Siyasət 12:20 26.01.2021

İranın altılıqda kombinasiya seçimi: 3+3 yerinə 5+1... (TƏHLİL)

"Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan səfərindən danışarkən deyib. O bildirib ki, Azərbaycan-İran münasibətləri ənənəvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa əsaslanıb:
 
 

"Yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan səfəri zamanı vətən müharibəsində əldə etdiymiz qələbə münasibətilə səsləndirdiyi təbrik sözləri də bir daha bu dostluq və tərəfadşlığın təzahürü kimi qiymətləndirilməlidir. İranlı nazir Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirdi. Beləliklə də əslində səfərinin məqsədlərini dilə gətirmiş oldu. Doğurdan da Məhəmməd Cavad Zərif yeni reallığı yeni başlanğıc kimi qiymətləndirməkdə haqlı idi. Çünki məhz yeni reallıq regionun iqtisadi-siyasi və mədəni–humanitar potensialının tam gerçəkləşdirilməsi üçün perespektivlər açır. Bütün bunlar isə ilk növbədə kommunikasiyaların bərpası və yeni nəqliyyat və enerji kommunikasiyalarının yaradılmasından keçir. Hazırda Azərbaycan bu istiqamətdə olduqca sürətli və strateji həmlələr edir. Qısa müddətdə bunlar öz bəhrəsini verəcək və bu prosesdə regional inteqrsiyadan kənar qalmamaq üçün ölkəmizin həyata keçirdiyi layihə və tərəfdaşlıq platformalarına maraq get-gedə artır”.

Hikmət Babaoğlu qeyd edib ki, İranın xarici işlər naziri məhz bu məsələdən danışarkən Azərbaycan Prezidentinin bildirdiyi 3+3 formatına istinad edərək digər ölkələrə də səfər edəcəyini, dolayısı ilə yeni formatda fəal iştirakçı olmaq niyətini ifadə etdi:

"Ancaq özünəməxsus tərzdə yeni formatı yeni 5+1 platforması kimi təsvir etməklə İranı Azərbaycana daha yaxın gördüyünü diplomatik kombinasiya ilə bildirmiş oldu. Çünki 3+3 tərəfdaşlıq düsturu açılarkən politoloqlar adətən birinci üçlükdə Türkiyə-Azərbaycan-Gürcüstanı, ikinci üçlükdə isə Rusiya-İran–Ermənistanı təsvir edirdilər. Görünür, Zərifin çoxkombinasiyalı 5+1 (İran) formatı təsviri də həm İranın birinci üçlükdə müəyyənləşdirilməsinə passiv etirazı, həm də əslində digər 5 ölkə ilə eyni dərəcədə məsafədə olmasına işarəsi idi. Ancaq nəticə etibarilə söhbət yeni altıtərəfəli əməkdaşlıq platformasından getdiyi üçün bu platformanı necə kombinə etməyin o qədər də əhəmiyyəti qalmır. Ona görə də daha praqmatik yanaşdıqda aydın olur ki, İran bu əməkdaşlıqda mühüm ölkələrdən biri ola bilər. Çünki hər şeydən öncə İran və Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması buna imkan verir. İkincisi, iki ölkə arasında bu tərəfdaşlığı daha da güçlü edə biləcək bir sıra layihələr artıq əvvəlki reallıqlar çərçivəsində indiyədək öz əksini tapmaqla yeni reallıqlar üçün də yaxşı baza rolunu oynaya bilər. Məsələn, elə görüşdə adları çəkilən, Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi, Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər, 2021-ci ilin sonunadək bu yolun Azərbaycandan keçən hissəsinin inşasının başa çatdırılması imkanları kimi məsələlər buna əyani sübutdur”. 

Bahar Rüstəmli