Ekonomiks 15:40 09.09.2019

Kanadada işə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi (İDDİA)

Redaksiyamıza xarici ölkədə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq mənimsəyən şəxs haqda məlumat daxil olub.  

Bakı sakinləri Aqşin MəmmədovXanrza Rzayev Qaynarinfo-ya müraciət edərək dələduzluğa məruz qaldıqlarını bildiriblər: 

"Mart ayında mən və dostum Xanrza Xətai rayonundakı "Azurpark"ın binasının 12-ci mərtbəsində 74-cü otaqda yerləşən "Study in Turkey" şirkətinə Kanadaya işçi vizası ilə bağlı yaxınlaşdıq. Bizi oranın əməkdaşı İmanov Zərbalı qəbul etdi. Bu adamla 1 həftəyə yaxın yazışdıq, görüşdük. Həmin ofis indi də fəaliyyət göstərir. İşçiləri də ora nə üçün gəldiyimizi gözəl bilirlər. Son nəticədə pulu həmin adama verdik və müqavilə bağladıq. Orda fors-major hallara qədər qeyd olunub. O adamın möhürü, qolu, kassa mədaxil orderi də var. Məbləğ də qeyd olunub. Məndən 6000, Xanrzadan 9700 manat alıb. Bununla bağlı Xətai rayon 27-ci polis bölməsinə, Xətai rayon polis idarəsinə, Bakı polis İdarəsinə, prokurorluğa məktub yazmışıq. Tək bircə cavab gəlib ki, bu mülki işdi, dələduzluq faktı deyil. Halbuki bu adam bir neçə nəfərə qarşı bunu edib. Bunu da vəkillərdən,  hüquqşünasılardan maraqlanmışam dələduzluq faktıdı".