Dünya 14:16 21.10.2018

Jurnalistin qətlinə görə hamının üz döndərdiyi Səudiyyəyə 7 ölkədən dəstək

Jurnalist Camal Qaşıqçının öldürülməsində ittiham edilən Səudiyyə Ərəbistanı hökümətinə 7 ölkə və Ərəb Birliyindən dəstək gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fələstin, Yəmən, Cibuti və İordaniya rəsmiləri açıqlamalarında Səudiyyə Kralı Salman ibn Əbdüləzizə dəstək olduqlarını bildirib. 

Misir xarici işlər nazirliyindən edilən yazılı açıqlamada Qaşıqçı ilə əlaqədar təhqiqat prosesindən məmnun olduqlarını bildirilib.

Birləşmiş Ərəb Əmirlikləri Kral Salmanın qərarlarını tərifə layiq adlandırıb.

Fələstinin xəbər agentliyi "WAFA" Kral Salman və vəliəh şahzadə Məhəmməd bin Salmanın idarə etdiyi Səudiyyəni ədalət və qanun dövləti adlandırıb. 

Yəmən höküməti Səudiyyənin vətəndaşlarının təhlükəsizliyi və ictimaiyyətə həqiqətlərin çatdırılması məsələsində həssas davrandığını vurğulayıb. Cibuti də oxşar açıqlama ilə çıxış edərək Kral Salmanın Qaşıqçının öldürülməsi ilə bağlı həqiqətlərin ortaya çıxmasında nümayiş etdirdiyi diqqəti tərifə layiq adlandırıb.

İordaniya məsələnin ortaya çıxarılması və səbəbkarların cəzalandırılmasının vacibliyini vurğulayaraq rəsmi ər-Riyadın yanında olduğunu bildirib.

Ərəb Birliyi təhqiqat prosesini tərifləyərək Qaşıqçı ailəsinə başsağlığı verib. Birlik həmçinin məsələnin siyasiləşdirilməsi və Səudiyyə Ərəbistanına sanksiyaların tətbiqinə qarşı olduğunu deyib.

Daha əvvəl isə İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Parlamenti də Səudiyyəyə dəstək açıqlamaları ilə çıxış etmişdi.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbulda yerləşən konsulluğunda itkin düşüb. Türk polisi Qaşıqçının Səudiyyəli şəxslər tərəfindən öldürüldüyünü bildirir. 

Gülşən