Ölkə 10:52 20.04.2021

Köçkünlərin öz ata-baba yurdlarına qayıtması bundan sonra reallaşacaq - Deputat

"Hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, işğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq:
 
 
 

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq. Eyni zamanda qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz”.
Vüqar Bayramov qeyd edib ki, 4 mərhələli qayıdış planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir:

"Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”.
 
Alpər