Ölkə 14:13 26.01.2022

Eks deputatın qardaşına 8 milyonluq ittiham - Elşən Cəbrayılovla bağlı müraciət niyə araşdırılmır?

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə mərhum keçmiş deputat Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. 

Rəfael Cəbrayılov ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika”da dünyasını dəyişib. Keçmiş deputatın ölümündən sonra məhkəmədə onun hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil olunur. 

Xanım Cəbrayılovanın vəkili Vüqar Kazımov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sabah keçiriləcək məhkəmə prosesində Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun dindirilməsi davam edəcək: 

"Sabah keçiriləcək prosesdə Elşən Cəbrayılovun bu cinayətdəki rolu araşdırılacaq. Zərərçəkmişlər əmindirlər ki, o, məsuliyyətə cəlb olunmalıdır. Onların fikrincə, istintaq müddətində Elşən Cəbrayılov əsassız olaraq cinayət məsuliyyətindən kənarda saxlanılıb. Elşən Cəbrayılov ötən prosesdə iştirak edib. Lakin onun dindirilməsi başa çatmayıb. Vəkillərin bəziləri suallarını verib, bəziləri qalıb. Həmçinin Elşən Cəbrayılov zərərçəkənlərin də suallarını cavablandırmayıb”.

Vüqar Kazımovun sözlərinə görə, Elşən Cəbrayılovun vergi cinayəti də baxılmamış qalıb. Bu barədə mərhum Rafael Cəbrayılov hələ istintaq dövründə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat vergidən yayındığı qeyd olunub:

"Aidə xanım bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmişdi. Yəni, məsələ nə yerdədir deyə. Oradan cavab verilmişdi ki, materiallar araşdılışması üçün Dövlət Vergi Xidmətinə göndərilib. Lakin Dövlət Vergi Xidmətindən Aidə xanımın sorğusuna cavab verilib ki, onlara heç material göndərilməyib. Ona görə də Aidə xanım Baş prokurora müraciət etdi. Bu dəfə isə həmin müraciəti məhkəməyə göndəriblər. Halbuki, məhkəmin bu işə baxmağa səlahiyyəti yoxdur. Cinayət Prosessual Məcəllənin 318-ci maddəsinə məhkəmə işə yalnız verilmiş ittiham çərçivəsində baxa bilər. Bununla bağlı hər hansı ittiham yoxdur. Əslində məhkəmə həmin müraciəti yenidən Baş Prokurorluğa göndərməlidir. Onlar araşdırıb hüquqi qiymət verməlidir. Lakin bunu etmirlər. Mən sabah keçiriləcək məhkəmədə bu məsələni də qaldıracam”.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?