Dünya 10:36 27.01.2022

İrəvan Türkiyə ilə uçuşların açılmasından heç nə qazanmayacaq? – Erməni ekspert

Ermənistanla Türkiyə arasında uçuşların başlanması kontekstində bütün aviasiya qaydaları tətbiq edilir və heç kimin maraqları pozulmur. 

Qaynarinfo xəbər verir ki, bunu Sputnik Ermənistan-a müsahibəsində aviasiya üzrə ekspert Navik Xaçatryan deyib.

O xatırladıb ki, 2013-cü ilin oktyabr ayından Ermənistan açıq səma siyasəti aparır, yəni istənilən ölkə Mülki Aviasiya Komitəsinə müraciət edərək ölkəyə uçuşlar həyata keçirmək üçün icazə ala bilər.

"Türkiyə ilə münasibətlərimizin tənzimlənməsi, ölkələrimiz arasında azad bazar qaydalarının tətbiq edilməsi qərara alınarsa, o zaman biz hökumətin qərarına əməl etməyə bilmərik. İqtisadi baxımdan bu, Ermənistana müəyyən fayda verəcək", - Xaçatryan bildirib.

Onun sözlərinə görə, beynəlxalq reyslərə, o cümlədən Türkiyədən olan reyslərə Ermənistanda yalnız iki hava limanı – İrəvandakı "Zvartnots” və Gümrüdəki "Şirak” hava limanları xidmət göstərə bilər.

Qafan hava limanına gəlincə, ekspertin sözlərinə görə, müvafiq infrastruktur olmadığından o, belə reyslərə xidmət göstərə bilmir. Lazımi investisiyalar qoyularsa, bu, iki-üç ildən tez baş verə bilməz.

"Ermənistan və Türkiyə arasında aviareyslərin açılması halında, ən azı, hələlik, mən erməni tərəfi üçün heç bir fayda görmürəm. Bizdə cəmi dörd aviaşirkət var, qalanları ancaq kağız üzərindədir. Və bu dörd aviaşirkətdən yalnız ikisi fəaliyyətə başalaya bilər. Türkiyəyə uçuşlar barədə artıq məlumat verilib, lakin hələlik dəqiq maliyyə-iqtisadi hesablamalar təqdim edilməyib”, - Xaçatryan bildirib.

Onun fikrincə, bir şey aydındır - Türkiyə aviaşirkəti Ermənistanın hava məkanını keçmək üçün naviqasiya haqqını ödəməlidir. Bu məbləğ təyyarənin uçuşundan və çəkisindən asılı olaraq formalaşır.

Lakin müvafiq müqavilələrə əsasən, İrəvan və Gümrü hava limanları konsessiya idarəçiliyinə verildiyi üçün bu məbləğin yalnız bir hissəsi Ermənistanda qalacaq. Beləliklə, Ermənistan büdcəsinə böyük məbləğlər daxil olmayacaq. Onları konsessioner alacaq.

Xatırladaq ki, Ankara Ermənistanın müxtəlif bölgələrinə aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Artıq Türkiyə prezident administrasiyasında bu məsələ ilə bağlı qapalı müzakirələr aparılıb.

Daha əvvəl bildirilib ki, Ermənistan və Türkiyə fevralın 2-dən uçuşları açacaq, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Ermənistanın aviasiya orqanları Türkiyənin "Pegasus” şirkətinə eyni marşrut üzrə həftədə iki uçuş həyata keçirməyə icazə verib.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?