Siyasət 11:22 25.01.2021

İranla Azərbaycan arasında yeni dəmiryolu terminalı inşa ediləcək

Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq.

Bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb:

"Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”.

Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq:

"Bu terminal və iki ölkə arasında birgə sənaye parkının yaradılması ilə bölgədə investisiya imkanları artacaq”. 

Trend.az