Amerika təhsilli məzunların təşəbbüsü və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 1-6 sentyabr tarixlərində “Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsi” təşkil edilib.
"Qaynarinfo"nun məlumatına görə, düşərgənin həyata keçirilməsində məqsəd məktəbli gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığının artırılması və onlara biznes bacarıqlarının aşılanmasıdır. Düşərgədə gənclərə icma problemlərinin üzə çıxarılması və onların biznes xarakterli həll yollarının tapılması, startapların yaradılması və idarə edilməsi, proqramlaşdırma, elektronika mühəndisliyi və bizneslərin maliyyə mənbələrinə çıxışı mövzularında təlimlər keçirilib.
Eyni zamanda, düşərgə müddətində iştirakçılarla liderlik, ətraf mühit, gender və şəxsi inkişaf haqqında müzakirələr aparılıb. Həmçinin iştirakçılar Amerika təhsilli məzunların mentorluğu altında öz biznes ideyalarını formalaşdıraraq, bu ideyaların yaşadıqları icmalarda tətbiqi yolları haqqında da məlumatlandırılıblar.
Düşərgə müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli oyunlar - futbol, volleybol, basketbol, haykinq təşkil olunub və komanda ruhunun gücləndirilməsi istiqamətində fərqli fəaliyyətlər həyata keçirilib. İştirakçıların davamlı əlaqədə olması, qazandıqları yeni bilik və təcrübələri bir-birilə bölüşməsi, birgə yaradıcı təşəbbüslərlə çıxış etməsi və uğur hekayələrini paylaşması üçün düşərgənin Facebook səhifəsi yaradılıb.
Qeyd edək ki, düşərgənin fəaliyyəti ilə yaxından tanış olmaq və iştirakçı gənclərə öz dəstəyinizi bildirmək üçün Facebook-da “Azerbaijan Boys Innovation Camp” səhifəsinə daxil ola bilərsiniz.
Qaynarinfo.Az
Şərhlər