Xəbər lenti

İsveçdə
Dünya 16:57 09.07.2025

İsveçdə "fitness" qalmaqalı: Baş nazirin bütün addımları ifşa edildi

Populyar "Strava" fitness tətbiqinin istifadəçiləri vasitəsilə İsveç baş naziri Ulf Kristerssonun fiziki fəaliyyətləri və hərəkət marşrutları ictimaiyyətə açıq şəkildə yayımlanıb. 

Qaynarinfo xəbər verir ki, İsveçin aparıcı qəzetlərindən "Dagens Nyheter"in məlumatına görə, "Strava" platformasında ən azı 35 paylaşım vasitəsilə Kristerssonun harada qaçdığı, gecə saatlarında xarici səfərləri və şəxsi həyatına dair bir çox detal istifadəçilər üçün əlçatan olub. Bu, əslində məxfi saxlanmalı olan informasiyanın açıq şəkildə yayıldığını göstərir.

Oxşar hallar ölkənin digər yüksək rütbəli şəxsləri ilə də yaşanıb. İsveç kral ailəsinin üzvləri, keçmiş baş nazir Maqdalena Andersson və hökumət tərəfdarı olan İsveç Demokratları Partiyasının lideri Yimmi Okessonun da yer və hərəkət məlumatları fitness tətbiqinə yüklənib. Bu fakt ölkədə təhlükəsizlik protokollarının effektivliyi ilə bağlı suallar yaradıb.



Qəzetin araşdırmasına görə, Kristersson Norveçin Budo şəhərində Norveç baş naziri Yunas Qar Stor və Finlandiyanın prezidenti Aleksandr Stubb ilə rəsmi görüşlər keçirərkən, onun şəxsi mühafizəçisinin "Strava" tətbiqində qaçış marşrutunu paylaşdığı aşkarlanıb. Daha sonra Kristerssonun sosial şəbəkələrdə üç baş nazirin birlikdə qaçdığı fotonu paylaşması bu məlumatları təsdiqləyib.

Baş verənlər İsveçdə təhlükəsizlik strukturlarının rəqəmsal platformalarda daha diqqətli davranmalı olduğu barədə çağırışlara səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu cür məxfi məlumatların yayımlanmasının qarşısını almaq üçün dövlət əməkdaşlarının sosial media və digər rəqəmsal tətbiqlərdəki paylaşımlarına ciddi məhdudiyyətlər tətbiq olunmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->