Siyasət 17:40 14.10.2021

İşğal dövründə torpaqlarımızın talanı: Tehran beynəlxalq məhkəməyə verilə bilər

"İranın işğal dövründə torpaqlarımızın talan edilməsində iştirakı təsdiqini taparsa, bu amilin özü onu beynəlxalq məhkəməyə vermək üçün siyasi, hüquqi vasitələrin işə salınmasını zəruri edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Tehranın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərimizdə yerləşən mülklərin talan edilməsində iştirakı sübut olunarsa, onun beynəlxalq məhkəməyə verilməsi perspektivindən danışarkən deyib:

"İran vaxtilə Ermənistanın işğal etdiyi torpaqlarımızın talan edilməsində iştirak edibsə, bu onun işğalda iştirak etməsi anlamına gəlir. Bununla bağlı olaraq İranı beynəlxalq məhkəməyə verib, ondan müvafiq kompensasiyanın alınmasını tələb etmək olar. Amma bununla bağlı aydın sübutlar olmalıdır. Bilirik ki, İran Azərbaycan ərazisinin, xüsusən də Zəngilan, Qubadlı, Füzuli və Cəbrayılın talan edilməsində birbaşa iştirak edib. Bir sıra erməni saytlarında da həmin talanda hansı İran şirkətlərinin iştirak etdiyi barədə məlumatlar var”. 
 

 
Həmsöhbətimiz bildirir ki, məsələni BMT Təhlükəsizlik Şurasında qaldırmalı və Tehranı kompensasiya tələbilə beynəlxalq ədalət məhkəməsinə verməliyik:
"Bu məsələləri diqqətlə öyrənib, araşdırıb, toplayıb məsələni müvafiq beynəlxalq qurumlar qarşısında qaldıra bilərik. Məsələni həm BMT-nin Təhlükəsizlik Şurasında qaldırmalı, həm də beynəlxalq ədalət məhkəməsinə müraciət etməliyik. Cənub ölkəsinin işğal dövründə ərazilərimizin talan edilməsində iştirak etməsi təsdiqini taparsa, bu amilin özü onu beynəlxalq məhkəməyə vermək üçün siyasi, hüquqi vasitələrin işə salınmasını zəruri edir”.

Hüquqşünasın fikrincə, İranın Azərbaycana yönəlik hazırkı təhdidləri ilə bağlı məsələni də BMT qarşısında qaldırmaq mümkündür: 

"Proses göstərir ki, qarşısı alınmasa, İran bölgə üçün təhlükəli faktora çevriləcək. İran əslində terrorçuların hazırlıq məkanıdır. Tehran Azərbaycan torpaqlarının talan edilməsində Ermənistanla birgə iştirak edib. Hətta bir sıra hallarda işğaldakı torpaqlarda olan bütöv mülkiyyət, əmlak tamamilə İrana daşınıb. Bu barədə yetərli məlumatlar var. Ümid edirəm ki, müvafiq strukturlarda bu məlumatlar toplanıb”. 

Rüfət Sultan