ABŞ-ın Kaliforniya ştatında şərabçılıq bölgəsində bazar günü başlayan yanğını söndürmək hələ də mümkün olmayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 100 min hektarı əhatə edən yanğında bu günə qədər 15 nəfər ölüb, 150 nəfər itkin düşüb, 100 nəfər isə xəstəxanalara yerləşdirilib. Çox sayda ev, iş yeri, şərab emalatxanası yanaraq külə dönüb.
25 min nəfər hadisə yerindən təxliyyə edilib, 5 min nəfər isə sığınacaqlara yerləşdirilib.
Küləyin təsirilə yayılan və üzüm bağlarını külə çevirən yanğın 650-dən çox şərab emalatxasınının yerləşdiyi Napa və Sonoma bölgələrinə ciddi zərər verib. Yanğın nəticəsində Kaliforniyanın şərab sənayesinə və iqtisadiyyatına milyardlarla zərər dəydiyi bildirilir.
Yanğını söndürmək üçün "Neptune P2V" bombardman təyyarələri əraziyə göndərilib.
Qeyd edək ki, ABŞ-da bu il baş verən meşə yanğınları nəticəsində ölkəyə 2 milyard dollar zərər dəyib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər