Fevralın 2-dən 4-dək Rusiyanın Soçi şəhərində Karate üzrə Avropa çempionatı keçirilib.
Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, milli komandamızın da qatıldığı yarışda 44 ölkədən minə yaxın idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Ölkəmiz qitə çempionatında ön pillədə yer alıb.
Milli komandanın tərkibində DİN İdman Cəmiyyətinin yetirməsi Hüseyn Alıyev də qələbə uğrunda mübarizə aparıb. Çəkisi 67 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən H.Alıyev finala gedən yolda Niderland, Şotland, Kosova, Bosniya və Herseqovina idmançılarına qalib gəlib. Həlledici görüşdə Macarıstan karateçisi ilə qarşılaşan idmançımız qitə çempionu olub.
H.Alıyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yetirməsinin bu uğurunu şərh edərkən bildirib ki, karateçimiz daha mötəbər yarışlara hazırdır və onun potensialı daha böyük gözləntilərə ümid verir. Məşqçi, həmçinin, yetirməsinin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasında iştirak edəcəyini qeyd edib.
Şərhlər