Dünya 22:29 21.07.2019

İrqçi tvitlər Trump-ın nəyinə lazımdır?

Bir neçə gündür ki, Amerika siyasətində prezident Donald Trump-ın dörd siyasətçi qadın haqqında sözlərindən sonra başlamış qalmaqal davam edir.

ABŞ Konqresi onun dediklərini rəsmən irqçilik olaraq qiymətləndirib.

Şərhçilərin, demək olar, hamısı bu fikirdədilər ki, o, bilərəkdən belə edir - yaxınlaşan seçkilərə görə.

Amma Trump-ın həqiqətən irqçi olub-olmamasıyla bağlı düşüncələr fərqlidir.

Bazar günü Trump Demokrat Partiyasından olan dörd qadın rəqibinə - Konqresin gənc üzvləri Alexandria Ocasio-Cortez, İlhan Omar, Ayanna Pressley və Rashida Tlaib "öz ölkələrinə" getməyi təklif edib, çünki o hesab edir ki, bu qadınlar ABŞ-a nifrət edirlər.

Halbuki fərqli immiqrant icmalarına aid olmalarına baxmayaraq onların dördü də, təbii ki, Amerika vətəndaşlarıdırlar, uşaqkən Somalidən gətirilmiş İlhan Omar istisna olmaqla, digərləri bu ölkədə doğulublar.

"Trump irqçi deyil. Bu, sadəcə bir oyundur"

Şərhçilərin böyük qismi hesab edir ki, qalmaqalı yaradan və onu yatızdırmaq istəmədiyi aşkar görünən Trump-ın əsas məqsədi Demokrat Partiyasını nüfuzdan salmaq və gələn ilin sonunda təkrar seçilməkdir. Sorğuların nəticələri göstərir ki, seçkilər indi keçirilsə, o məğlub olar.

Amma Trump-ın tərəfdarları israr edirlər ki, ürəyinin dərinliyində o, ksenofob deyil.

Çərşənbə axşamı BBC-nin radioefirində çıxış edən Anthony Scaramucci - Trump administrasiyanın kommunikasiyalar üzrə keçmiş direktoru da belə deyib. Scaramucci indiki prezident hələ biznesmen olan dövrdə onunla çoxillik tanışlığına istinad edib:

"Trump Demokrat Partiyasına yarlıq yapışdırmaq, onun mümkün qədər sola itələmək istəyir. Çünki Trump ağıllıdır, bilir ki, bu partiyada sosialist elementlərin olması amerikalıların çoxu üçün qəbuledilməzdir. Əgər demokratlar sola doğru meyllənsələr, Trump asanlıqla qalib gələcək. Amma onlar orta yolla irəliləsələr, mübarizə daha bərabər şərtlərdə keçəcək".


Soldan sağa: Rashida Tlaib, İlhan Omar, Alexandria Ocasio-Cortez və Ayanna Pressley

Bütün Amerika vətəndaşlarının əcdadları bura başqa ölkələrdən gəliblər, ona görə də Trump-ın bu dörd qadın siyasətçiyə "öz ölkələrinə getsinlər" deməsi ölkə əhalisinin böyük əksəriyyətini qəzəbləndirib.

Qalmaqalın fiqurantları nəinki Trump-ın alovlu əleyhdarlarıdırlar, onlar həm də Demokrat Partiyasının sol qoluna aiddirlər: bu qadınlar minimal əmək haqqının artırılmasını, səhiyyə xidmətinin pulsuz olmasını tələb edirlər, Trump-ın antiimmiqrant siyasətinə qarşıdırlar, İsraili tənqid edirlər (Rashida Tlaib Fələstin immiqrantlarının qızıdır).

"O, nəinki narahat deyil (ABŞ Konqresinin qınağından), o bu mübahisəni intensivləşdirməyə və beləliklə də gələnilki prezident seçkilərində rəqabəti bu çərçivəyə salmağa çalışır: demokratları bu qadınları dəstəkləməyə məcbur etməklə onları Demokrat Partiyasının siması halına gətirmək istəyir; özünün dediyi kimi, təşkilatı radikal, sol və sosialist mövqedə görünməyə itələyir" - BBC-nin Washington müxbiri Nick Bryant belə hesab edir.

Trump-ın özü bu həftə iddia edib ki (yenə "Twitter" vasitəsilə), onda "bir ədəd də olsun irqçi sümük" yoxdur.

Sadəcə səfərbərlik

Digər şərhçilərsə Trump-ın hərəkətlərinə bir qədər fərqli məzmun qatırlar: onlar hesab edirlər ki, bu cür bəyanatlar və qalmaqallar vasitəsilə o öz "nüvə" elektoratını səfərbər edir.

"Bu elektorata müraciət indiyə qədər effektli olub. Trump düz hərəkət edirmi? Mənəvi baxımdan belə davranış çirkin və iyrəncdir, amma bu ona ziyan vuracaqmı? Bilmirəm" - amerikalı sosioloq John Zogby belə deyir.

Qırmızı xəttə yaxın olan və hətta onu keçən bəyanatlar elektoratın bir hissəsini səfərbər etsə də, digər hissəsini itələyə bilər.


Anthony Scaramucci ümumən Trump-ı dəstəkləyir, amma ksenofob hücumlarına görə qınayır

"Trump bilir ki, bu onun seçicisinin xoşuna gəlir. Amma iqtisadiyyatın inkişafından çox məmnun olsa da, prezidentin Twitter-dəki irqçi hücumlarını bəyənməyən orta mövqeli resbublikaçıların seçkidə buna necə reaksiya verəcəkləri sual altındadır" - BBC-nin Washington müxbiri Nik Brayant belə deyir.

Öz elektoratını səfərbər etmək və demokratları nüfuzdan salmaq - bu, bir sualın iki tərəfidir.

"Belə mövqe amerikalıları sosializm istəyən və ABŞ-a nifrət edənlərlə ölkəni sevənlər arasındakı fərqi görməyə məcbur edir. İnsanları həm də bu səfərbər edir. Yəni bu, Trump-ın strategiyasıdır. Onun stili çoxlarının xoşuna gəlmir, buna baxmayaraq onu birmənalı şəkildə dəstəkləyirlər" - Respublikaçılar Partiyasının nümayəndəsi, Trump-ın tərəfdarlarından olan Jan Halper-Hayes çərşənbə günü BBC-nin teleefirində belə deyib.

"Ipos" şirkərinin "Reuters" agentliyinin sifarişiylə bazarertəsi keçirdiyi sorğunun nəticələrindən məlum olub ki, qalmaqaldan sonra Respublikaçılar Partiyasının üzvləri arasında Trump-ın populyarlığı 5 pillə artaraq 72 faizə çatıb.

Onun demokratlar və bitərəflər arasındakı təqdir reytinqi işə aşağı düşüb.

"Hər halda, Trump-da irqçilik var"

Trump-ın siyasi rəqibləri və tənqidçiləri israr edirlər ki, prezidentin hiyləgər strategiyası haqqında deyilənlərə baxmayaraq ürəyinin dərinliyində o, həqiqətən də irqçi və ksenofobdur.

Onlar xatırladırlar ki, Trump siyasi fəaliyyətinə Barak Obama-nın Keniyada doğulduğunu iddia edənlərə qoşulmaqla başlayıb, sonra seçki kampaniyasını meksikalılardan siklopik divarla qorunmaq vədi üzərində qurub, prezident olandan dərhal sonra 20-dən çox müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişini qadağan edib və bu gün də eyni ruhda davam edir.

Nümayəndələr Palatasında demokratların səs çoxluğuyla qəbul edilmiş qərarda Trump-ın bəyanatı birbaşa "irqçilik" adlandırılıb.

"Mən irqçiliyi ilk baxışdan sezirəm. Mən onu hiss edirəm. Hakimiyyətin yuxarı eşelonunda irqçiliyə yer yoxdur. İrqçilik zorakılıq toxumları səpir, arzuları və ümidləri öldürür. Dünya bizə dəhşət və çaşqınlıq içində baxır, çünki biz, deyəsən, yolumuzu azmışıq - millət kimi, böyük və qürurlu xalq kimi" - 79 yaşlı qaradərili konqresmen-demokrat, qaradərili amerikalıların hüquqları uğrunda mübarizənin veteranlarından biri John Lewis qərarın müzakirəsi zamanı belə deyib.

Hətta Trump-ı dəstəkləyənlərin bəziləri də onun son sözlərini qırmızı xətti keçmək kimi dəyərləndirirlər.

Trump-ın əslində irqçi olmadığını iddia edən Anthony Scaramucci 2017-ci ildə Ağ evin kommunikasiyalar üzrə direktoru təyin ediləndən 11 gün sonra vəzifəsindən azad edilib, amma hələ də onun tərəfdarı olduğunu deyir.

Bununla belə, Scaramucci Trump-ın dörd demokrat qadına hücumunu qınayır: "Nəyin bahasına olursa-olsun, qələbə olsun - bu, doğru yanaşma deyil. Axı, sən azad dünyanın liderisən, sən hər bir vətəndaşın müdafiəçisi olmalısan! Mən bunu pis strategiya hesab edirəm".

O, kommunikasiyalar üzrə direktor olduğu dönəmdə bunları Trump-a deyərdimi sualına Scaramucci belə cavab verib: "Deyərdim və dərhal da işdən çıxarılardım. Çünki o, heç kimə qulaq asmır və insanlar mənim indicə sizə söylədiklərimi ona deməyə qorxurlar".

Mənbə: BBC