaş müharibəsinə çevrilə bilərmi? 

- Gələn xəbərlərdən belə başa düşülür ki, İranın cənub əyalətlərində insanlar etiraza qalxıblar. Artıq Hörmüzqan, Sistan-Bəllucistan, Xuzistan, İsfəhan, Fars, habelə Kirmanşah və qismən də digər Kürdistan vilayətlərində etiraz aksiyaları getdikcə kütləviləşir. Orada "müqavimət hərəkatı” və ya buna bənzər bir hərəkatın yaradıldığı barədə də məlumat var. Maraqlı məqam odur ki, bu dəfə etirazçılar şəhid verməyə belə hazır olduqlarını, lakin İranda rejimi dəyidirmədən dayanmayacaqlarını bəyan ediblər. Bu artıq ciddi məsələdir. Ona görə ki, baş verən proses ciddiyyətinə görə əvvəlkilərdən xeyli fərqlənir. Lakin bir məqamı diqqətdən qaçırmaq lazım deyil ki, İranda meydan hərəkatlarının, aksiyaların uğur qazana bilməməsinin başlıca səbəbi liderin olmamasıdır. Mümkündür ki, bu aksiyalar fonunda ortaya yeni lider çıxsın. Əgər lider ortaya çıxarsa, onun ətrafında birləşmə uzun çəkməyəcək. Heç bir siyasi qüvvə və ya ideoloji baxış sahibi tərəddüd etməyəcək. Çünki İran cəmiyyəti həmin lideri gözlədiyini açıq şəkildə bəyan edir. Üstəlik, müxtəlif baxışların birləşcəyi bu hərəkat öncəliklə mövcud rejimlə hesablaşmağı qarşısına hədəf qoyacaq. Rejimi devirə biləcəkləri halda öz ideloji baxışlarının mübahisəsinə start verəcəklər. Hazırda baş verən proseslərin vətəndaş müharibəsinə gətirib çıxaracağı, istisna kimi nəzərədə tutula bilər. Buna müəyyən zəminlər də var. Bu gün İranda hakimiyyətdə olan qüvvələr tərəfdarsız deyillər. Onların da xeyli tərəfdarları var. Bura SEPAH və BƏSİC-in maliyyələşdirdiyi təbəqə, həqiqətən də dini inanclarına bağlı olan qüvvələr daxildir. Nəzərə almaq lazımdır ki, bu gün təkcə BƏSİC milis dəstələrinin 2 milyon üzvü var və onların hamısı məhz rejim tərəfindən maliyyələşdirilir. Üstəlik, onlar rejim üçün təhlükə yaranacağı təqdirdə, silahla da təmin olunmaq səlahiyyətinə malikdirlər. SEPAH-a bağlı və ondan maliyyələşən qruplar da həmçinin rejimin tərəfini tutur və onu dəstəkləyirlər. Onların da silahdan istifadəsi qadağan deyil. İndi təsəvvür edin, bir tərəfdə sosial, iqtisadi və siyasi problemlərdən dolayı faktiki rejimə nifrət edən, etiraz edən xalq kütləsi dayanıb və tələblərində israrlıdırlar. Digər tərəfdən isə rejimə bağlı, uzun illərdin ondan maliyyə və bir çox imtiyazlar alan 4 milyonluq bir silahlı dəstə dayanıb. Biri indiki kimi yaşamaq istəmir. Digəri isə əlindəkini itirmək fikrində deyil. Üstəlik, rejimə bağlı və hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən "Hizbullah” və bu qəbildən olan təşkilatları da bura əlavə etsək, mənzərə tam aydın olar. Belə olan halda İranda vətəndaş müharibəsinin olma ehtimalı böyük hesab oluna bilər. Lakin bu mübarizə uzun müddət davam edə bilməyəcək.Yəni, İrandakı faktiki rejim belə geniş miqyasda, silaha əl atarsa, qalmaqları imkansıza çevriləcək. Ən azından şahın qovulması təcrübəsi var. Həmin vaxt şahın göstərişi ilə əhaliyə güllə atılması onun devrilməsinin başlıca səbəbi oldu. Həmin vaxt hətta şaha müxalif olmayan qüvvələr də, dindarlarla birləşdilər.
 
"Zaman içində tərəflərin bir-birinə qarşı təxribatları da az olmayıb. Məsələn, solçuların nümayəndəsi Ruhani hakimiyyətə gəldikdən sonra İranda dolların süni şəkildə bahalaşdırılması prosesi bunun nümunələrindən biridir..."
 

- Belə mülahizələr irəli sürülür ki, mövcud şərtlər daxilində İran hökuməti əhalinin tələblərini yerinə yetirmək iqtidarında deyil. Bu isə etirazların daha kütləvi xarakter alacağını şərtləndirə bilər. Etirazlar güclənəcəyi təqdirdə hakimiyyət daxilində parçalanma mümkündürmü? 

- Öncəliklə, tələblərə və narazılığın nədən ibarət olmasına baxmaq lazımdır. Bu gün etirazçılar nəyi tələb edir? Tələblər təkcə sosial problemlərlə bağlı deyil. Bahalaşma sadəcə bəhanədir. İranda insanların istəkləri odur ki, rejim dəyişsin. Digər tələbləri odur ki, ölkədə sosial-iqtisadi problemlər həllini tapsın və onlar əvvəlki kimi rifah içində yaşasınlar. Maaşların artırılması, qiymətlərin tənzimlənməsi və sair sıradan tələblərdir. Amma daha ciddi tələblər də ortadıdır. İran əhalisi siyasi azadlıqlarla yanaşı, heç bir dövlətlə düşmən olmamağı, başqa ölkələrin işlərinə din adı ilə müdaxilənin dayandırılmasını, sanksiyaların götürülməsini, sərbəst şəkildə Avropa və ABŞ-a səfər etmələrini, İraq, Yəmən və digər ölkələrdə büdcə hesabına hansısa qüvvələrin maliyyələşdirilməsinin dayandırılmasını tələb edirlər. Onlar deyirlər ki, mövcud hakimiyyət daxili problemlərin həlli ilə məşğul olmalıdır. Xarici məsələləri isə diplomatic yolla həll etməlidir. Sizcə, İrandakı hazırkı rejim bu tələbləri qəbul edəcək? Etməyəcək. Rejim istefa verməyəcək. Bu, birmənalıdır. Sona qədər dirəniş göstərəcək ki, qalsınlar. İqtsadi və sosial problemləri müəyyən qədər həll edə bilərlər. Lakin bunu da tam aradan qaldırmaq mümkün deyil. Çünki İranın bu gün gündəlik tələbat mallarının böyük əksəriyyətinin xammalı xaricdən alınır. Xüsusən də, Ukrayndan əldə edilirdi ki, hazırda bu xətt bağlanıb. Ölkə ərazisinin 2/3 hissəsi səhra və yarımsəhradır. Orada taxıl və dənli bitkilər yetişdirmək mümkün deyil. Eyni zamanda, yağ istehsalında da vəziyyət eynidir. Bir tərəfdən də sanksiyalar öz təsirini göstərir. Əvvəlki səviyyədə ölkəyə xarici valyuta axını yoxdur. İranın əsas valyuta ehtiyatı neft və qazın hesabına formalaşır ki, onlar da sanksiya altındadır. İranda hakimiyyət daxilində parçalanmanın ola biləcəyi məsələsinə gəlincə, bu parçalanma hələ 2000-ci illərin əvvəlindən mövcuddur. Hazırda cənub qonşumuzda iki əsas siyasi qüvvə arasında mübarizə gedir: Sağçılar və solçular. Hər iki qüvvə vilayəti fəqhiin liderliyini qəbul etsə də, ölkə idarəçiliyi ilə baxışları fərqlidir. Bu gün həmin sol təmayüllüləri "islahatçı” kimi təqdim edirlər ki, onların da önəmli fiqurları arasında Xatəmi, Kərrubi, Mir Hüseyn Musəvini göstərmək olar. Sağçılar, yəni mühafizəkarların hazırkı nümayəndəsi Rəisidir ki, prezidentdir. Solçular zaman-zaman ali dini lider məsələsində öz etirazlarını da dilə gətiriblər. Məsələn, Xatəmi prezident olan zaman bir neçə dəfə Xameneyinin siyasətə qarışmamasını tövsiyə edib. Hətta bu tənqidi səviyyədə də nümayiş olunub. Və ya Kərrubi Xameneyini hakimiyyətin onun əlində cəmlənməsinə, hər şeyə müdaxilə etməsinə etirazı edib ki, nəticədə, bu gün də ev dustağıdır. Eyni yanaşmanı Mir Hüseyn Musəvi də ortaya qoyub. Bu iki qrup arasında uzun illərdən bəri ölkə daxilində həm siyasi, həm də iqtisadi müstəvidə ciddi ixtilaflar var və mübarizə gedir. Sadəcə, mühafizəkarlar, yəni sağçılar solçulara, yəni islahatçılara nisbətən olduqca varlıdırlar və ölkə iqtisadiyyatının önəmli hissəsi onların əlindədir. Zaman içində tərəflərin bir-birinə qarşı təxribatları da az olmayıb. Məsələn, solçuların nümayəndəsi Ruhani hakimiyyətə gəldikdən sonra İranda dolların süni şəkildə bahalaşdırılması prosesi bunun nümunələrindən biridir. Aksiyalar şiddətlənəcəyi və daha geniş şəkil alacağı təqdirdə, islahatçıların onların tərəfinə keçmə ehtimalı böyükdür. Lakin sözügedən qüvvə ilə etirazçılar arasındakı fikir ayrılığı da var ki, bu da vilayəti-fəqh məsələsidir. Yəni, onlar dini rejimin getməsini istəmirlər, sadəcə, dini rejimin hakimiyyətə təsir imkanlarının və müdaxiləsinin azaldılmasına tərəfdardırlar. 
 
"İranda indiyə qədər bütün etirazların yatırılması və ciddi siyasi hadisələrin qərarını verən yeganə şəxs də Xameneyidir..."
 

- İran şəriət ölkəsidir və ölkənin əsas söz sahibi ali dini lider Seyid Əli Xameneyidir. Necə hesab edirsiniz, Xameneyinin proseslərə dini kontektsdə müdaxiləsi baş verə bilərmi? Söhbət Xameneyi səviyyəsində aksiyalara yönəlik dini fətvalarıdan gedir. 

- Xameneyi üzdə dini şəxsiyyət kimi təqdim olunsa da, əsas etibarı ilə siyasi fiqurdur. Bu gün İranın bir əldə cəmləşməsi, vahid mərkəzdən idarə olunması, habelə ciddi siyasi qərarların verilməsi səlahiyyəti ondadır. Onun aksiyalarla bağlı hər hansı dini deyil, siyasi qərar  verəcəyi daha inandırıcı olardı. Sadəcə, həmin qərar dinə bulaşdırılmış siyasi yanaşmadan ibarət olacaq. Eyni zamanda, İranda indiyə qədər bütün etirazların yatırılması və ciddi siyasi hadisələrin qərarını verən yeganə şəxs də Xameneyidir. Şübhəsiz ki, o hadisələrin gedişatını izləyib, yekun qərarı verəcək.

- Uzun illərdir İranda rejim dəyişikliyinə çalışan Qərbin prosesdən faydalanması realdırmı? 

- İran hər zaman Qərb üçün cəlbedici olub. Regionda teokratik, xüsusən də İran kimi mühafizəkar dini dövlətin olması onların maraqları daxilində deyil. Qərb uzun illərdir İranda siyasi rejimin dəyişdirilməsi üçün cəhdlər edib. Lakin hələ ki, bu istəyinə nail ola bilməyib. Bunun da çoxlu səbəbləri var. O səbəblərdən biri də faktiki rejimin ölkə daxilində dayaqlarının möhkəm olması və Qərbə bağlı qüvvələrə qarşı amansızlığıdır. İnqilabdan sonra hətta ABŞ-la diplomatik münasibətlərin bərpasını istəyənlər belə repressiyaya məruz qalıblar. Təbii ki, Qərb İranda baş verən hadisələrin gedişatına baxacaq. Orada güclü bir hərəkatın başlandığını görərsə, əvvəlki kimi bəyanat səviyyəsində deyil, daha ciddi yanaşma ortaya qoyacaq. Açıq dəstək verməkdən də çəkinməyəcək. Bu dəstəyin hansı şəkildə olacağı isə zamana bağlı məsələdir.

- Qərb Rusiya-Ukrayna savaşı fonunda İranla qaz anlaşması əldə etmək istəyir. Belə bir vaxtda aksiyaların təşkil edilməsi Kremlin preventiv tədbirlərindən biri ola bilərmi? 

- Rusiyanın İranın daxilində hər hansı bir siyasi qüvvəsi və ya təsir imkanları yoxdur. Şah dövründə Tudəçilər, yəni kommunistlər güclü idilər və onlar inqilabın baş verəməsində mühüm rol oynadılar. Lakin inqilabdan sonra rejim onların hamısını ya ölkədən qovdu, ya da repressiyay məruz qoydu. Bu gün İranda tudəçilər vardılarsa, elə də güclü deyillər. Çünki cəmiyyətdə onların ideoloji baxışlarına münasibət mənfidir. Rusiyanın bundan başqa, İranda etirazçı kütlə yetirməsi üçün əlində tutarlı rıçaqları yoxdur. Ona görə də, dediyiniz məsələ istisnadır.
 
"İranda bu gün baş verənlərdə kiminsə, hansısa qüvvənin rolu mümkündür. Lakin əhalinin etiraza qalxmasının səbəbi həmin qüvvələrə bağlılıq və ya onların təsirləri deyil..."
 

- İranda Ruhulla Xomeyninin vilayəti-fəqih konsepsiyasını dəstəkləməyən ruhanilər var və onlar elə də zəif aktorlar deyil. Aksiyalarda Xamneyinin hədəfə gətirilməsi belə deməyə əsas verirmi ki, prosesin gərginləşməsində onların da rolu var... 

- İranda vilayəti-fəqh insititunu qəbul etməyən dindarların sayı elə də çox deyil. Mövcud olanlar da Nəcəf məktəbinin yetirmələridir. Çünki Nəcəf dini məktəbi vilayəti-fəqh anlayışını qəbul etmir. Onların bu prosesdə iştirakı mümkündür. Lakin onların təsir imkanları yetərli deyil. Onlar ən yaxşı halda hadisələrin gedişatı fonunda özlərinin kiçik qüvvələri ilə aksiyaçıların tərəfinə keçə bilərlər. İranda bu gün baş verənlərdə kiminsə, hansısa qüvvənin rolu mümkündür. Lakin əhalinin etiraza qalxmasının səbəbi həmin qüvvələrə bağlılıq və ya onların təsirləri deyil. Bu mövcud rejimlə aralarında yaranmış uçurum, onlara olan, idarəçiliklərinə məhdudiyyətlərinə olan etirazın nümunəsidir. 
 
"İranda son 100 ildə 4 dəfə inqilab etmiş, hazırkı rejimi belə hakimiyyət başına gətirmiş Azərbaycan əyalətləri hər dəfə xəyanətə uğrayıblar. Təbrizlilərin təbirincə desəm, "ağızları yanıb”. Hər dəfə onlar başlayıb, onlar silaha sarılıb, onlar itki veriblər..."
 

- İranın cənubunda baş verən hadisələrə Güneydə yaşayan Azərbaycan türklərinin qoşulması müşahidə olunmur. İranın müasir tarixində 4 inqilab etmiş xalq, niyə bu prosesə qoşulmur? 

- Bunun bir çox səbəbləri var. Birinci səbəb odur ki, Təbriz və Ərdəbil İran kənd təsərrüfatı və ticarətinin 75 faizinə sahibdir. Yəni, burada burjaziyanın əlində böyük maliyyə imkanları var. Onlar həmin imkanların əllərindən çıxmasında maraqlı deyillər. İkincisi, İranda dini cameənin əsas güc mənbəyi elə türklərdir. Bu gün ölkənin ən iri şəhərlərinin imam-cümələrinə diqqət yetirsəniz, əksəriyyəti Azərbaycan əyalətlərindən olanlardır. Bu, həm də hakimiyyətin onların əlində olması anlamına gəlir. Lakin bundan da vacib bir məsələ daha var. Bu da ondan ibarətdir ki, İranda son 100 ildə 4 dəfə inqilab etmiş, hazırkı rejimi belə hakimiyyət başına gətirmiş Azərbaycan əyalətləri hər dəfə xəyanətə uğrayıblar. Təbrizlilərin təbirincə desəm, "ağızları yanıb”. Hər dəfə onlar başlayıb, onlar silaha sarılıb, onlar itki veriblər. Və hər dəfə hakimiyyət bölgüsü, imtiyaz məsələsi ortaya çıxanda, ikinci plana keçiblər. Üstəlik, ən aparıcı liderlərini itiriblər. Məsələn, Səttərxan, Xiyabani, Pişəvəri, ən sonuncu isə Şəirət Mədarini itirdilər. Onların hamısı inqilab edib, hakimiyyətə gətirdikləri qüvvələrin qurbanı olublar. Bu dəfə başlayan aksiyalarda da yaxalarını kənara çəkmələri bununla bağlıdır. İndi Azərbaycan əyalətləri bildirirlər ki, digər əyalətlər ayağa qalxsınlar, əgər onlar məqsədlərinə yaxın olarlarsa, onlara lazımı dəstək verməyə hazırdırlar. Eyni zamanda, məqsədlərinə nail olacaqları təqdirdə, yeni hökumətdə, imtiyazlarda da paylarının olmasını və bunun üçün təminat tələb edirlər. Nəzərimcə, haqsız da deyillər. Çünki hər dəfə qurbanlıq tərəf olduqları kimi, aldadılan tərəf də olublar.  

Seyid