Xəbər lenti

İtaliyada ilboyu rahat yaşamaq üçün ən ideal şəhər açıqlandı
Dünya 12:20 26.06.2026

İtaliyada ilboyu rahat yaşamaq üçün ən ideal şəhər açıqlandı

Günəşli hava, həddindən artıq isti və soyuğu tarazlaşdıran dəniz küləkləri, eləcə də Afrikadan gələn yandırıcı istilərin nisbətən az hiss olunması Ankonanı İtaliyada iqlim baxımından yaşamaq üçün ən rahat şəhər edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "HotNews” nəşri İtaliyanın "ANSA” agentliyinə istinadən məlumat yayıb.

Reytinqdə Ankonadan sonra İtaliyanın cənubunda yerləşən dörd şəhər qərarlaşıb. Bunlar Bari, Vibo-Valensiya, Brindizi və Trapani şəhərləridir.

Buna qarşılıq olaraq, xüsusilə Po vadisində yerləşən iri şəhərlər və şimal bölgələrinin şəhərləri daha zəif nəticələr göstərib.



Artan temperatur sahilyanı şəhərləri daha cəlbedici edir

"2025-ci il üzrə ümumi reytinq 2000-ci ildən bəri getdikcə daha aydın görünən tendensiyanı təsdiqləyir: İtaliyada ən əlverişli iqlim sahilyanı şəhərlərdə müşahidə olunur. Bu, Liquriya sahillərindən başlayaraq bütün Adriatik sahillərinə və böyük adalara qədər uzanır. Qlobal istiləşmə fonunda İtaliyanın 8 min kilometrlik sahil xətti istidən sığınacaq rolunu oynayır, baxmayaraq ki, yay gecələri artıq dəniz sahillərində də daha boğucu olur”, deyə "iLMeteo.it” portalının meteoroloqu və media əlaqələri üzrə nümayəndəsi Lorenso Tediçi bildirib.

Məlumata görə, iqlim komfortu indeksi İtaliyanın əyalət mərkəzləri olan şəhərlərində toplanmış və təhlil edilmiş 400 milyondan çox meteoroloji məlumat əsasında hazırlanıb.



Qiymətləndirmə zamanı 17 müxtəlif göstərici nəzərə alınıb. Bunlara şaxtalı günlərin sayı, isti hava dalğaları və digər meteoroloji amillər daxildir.

"Son illərdə İqlim Dayanıqlılığı İndeksi vacib bir məsələyə diqqət çəkir: iqlimin cəmiyyətə təsiri getdikcə artır. Hava proqnozları və iqlim dəyişikliklərinin təhlili artıq təkcə meteorologiya deyil, həm də insanların və ərazilərin məruz qaldığı prosesləri daha yaxşı anlamaq deməkdir”, deyə "iLMeteo.it” portalının rəhbəri Emanuele Kolli qeyd edib.

Aydın
--> -->